Toyu televiziyada canlı yayımlanan “İmperator”: “O gecə 6 qızla yatdım...” - SİRLİ ULDUZLAR
19 mart 2020 19:00 (UTC +04:00)

Toyu televiziyada canlı yayımlanan “İmperator”: “O gecə 6 qızla yatdım...” - SİRLİ ULDUZLAR

Olduqca xarizmatikdir. Futbola yeni başladığı dövrdən belə olub. İlk addımlarını atdığı vaxtdan özünə hörmət qazanmağı bacarıb. İllər keçdikcə həm xarizması, həm da şan-şöhrəti artıb. Amma heç vaxt evi adlandırdığı doğma komandasına xəyanət etməyib. 25 il bir klubun şərəfini qorumuş şəxsdən bəhs edirik. O, sıradan biri deyil, o, romalılar tərəfindən “İmperator” ləqəbinə layiq görülmüş, dahi Françesko Tottidir...
785 oyun, 307 qol, 128 assist. Bu, onun 1992-2017-ci illər ərzində “Roma”da sərgilədiyi performansının göstəricisidir. Futbolçu karyerasını 41 yaşında bitirən “10 nömrə” İtaliya yığmasında isə 58 matçda 9 qola imza atıb. İtaliya və dünya çempionunun keçdiyi ömür yolu maraqlı olmaya bilməz...

“Tez-tez gözümün önünə həmin anlar gəlir”

Françesko 1976-cı il sentyabrın 27-də Romada anadan olub. Atası Lorentso bankda işləyirdi, anası Fiorella isə evdar qadın idi. Azyaşlı Totti əvvəlcə böyüyəndə yanacaqdoldurma məntəqəsində işləməyi arzu edirmiş. Lakin çox keçmir ki, onda futbola sevgi yaranır və gələcəkdə futbolçu olmağın xəyallarını qurmağa başlayır. Təbii ki, bunda valideynlərinin qatı “Roma” azarkeşi olmasının da böyük rolu var idi. “1980-ci illərdə "Roma"nın hər oyununa televiziya vasitəsilə baxmaq mümkün deyildi. Yadımdadır, 7 yaşım olanda atam "Stadio Olimpiko"ya bilet almışdı. İlk dəfə həmin görüşdə "canavarlar"ı canlı seyr edə bildim. Tez-tez gözümün önünə həmin anlar gəlir, hər şeyi yaxşı xatırlayıram. Hisslərimi ancaq bir sözlə ifadə edə bilərəm: “Bellissimo”. Futbola aşiq idim. Yaşadığım San-Covanni rayonunda kimsə məni topsuz görə bilməzdi”, - futbola olan uşaqlıq sevgisindən danışır Totti.

“Qəzetdəki şəkillərini kəsib saxlayırdım”

Oğlundakı marağı görən atası Lorentso onu futbola yazdırır. Bu, Françeskonun çox ürəyincə olur: “Mən də, qardaşım da böyüyəndə futbolçu olmaq istəyirdik. Çünki o, bizim üçün bir oyundan artıq idi. Uşaq ikən "Roma"nın kapitanı Cüzeppe Canninini özümə kumir seçmişdim. Evimizdə onun plakatı var idi, bundan əlavə qəzetdəki şəkillərini kəsib özümdə saxlayırdım. O, əsl simvol idi. Romadan çıxmış adi bir uşaq böyük klubun kapitanı olmuşdu. İllər sonra mən də həmin yolu keçəcəkdim”.

“Onu mənə yadigar qoyub”

7 yaşında “Fortitudo”da məşq etməyə başlayan Totti sonra “Smit Trastevere”, ardınca isə “Lodijani” komandalarının formasını geyinir. “Lodijani”də yüksək texnika, driblinq bacarığı nümayiş etdirən 12 yaşlı Françesko qısa zamanda böyük klubların diqqətini çəkə bilir. Bir gün evlərinin qapısı döyülür: “Qapını anam Fiorella açdı. Gələnlər karyeramı tamamilə dəyişə bilərdilər. Onlar idman menecerləri idi, ancaq "Roma"nı yox, "Milan"ı təmsil edirdilər, mənim “qırmızı-qaralar”a keçməyimi istəyirdilər. Bunun qarşılığında yüksək məbləğ ödəməyə hazır idilər. Romalı oğlan uşaqlarının iki variantı olur: ya “Roma”, ya da “Latsio” forması geyinmək. Bizim ailədə ancaq bir seçim mümkün idi. Əfsuslar olsun ki, babamı xatırlamıram, mən kiçik olanda dünyasını dəyişib. Ancaq o, mənə böyük hədiyyə yadigar qoyub. Xoşbəxtlikdən, babam Canluka qatı "Roma" azarkeşi olub, bu sevgini sonra atama ötürüb. O isə öz növbəsində "Roma" sevgisini mənə və qardaşıma aşılayıb. "Roma" bizim üçün bir futbol klubundan həmişə böyük olub. "Roma" ailəmizin, qanımızın, ruhumuzun bir parçasıdır”.

“Anamdan "Yox, olmaz!" cavabını eşitdilər”

Təbii ki, “Milan”ın təklifi rədd edilir, özü də son sözü Françeskonun anası deyir: “Anamın həmişə sözü keçib. Bütün italyan anaları kimi, o da mühafizəkar, övladlarının qeydinə qalan olub. "Milan"dan təklif gələndə evdən getməyimi istəmədi. Çünki gedəcəyim təqdirdə başıma pis hadisənin gələcəyindən ehtiyatlanırdı. Buna görə də qapının ağzında dayananlara qəti şəkildə "Yox, olmaz!" cavabını verdi. Böyük futbolda ata biləcəyim ilk addıma evimizin xanımı mane oldu. Əslində "Milan"ın təklifini qəbul etməmək asan deyildi. Çünki razılıq verəcəyimiz halda o yaşda yaxşı pullar qazana, ailəmizin maddi vəziyyətini xeyli yaxşılaşdıra bilərdim. Ancaq həmin gün mənim üçün böyük dərs oldu. Anam başa saldı ki, həyatda ən vacib şey evdir”.

“Soyuq havada saatlarla məşqdən çıxmağımı gözləyirdi”

Uşaq yaşlarından meydanda ürək qoyan, qorxmadan futbol oynayan Totti az sonra “Roma”nın skautları tərəfindən bəyənilir və klubun akademiyasına cəlb edilir. Bu zaman valideynləri ona diqqəti bir qədər də artırırlar. “Karyeramda verdiyim qərarlarda anam həmişə mənə kömək olub. Futbol həyatımın ilk illəri valideynlərim, xüsusilə anam üçün çətin keçib. Məhz o, həftəiçi məni məşqə aparırdı, havanın yağışlı, soyuq olmasına baxmayaraq, saatlarla məşqdən çıxmağımı gözləyirdi. Arzularımın reallaşması üçün bütün əziyyətlərə qatlaşırdı. Həftəsonu baş tutan oyunlarımıza isə məni atam aparırdı”, - həmin anları yada salır Françesko.

“İnkişaf etmirdim, balaca qalmışdım”

Totti istedadı ilə göz oxşasa da, uşaq vaxtı çox çəlimsiz olub: “13 yaşımda nə qədər yesəm də, inkişaf etmirdim, balaca qalmışdım. Buna görə də tez-tez həkim yanına gedirdim. Sonra nə baş verdisə, birdən-birə böyüdüm. Məncə, bu, Tanrının istəyi ilə oldu. Uşaq vaxtı kilsə məktəbinə gedib dua edirdim”.

“Əlini alnıma qoyub öpdü...”

Həmin ərəfədə Françeskonun həyatında heç vaxt unutmayacağı əlamətdar hadisə baş verir: o, Roma Papası II İohann Pavellə görüşür: “Məktəbdə oxuyurdum, Roma Papası ilə görüşə getmişdik. Görüş bitəndən sonra mənə yaxınlaşdı və əlini alnıma qoyub öpdü. Bu, taleyin əlaməti idi. Həmin an onun böyük enerjisinin mənə necə ötürüldüyünü hiss etdim. Buna görə həmişə ona minnətdar olacağam”.

“Anamın sözünü xatırlayıb “Real”a “yox” dedim”

28 mart, 1993-cü il. 16 yaş 6 aylıq Totti “Roma”nın əsas komandasında debüt matçına çıxır. “Canavarlar” həmin görüşdə “Breşiya” üzərində 2:0 hesablı qələbə qazanırlar. “İlk oyunumu heç vaxt unutmaram. Həmin an qürur hissi keçirdim. Axı öz evim, babam, ailəm üçün meydana çıxırdım. “Roma”nın formasını geyindiyim 25 il ərzində həmişə fəxr hissi keçirmişəm”, - deyir Totti.
İllər keçdikcə Totti daha güclü futbolçuya və “Roma”nın liderinə çevrilir. 2000-ci illərin əvvəllərində ulduzları heyətinə qatan Madrid “Real”ı Françeskoya da təklif göndərir, ancaq Totti yenə “Roma”ya sadiq qalmağı seçir: “Real” israrla məni heyətində görmək istəyirdi. Həmin dövrün ən güclü komandasına keçmək şansım var idi. Fikirləşdim, anamın “Həyatda ən vacib şey evdir” sözlərini yadıma salaraq təklifə “yox” dedim. Sonrakı illərdə də müxtəlif nəhəng klublardan dəvət aldım, amma yenə qalmağı üstün tutdum. Bir gecədə 6 qızla yatdım, hamısını bir-biri ilə aldatdım, amma "Roma"ya heç vaxt xəyanət etmədim".

“Latsio” azarkeşi ilə evlənir

2005-ci ildə Françesko gecə klubunda teleaparıcı və model İlari Blazi ilə tanış olur. İlari “Latsio”ya azarkeşlik etsə də, Françeskonun görüş təklifini geri çevirmir. Getdikcə münasibətləri daha da istiləşir. Bir-birinə aşiq olan cütlüyün elə həmin il toy mərasimi baş tutur. Totti və Blazinin toyu televiziya vasitəsilə canlı yayımlanır, mərasimi 1,3 milyon insan izləyir. Toydan yığılan vəsait xeyriyyə işlərinə xərclənir. 2005-ci il noyabrın 6-da Françesko ilk dəfə ata olur, oğlu Kristian dünyaya gəlir. İki il sonra, mayın 13-də isə cütlüyün qızı - Şanel doğulur. Üstündən xeyli müddət keçəndən sonra - 2016-cı il, martın 10-da isə Totti 3-cü dəfə ata olur. Xanımı Blazi ona ikinci qız övladını - İzabeli bəxş edir.

“Həyatımda ilk dəfə panikanın nə olduğunu hiss etdim”

19 fevral, 2006-cı il. Bu tarixi Totti heç vaxt unutmur. “Empoli” ilə görüşdə ağır zədə alır və yayda keçiriləcək dünya çempionatını buraxmaq təhlükəsi ilə üzləşir: “6-cı dəqiqə. Rəqib futbolçu Vanilyi meydanın mərkəzində arxadan ayağıma zərbə endirir. Sol ayağımı qazona basıb irəli getməsəydim, adi zədə olardı. Yıxılanda qorxulu xəsarət aldığımı anladım. Həyatımda ilk dəfə panikanın nə olduğunu hiss etdim. Çox qorxdum, əsl kabus yaşadım. Bir anda hər şeyin bitdiyini düşündüm. Sonra mənə dedilər ki, həmin anda ağlamışam və Vanilyinin üstünə qışqırmışam. Bir dəqiqə ərzində özümü itirdim, ətrafımda nələrin baş verdiyini anlamadım. Həkimlərimiz mənə sarı qaçdılar və onlara qışqıraraq dedim: “Ayağımı sındırdım!” Məni təcili yardım maşını ilə xəstəxanaya apardılar. 2 saat 15 dəqiqəlik əməliyyat keçirdim. Həkim dedi ki, bərpa prosesi uzun və ağır keçəcək, amma sənin orqanizminə bələdəm, dünya çempionatına gedəcəksən".

“Finaldan öncə səhərə qədər kart oynadıq”

Həkimin proqnozu düz çıxır, Totti İtaliya yığmasının mundiala yollanan heyətində yer alır. “Skuadra Adzurra” DÇ-2006-nın finalına çıxır. Kuboku qazanmaq üçün həlledici görüşdə Fransa millisinə qalib gəlmək lazım idi. “Səhərigün final matçına çıxacaqdıq. Gecəyarısı otağımın qapısı döyüldü. Gördüm ki, gələn Cennaro Qattuzodur. Məndən nə etdiyimi soruşdu. "Heç nə, yata bilmirəm" cavabını verdim. Kart oynamağı təklif etdi. Təəccüb içində "Anormalsan? Gecəyarıdır!" dedim. "Olsun da, onsuz da yata bilmirik" cavabını eşitdim. Səhər saat 6-ya qədər kart oynadıq. Otağımızın qapısı açıq idi. Digər yoldaşlarımızın da yatmadığını, çoxunun “PlayStation” oynadığını eşidirdik”, - finaldan əvvəlki gecəni yada salır Totti.
Gecə yatmasalar da, səhəri gün şans italyanların üzünə gülür. Bir neçə ay öncə mundialı buraxmaq təhlükəsi ilə üzləşən Totti dünya çempionu olur!

“Mənə görə 1 həftə artıq həbsdə qalmışdı”

Bir gün Totti də daxil olmaqla, “Roma” və “Latsio” klublarının futbolçuları "Rebibbiya" həbsxanasına yollanırlar. “İmperator” türmədə çox maraqlı hadisə ilə üzləşir: “Bizi görən məhbuslar o qədər xoşbəxt idi ki... Sanki onların ziyarətinə Roma Papası gəlmişdi. Növbə ilə hər birinə avtoqraf verirdik. Birdən bir nəfər qışqırmağa başladı, bizə yaxınlaşmağa çalışdı. O, mənimlə şəkil çəkdirməyi çox istəyirdi. Amma niyə bu qədər israrlı olduğunu başa düşmürdüm. Sonra məlum oldu ki, həmin oğlan 1 həftə öncə azadlığa çıxmalıymış. Ancaq mənim ora gələcəyimi biləndən sonra həbsxana administrasiyasından daha 1 həftə orda qalmağı xahiş edib. Onlara deyib: "Əgər dediyimlə razılaşmasanız, həbsdən çıxan kimi ağlagəlməyən dəlilik edərək, geri qayıdacağam". İstəyini yerinə yetirmişdilər”.

“Bunu övladlarıma necə izah edə bilərdim?”

2017-ci ilin mayında “İmperator”un 25 illik “Roma” karyerası bitir. O, futbolçu karyerasına doğma klubunda son qoyur. İtaliya çempionatının 38-ci turunda “Cenoa” ilə görüş Tottinin son oyunu olur...
“Məni adətlərin, vərdişlərin adamı da adlandırmaq olar. “Roma”da keçirdiyim oyunlar, məşqlər, paltardəyişmə otağı üçün çox darıxıram. Belə olacağını karyeramı bitirməmişdən əvvəl də bilirdim. Bəlkə də nə vaxtsa “Roma”nın baş məşqisi olacağam, yenidən həmin hissləri yaşayacağam. İndinin özündə də nəyə görə bütün karyeramı "Roma"ya həsr etməyimlə bağlı sual verirlər. Roma şəhəri və “Roma” klubu mənim üçün bütün dünya deməkdir. Həyatımın sonuna qədər də belə olacaq. Başqa kluba keçsəydim, bunu övladlarımın gözünə baxaraq, necə izah edə bilərdim? "Roma"nın formasını geyinmək mənim üçün "Qızıl top"u qazanmaqdan dəyərlidir”, - deyir Totti.

“Dəli olsa da, güclü futbolçu idi”

“İmperator” karyerası ərzində bir çox güclü futbolçu ilə eyni komandada (klubda və millidə) oynayıb. Buna baxmayaraq, onlardan birini digərlərindən üstün tutur: “Çoxlu çempionlarla bir yerdə oynamışam. Ancaq onların arasında kimin daha çox istedadlı olması ilə bağlı şübhəm yoxdur. Bu, Antonio Kassanodur. Ona böyük qardaşlıq etmişəm. Karyerasını xilas etmək üçün çox çalışdım, alınmadı. Kassano “Roma”dan getməyi üstün tutdu. Qalsaydı, dünya istedadının 30 faizini yox, hamısını görmüş olardı. Düzdür, Antonio dəli idi. Ancaq dəli olduğu qədər də güclü futbolçu idi. Tommazi və Delvekkio kimi oyunçuları məşqdə özündən çıxarırdı, onları lağa qoyurdu. Hamını - hətta təhqirə dözməyən Batistutanı da qəzəbləndirirdi. Zarafatlar onun üçün həyatın mənası idi, ancaq komandada hər kəs Kassanonu sevirdi. Mənim dövrümün ən yaxşı futbolçusuna gəldikdə isə bu, Ronaldodur. Təbii ki, “fenomen”i nəzərdə tuturam. Ondan sonra Lionel Messi, Zinəddin Zidan, Rikardo Kaka və Kriştianu Ronaldo gəlir”.

# 8586
avatar

Oxşar yazılar