22:57
05 Mart 2020

Azərbaycan Prezidenti: "Heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik"

Bir daha demək istəyirəm - bunu nə qədər çox təkrarlasaq ziyanı yoxdur - bilik, savad, vətənpərvərlik, Vətənə bağlılıq və milli dəyərlər hər şeydən üstün olmalıdır. Bizi xalq kimi, millət kimi əsrlərboyu qoruyan, assimilyasiyadan qoruyan bizim dəyərlərimiz olub. Ana dilimiz, ədəbiyyatımız, incəsənətimiz və milli şüurumuz. Bunu biz heç vaxt itirə bilmərik, heç vaxt! Nə qədər ki, mən prezidentəm, var gücümlə çalışacağam ki, bu dəyərlər tam bərqərar olsun, o cümlədən gənclər arasında. Çünki indi gənclər yaşlı nəsildən, təbii ki, fərqlənir. Onların maraqları da fərqlidir.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edərkən bildirib.

Dövlət başçısı deyib ki, gənclərin informasiya əldə etmək üsulları artıq fərqlidir. Gənclərin bir çoxu televiziyaya baxmır: "Onların əlində telefon var, bütün informasiyanı oradan alırlar. Gənclər bəzi hallarda virtual məkanda yaşayırlar, real həyatdan bir qədər kənarda qalırlar. Bütün bunlar, təbiidir, bu, dövranın, necə deyərlər, mənzərəsidir. Amma bütün bunlara baxmayaraq, bizim gənclər milli ruhda tərbiyə almalıdırlar. Bilməlidirlər ki, Azərbaycanın bundan sonra da müstəqil ölkə kimi yaşaması üçün onların hər biri vətənpərvər olmalıdır. Hər biri öz bayrağını həmişə uca tutmalıdır, öz milli atributlarına hörmətlə yanaşmalıdır və heç kimin təsiri altına düşməməlidir. Xalqımız uzun əsrlərboyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb. Müstəqillikdən, azadlıqdan mərhum olub, başqalarının diktəsi ilə yaşayıb. Biz artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi, hərbi, mənəvi gücümüz, dəyərlərimiz olmalıdır, var və hər şeydən üstün olmalıdır. Ona görə indi müxtəlif yollarla, müxtəlif adlar altında gah qloballaşma deyirdilər, indi bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan əvvəl qloballaşma deyilən bir meyil var idi və belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq, hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı bir siyasət aparılırdı, bu gün də aparılır, amma bu gün başqa adlarla. Bu gün bəzi hallarda demokratiya adı ilə ölkələri öz təsirləri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobudcasına pozurlar, insan haqlarını pozurlar, jurnalistləri əsassız ittihamlarla həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər, itləri, atları onların üstünə salırlar, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, qazlardan istifadə edirlər, hamısı göz qabağındadır. Bizə demokratiyadan dərs vermək istəyənlərin özləri bunu edirlər. Ona görə demokratiyanı şüar edib xalqları, dövlətləri özlərinə tabe etmək istəyirlər, o cümlədən bizi. Ona görə də təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kimin qabağında baş əymirik və heç vaxt əyməyəcəyik. Bizim milli qürurumuz, ləyaqətimiz hər şeydən üstündür. Ona görə müxtəlif vasitələrlə gəncləri yoldan çıxarmaq istəyirlər. Çünki bilirlər ki, gənclər hələ yetişməyiblər, formalaşmayıblar, onlar daha çox tələbkardırlar, pozuntulara daha çox dözümsüzdürlər. Bu da təbiidir, bu da olmalıdır, amma xalq naminə, dövlət naminə, hansısa başqa paytaxtda oturanın maraqlarını təmin etmək üçün yox. Ona görə bütün bunları gənclər bilməlidirlər və düzgün təhlil aparmalıdırlar. Bilməlidirlər ki, bizim hamımızın birinci vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycan dövlətinin qüdrətini artırmaq və öz milli xüsusiyyətlərimizi qorumaqdır".

Dİgər xəbərlər