4252
12:22
28 Fevral 2020

Evsizlərin ACI DRAMI - Sığınacaqdan REPORTAJ - VİDEO

Kimisi öz evini həyat yoldaşına verib, kimisi də müxtəlif səbəblərdən öz evinin kənarında qalıb.

Lent.az -ın növbəti reportaj ünvanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Məhəmmədi qəsəbəsində yerləşən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslər üçün sosial sığınacağıdır. Burada insanların evsiz qalma səbəbləri barədə eşitdiklərinizdən dəhşətə gələcəksiniz.

Sığınacaqda qalanların asudə vaxtını səmərəli keçirmələri üçün televizor otağı, kitabxana, stolüstü oyunlar otağı var. Ancaq müəssisədə olduğumuz zaman sığınacaq sakinlərinin asudə vaxtlarını kitabxanadan daha çox stolüstü oyunlarla və televizora baxmaqla keçirdiyinin şahidi olduq. Çəkiliş əsnasında əsasən orta yaşlılardan ibarət olan sığınacaq sakinlərinin evsiz qalma səbəblərini öyrənməyə çalışdıq.

Üz-gözündən məyusluq yağan bu insanları təxminən eyni səbəblər sığınacağa üz tutmağa məcbur qoyub. Belə ki, böyük əksəriyyət öz evini ya həyat yoldaşına, ya da övladlarına verdikdən sonra evsiz qalıblar.

Elə növbəti həmsöhbətimiz olan Nizami dayı da evini 19 il əvvəl ayrıldığı həyat yoldaşına verib kirayələrdə qaldığını dedi.

Hazırda sığınacaqda 38 kişi, 8 qadın yaşayır. Bundan əlavə, sığınacağın fiziki məhdudiyyətli Samir adlı sakini də var. O bizimlə həmsöhbət olarkən artıq iki ildir anası ilə burada qaldığını, ancaq anasının 40 gün əvvəl dünyasını dəyişdiyini dedi.

Müəssisənin ilin hansı dövrlərində fəaliyyət göstərməsi, orada qalan şəxslərin yaşayış şəraiti barədə sığınacağın direktoru Anar İbrahimov saytımıza danışdı.

Anar İbrahimov həmçinin insanların sığınacağa necə düşmələrinə nümunələr çəkdi.

Qeyd edək ki, sığınacaq 2017-ci ilin noyabr ayından yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslərə xidmət göstərir. Hazırda burada müxtəlif səbəblərdən evsiz qalan 46 insan 6 ay müddətinə yaşayır. Ancaq bəzi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icazəsi ilə onların 6 aydan çox müəssisədə qalmasına icazə verilir.