494
11:34
13 Fevral 2020

Qoşqar Təhməzli: "İctimai yerlərdə vəhşi heyvanların saxlanılması yolverilməzdir"


"Son vaxtlar Çində yaranan və dünyanın bir sıra ölkələrinə yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə infeksiya riski olan ölkələrdən respublikamıza diri heyvanların, balıq və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub".

APA xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, vəhşi heyvanlar vasitəsilə yayılma riski ölkəmiz üçün də mövcud olduğu üçün AQTA və Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ictimai iaşə obyektləri, istirahət mərkəzləri və digər ictimai yerlərdə vəhşi heyvanların qanunsuz olaraq saxlanılmasının yolverilməz olması barədə birgə məlumat yayıb: "Agentlik respublikanın xarici ölkələrdən keçə biləcək heyvan xəstəliklərindən mühafizə olunması ilə bağlı vətəndaşların və sahibkarlıq subyektlərinin maarifləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bununla bağlı vətəndaşlara və sahibkarlara çoxsaylı müraciətlər olunub. Xüsusilə idxalçı sahibkarlara bəyan edilib ki, heyvan və heyvan mənşəli məhsulların mənşə ölkəsində nəqliyyat vasitəsinə yüklənməsi yalnız AQTA-nın müvafiq icazəsindən sonra həyata keçirilməlidir".

O qeyd edib ki, hazırda bütün icra hakimiyyəti orqanları profilaktik tədbirlər üçün işlərin hamısını əlaqəli şəkildə icra edirlər və koordinasiya Nazirlər Kabineti tərəfindən həyata keçirilir.