19:11
04 Fevral 2020

"İqtisadiyyatın inkişafı bu şərtlər daxilində mümkündür" - Ekspert

“Azərbaycan iqtisadiyyatının 2016-cı ildən etibarən şaxələndirilməsi, resursdan asılılığının azaldılması məqsədi ilə bir sıra strategiyalar, dövlət proqramları həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyevin Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov söyləyib.

R. Həsənov deyib ki, qəbul edilən qərarlarla bağlı Azərbaycanın reytinqi beynəlxalq reytinq agentliklərində artır: “Ancaq atılan addımların iqtisadiyyata təsiri daha güclü olmalı, xarici və yerli investisiya qoyuluşları, qeyri-neft sektorunun xüsusi çəkisi sürətlə artmalıdır”.

Prezident İlham Əliyevin məmurların sahibkarlıq sahəsinə müdaxiləsi ilə bağlı mesajına diqqət çəkən iqtisadçı qeyd edib ki, ümumdaxili daxili məhsulun artım tempinin yüksək olmaması bir sıra problemlərin mövcudluğu ilə bağlıdır: “Əsas mane məmur müdaxiləsidir, dövlət başçısı da çıxışında buna diqqət çəkib. Belə müdaxilələr islahat xarakterli tədbirlərin iqtisadiyyata transformasiyasını əngəlləyir. Azərbaycan yeni dövrün astanasındadır. Eyni zamanda Azərbaycanın son 3-4 ildə seçdiyi yol bu istiqamətdə daha effektiv qərarların qəbul edilməsinə, addımların atılmasına gətirib çıxaracaq. Müşavirədə xüsusən qeyd edildi ki, regionlarda yerli özünüdarəetmə, yerli icra hakimiyyəti orqanları və dövlət orqanları bu çağırışlara uyğun davranmağa məcburdur. Çünki iqtisadiyyatın inkişafı bu şərtlər daxilində mümkündür. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramlar çərçivəsinə bu günə qədər infrastruktura böyük həcmdə investisiya qoyulub. İnfrastruktura qoyulan investisiyalar müəyyən zaman çərçivəsində dəyərləndirilməlidir. Əks halda infrastrukturun köhnəlməsi, keyfiyyətini itirməsi, aşınmasını müşahidə edərik. Buna görə də Prezident İlham Əliyev tərəfindən konfransda səsləndirilmiş neqativ halların ən qısa müddətdə aradan qaldırılması vacibdir. Dövlət vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsi, dövlət vəsaitləri hesabına yatırılan investisiyaların səmərəliliyi, məqsədyönlülüyü ilə bağlı konkret mövqe ortaya qoyulmalıdır. Eyni zamanda həm regionlarda, həm paytaxtda icra hakimiyyəti strukturlarının, digər dövlət orqanlarının fəaliyyəti daha çox investisiya qoyuluşları, biznesə yaradılan şəraitlə, yaradılan əlavə dəyərlə, yeni iş yerləri ilə qiymətləndirilməlidir”.

R. Həsənov dövlət başçısının kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı tapşırığını da yüksək qiymətləndirib: “Bu, birtərəfli şəkildə formalaşmamışdı. Burada bəzən birtərəfli qaydada sahibkarlar günahlandırılır. Lakin müvafiq istiqamət üzrə dövlət siyasətini həyata keçirən qurumlarda çalışan şəxslərin də günahı vardı. Buna görə də sahibkarların bir qismi qeyri-rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Amma yanaşmada müəyyən dəyişikliklər var. Xüsusən vergi siyasətini həyata keçirən orqanlar tərəfindən şəffaflıq təşəbbüsləri ortaya qoyulub. Təbii ki, bu istiqamətdə təşəbbüslər dəstəklənməli, vergi yükünün azaldılması da diqqət mərkəzində olmalıdır. Sahibkarlıq təşviq olunmalıdır. Düşünürəm ki, İqtisadiyyat və Vergilər nazirliklərinin birləşdirilməsi bu sahədə olan maraqlar konfliktinin müəyyən qədər neytrallaşdırılmasına gətirib çıxaracaq. Hər iki istiqamətdə bir dövlət qurumunun cavabdeh olması vergi yükünün də azalması ilə nəticələnəcək. 2019-cu ilin sonuncu rübündə aparılan islahatlar nəticəsində bir sıra məmurlar vəzifəsini itirdi. Parlamentdən kənarlaşdırılanların böyük əksəriyyəti qanuna zidd olmasına baxmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Bu insanların inzibati güclərini itirməsi növbəti dövrlərdə şəffaflaşma istiqamətində dövlət siyasətini həyata keçirən qurumların da işini müəyyən qədər asanlaşdıracaq. Bu baxımdan həmin insanlar da biznesin leqallaşdırılması prosesinə qatılmalı olacaqlar. Əks təqdirdə, dövlət başçısının da qeyd etdiyi kimi, çox sərt formada cəzalandırıla bilərlər. Bu təşəbbüslər artıq bir çağırışdır. Ona görə də bu məsələlərin mərhələlidə həllini tapacağını düşünürəm”.

Dİgər xəbərlər