Köhnə telefonu müşahidə kamerasına  çevirmək olar - Beş dəqiqəyə hazırdır
21 sentyabr 2026 12:09 (UTC +04:00)

Köhnə telefonu müşahidə kamerasına çevirmək olar - Beş dəqiqəyə hazırdır

0

İstifadə etmədiyiniz köhnə smartfon və ya planşeti bir neçə sadə tənzimləmə ilə müşahidə kamerasına çevirmək mümkündür. Bu üsul ayrıca kamera almaq xərcindən azad edir və köhnə cihazı yenidən istifadəyə qaytarır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, belə bir sistemin qurulması beş dəqiqədən az vaxt aparır və xüsusi texniki bilik tələb etmir.

Bunun üçün köhnə smartfon və ya planşet, sabit internet bağlantısı və iOS, eləcə də Android cihazları üçün nəzərdə tutulan “AlfredCamera” tətbiqi lazımdır. Wi-Fi bağlantısına üstünlük verilsə də, mobil internetdən də istifadə etmək mümkündür.

Telefonu müşahidə kamerasına necə çevirmək olar?

Əvvəlcə “AlfredCamera” tətbiqini həm gündəlik istifadə etdiyiniz, həm də köhnə telefonunuza yükləyin. Bu funksiyanı yerinə yetirən başqa tətbiqlər də var. Lakin “AlfredCamera” pulsuz istifadə imkanı, hər iki əməliyyat sistemini dəstəkləməsi və sadə quraşdırılması ilə seçilir.

Əsas telefonunuzda tətbiqi açın və qeydiyyatdan keçin. Daha sonra digər cihazın qoşulması bölməsində “Mobil cihaz” (“Mobile Device”) seçimini edin.

Tətbiq cihazları birləşdirmək üçün iki üsul təklif edir. Köhnə telefonda eyni hesaba daxil ola və ya qoşulma üçün göstərilən QR-kodu skan edə bilərsiniz. Ardınca köhnə telefonda tətbiqi açaraq seçdiyiniz üsulla bağlantını tamamlayın.

Bununla əsas quraşdırma başa çatır. Köhnə smartfon kamera, gündəlik istifadə etdiyiniz telefon isə görüntüləri izləmək üçün ekran rolunu oynayır. Əsas cihazda tətbiqin yuxarı hissəsindən “İzləyici” (“Viewer”), köhnə telefonda isə “Kamera” (“Camera”) rejimini seçmək lazımdır.

Tətbiqin pulsuz versiyası yalnız canlı görüntü ötürməklə məhdudlaşmır. Burada yüksək səslə siren işə salmaq, zəif işıqda çəkiliş rejimindən və ikitərəfli səsli əlaqədən istifadə etmək mümkündür. Həmçinin ön və arxa kameralar arasında keçid etmək, görüntünün istiqamətini dəyişmək olur.

Məqalədə göstərilən qiymətlərə əsasən, “Standard” abunəliyi ayda 5,99 dollardır. Bu paket pulsuz versiyadakı iki kamera əvəzinə dörd kamera qoşmağa imkan verir. Paketə HD keyfiyyətli canlı yayım, səkkiz saatlıq dövri qeyd, görüntülərin bulud yaddaşında 14 gün saxlanılması, insan, avtomobil və ev heyvanlarının tanınması funksiyaları daxildir.

Aylıq qiyməti 7,99 dollar olan “Premium” paketi isə kamera sayına qoyulan məhdudiyyəti aradan qaldırır. Bu abunəlik Full HD keyfiyyətli yayım, limitsiz qeyd və görüntülərin bulud yaddaşında 30 gün saxlanılmasını təklif edir.

Köhnə telefondan daha səmərəli necə istifadə etmək olar?

Köhnə smartfonların əsas problemlərindən biri batareyanın aşınmasıdır. Uzunmüddətli istifadə üçün telefonu elektrik rozetkasına yaxın yerləşdirmək və enerji bağlantısını təmin etmək lazımdır. Rozetkanın yeri uyğun baxış bucağı seçməyə mane olursa, uzun kabel köməyə gələ bilər. Adi telefon altlığı da cihazı istədiyiniz bucaq altında sabitləməyə imkan verir.

Telefonda vacib məlumat qalmayıbsa, onu zavod parametrlərinə qaytarmaq tövsiyə olunur. Bu addım məcburi deyil, lakin yaddaşda yer açır, köhnə hesabları, saxlanılan şifrələri və şəxsi məlumatları silir. Cihazın daim işləyəcəyi və evin Wi-Fi şəbəkəsinə qoşulu qalacağı nəzərə alınanda bu məsələ əhəmiyyət daşıyır.

Daha sonra batareyaya qənaət parametrlərini yoxlamaq və “AlfredCamera” üçün tətbiq olunan məhdudiyyətləri aradan qaldırmaq lazımdır. Bu, enerji qənaəti funksiyalarının tətbiqin işinə mane olmasının qarşısını almağa kömək edir.

Telefon açıq havanın təsirinə məruz qalan yerdə yerləşdiriləcəksə, nəmdən qorunmalıdır. Bunun üçün şəffaf, su keçirməyən üzlükdən istifadə etmək olar. Digər variant isə telefonu otaqda, pəncərənin yanında yerləşdirib kameranı çölə yönəltməkdir. Beləliklə, cihaz yağışdan və digər hava təsirlərindən qorunar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar