12:16
04 Fevral 2020

Xaricdə xəyanət, Azərbaycanda qardaşlıq


İdmanda qardaş, ata, qohum anlayışı olmur. Meydana çıxdınsa, qarşındakı sənin yalnız rəqibindir, alov saçan gözlərinlə onu "yandırmaq" və sadəcə qalib gəlmək barədə düşünməlisən.

Təbii ki, bu, idmanın şahı olan futbola da aiddir. Dünya arenalarında iki qardaşın rəqib kimi üz-üzə gəldiyini, oyunun gedişində hətta "podkat"la bir-birinə xəsarət yetirməkdən belə çəkinmədiyini az görməmişik. Buna hər gün rast gəlinməsə də, tez-tez müşahidə etdiyimiz mənzərədir. Çünki qardaş olsalar da, meydanda hərəsi öz adı üçün döyüşür. Bax, buna da rəqabət deyirlər.

Dünya futbolundan təcrid olunmuş Azərbaycanda bu rəqabət prinsipi necə işləyir? Əlbəttə, digərlərindən fərqli, yaxud yenə özünəməxsusluğu ilə. Axı bizim futbol hərtərəfli seçilməlidir. Mehriban, sülhsevər xalq olduğumuzdan, bu mehribanlığı yaşıl meydanlara da daşımağı bacarmışıq. Məsələn, yaxın keçmişdə "İnter" və "Simurq" klubları var idi və onların necə möhkəm qardaş olduqlarını hər kəs bilirdi. Eyni bulaqdan su içir, eyni kökdən qidalanırdılar. Təbii ki, böyük qardaşın hörməti həmişə saxlanılırdı. Axı böyük qardaşa badalaq vurmaq, ona hörmətsizlik etmək olmaz. Amma futbol hisslərlə yox, FİFA-nın, UEFA-nın tələb etdiyi qanunlarla işləyir. Bizdəki qardaşlıq isə onların qanunlarına zidd, xəyanət idi. Təmiz, pak futbolumuzdan ağızdolusu danışan AFFA rəhbərliyi həmin vaxt nədənsə bu saxtakarlığa göz yumur, qanun pozuntusunu ört-basdır edirdi.

Biz haradan biləydik ki, vaxt gələcək "İnter" - "Simurq" qardaşlığına şükür edəcəyik? O zaman bir tək onlar göz önündə idi, hamı da bunu görürdü, yazırdı. Ancaq indi dost kim, qardaş kim, ayırd etmək çətindir. Maşallah, futbolumuzda da avtobuslarda olduğumuz kimi hamı mehribanlaşıb, bir-birinə can deyib, can eşidir.

Bunu o qədər inkişaf etdirmişik ki, klub prezidenti digər klubda eyni vəzifəyə yollanır. Buna bənzər son təyinat isə dünən açıqlandı. "Səbail"in icraçı direktoru Ramin Həsənov Premyer Liqanın digər komandası "Sabah"a üz tutdu. Həmin vəzifənin əvvəlinə baş sözü əlavə edərək. Unutmayaq ki, belə hallar da yalnız Azərbaycan futbolu üçün keçərlidir. Futbolu sevən, onunla yaşayan digər ölkələrdə buna xəyanət deyərlər. Çünki onlar futbolu sırf gəlir yeri kimi görmürlər, futbolla yaşayırlar, klublarını hər şeydən üstün tuturlar və onun bir qələbəsi üçün hər şeyi edərlər. Çox uzağa getməyək. Qonşu Türkiyədə "Kayserispor"dan hansısa klub rəsmisinin "Ankaragücü"nə keçidini təsəvvür edə bilirsiniz? Həmin adamın paytaxt Ankaraya çatmağına imkan verməzlər. Çünki futbolu o dərəcədə sevirlər, ona xəyanəti qəbul etmirlər. Onlar hələ Superliqanın autsayderləridir. Bizim Ramin Həsənov isə "Səbail"ə böyük simpatiyam var" deyib, daha yaxşı maaş verən "Sabah"a üz tutur. Çünki bizdə futbola yalnız iş, qazanc gözü ilə baxırlar.

Meydandankənar qardaşlıqlar ora ilə kifayətlənmir, meydana da sirayət edir. Çempionatın XV turunda "Səbail" - "Qarabağ" oyununun 80-ci dəqiqəsi gedir, hesab açılmayıb. Ev sahibləri 10 dəqiqə də dözsə, turnir cədvəlində "Qəbələ" ilə "Sabah"a çatır. Yəni bu dərəcədə önəmli məqamdır. Amma 81-ci dəqiqədə Mahir Emreli qələbə qolunu vurur və onu ilk təbrik edənlərdən biri "Səbail"in kapitanı Rahid Əmirquliyev olur. İndi gəl Rahidin qol buraxmalarına üzüldüyünü düşün. Şəkildən də göründüyü kimi, Əmirquliyevin bu hərəkəti belə şeylər görməyən Abdullah Zubirin də ağzını açıq buraxmışdı. Bir gün əvvəlki oyunda "Sabah"ın müdafiəçisi Filip İvanoviçin kobud səhvini qolla tamamlayan "Zirə"nin hücumçusu Riçard Qadze isə az qala gəlib həmkarından üzr istəsin. Futbolda qol səhv ucbatından vurulur. Onda gərək hər qoldan sonra rəqibdən üzr istəyəsən, ona təsəlli verəsən. Qol vurmusan, get, doyunca sevin də.

Deyirik ki, Azərbaycan çempionatında 8 klub var, səviyyə aşağıdır, rəqabət yoxdur. 8 yox, lap 18 klub da olsa, bu düşüncə ilə əlbəttə ki, rəqabət olmaz. Bizə "Neftçi" - "Xəzər Lənkəran" prinsipiallığı lazımdır. Yoxsa klubların nümayəndə dəyişmələri ilə, meydanda qarşısındakına rəqib deyil, dost-yoldaş gözü ilə baxmaqla rəqabət yarada bilməzsən.

Apasport

Dİgər xəbərlər