Dövlət qulluğuna qəbul olmaq istəyənlər imtahan verəcək
24 yanvar 2020 15:13 (UTC +04:00)

Dövlət qulluğuna qəbul olmaq istəyənlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 25-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirəcək.  

DİM-dən Lent.az-a verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat  2019-cu il dekabrın 24-dən 2020-ci il yanvarın 24-ü saat 13.00-dək aparılıb və bu müddət ərzində 71 namizəd qeydiyyatdan keçib. 

İmtahan saat 10.00-da başlayacaq və 3 saat davam edəcək. 

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

 

# 1293
avatar

Aygün İbrahimli

Oxşar yazılar