Plastik cərrah: “Heç bir estetik əməliyyat ömürlük deyil” - VİDEO
24 yanvar 2020 11:32 (UTC +04:00)

Plastik cərrah: “Heç bir estetik əməliyyat ömürlük deyil” - VİDEO

“Estetik cərrahiyyə işbazların əlində böyük biznes mənbəyinə çevrilib”.  

Bunu APA TV-yə müsahibəsində tibb üzrə fəlsəfə doktoru, plastik və rekonstruktiv cərrah Ayaz Məmmədov bildirib.

“Yəni artıq buna bir elm kimi, cərrahiyə kimi yox, biznes məqsədilə baxanların sayı daha çoxalıb. İdeal həkim yoxdur, hər bir mütəxəssisin əlində problem də ola bilər, fəsad da. Elə fəsadlar var ki, həkim səhlənkarlığı səbəbindən meydana gəlir, bir də var orqanizm prosesə xas olmur və qeyri-sağlamdır”.   Plastik cərrah hesab edir ki, yumşaq toxumalarda aparılan istənilən estetik cərrahiyyə əməliyyatı ömürlük deyil. Bu əməliyyatlar yaşlanma prosesinin qarşısını almır, sadəcə, yaşlanma ilə əlaqədar meydana gələn cizgiləri korreksiya edir. Hər bir pasientə individual yanaşılması isə vacib şərtdir: “Bəzən bizə müxtəlif kosmetoloji prosedurlar keçmiş, ağır fəsadlara məruz qalan pasientlər müraciət edir.

Gözəllik salonlarında, kosmetoloji mərkəzlərdə heç bir ixtisası olmayan, hətta orta təhsili olmayıb özünü “mütəxəssis” adlandıran kosmetoloqlar var”.  Ayaz Məmmədov qeyd edib ki, estetik əməliyyatda yaş kateqoriyasına xüsusi önəm verilməlidir. Əməliyyatdan öncə “check up” müayinə olunmalı, üz nahiyəsində olan bütün kosmetik prosedurların tarixçəsi incələnməlidir.  

Onun sözlərinə görə, hətta kişilər də cavanlaşmaq üçün müəyyən prosedurlara can atırlar:

“Bunlar üz nahiyəsində olan yaşlanmalardır. Əgər bu yaşlanmaların mexanizminə nəzər salsaq, orqanizmdə üz yaşlanmasının iki səbəbi var. Birinci səbəb üzümüzdə olan toxumaların arasında olan əzələlərin dərinin altındakı yağ paketlərinin azalmasıdır. Bu yağ paketlərinin miqdarı zaman keçdikcə azalır. Nəticədə isə üzün struktur görünüşü dəyişir. Çökəlmələr və boşluqlar əmələ gəlir”.  

Ayaz Məmmədovun sözlərinə görə, ikinci səbəb dərinin, vətərlərin və əzələlərin kollogen liflərinin sintezinin azalması ilə bağlıdır:

“Nəticədə toxumalar öz elastikliyini itirir. Boşluq yaranır və yerin cazibə qüvvəsinin təsiri nəticəsində üz sallanmağa başlayır. Bu proses əsasən qaşların düşməsindən başlayır. Bundan sonra gözaltı torbalar yaranır. Burun-dodaq büküşlərinin dərinləşməsində, yanaq hissəsinin çökməsində. Sadaladığım bu səbəbi aradan qaldırmaqla biz pasientlərə cavanlaşma görkəmi vermiş oluruq”.  

Liftinq adlanan bu əməliyyatla sallanmış toxumalar yerinə bərpa olunur:

“Son zamanlar bu əməliyyat müxtəlif orqanik iplərin köməyi ilə dartma effektinə nail ola bilirik. Üstünlüyü isə ondan ibarətdir ki, heç bir kəsik olmur, anesteziya artıq yerli aparılır. Prosedur 10-30 dəqiqə arasında həyata keçirilir. Əməliyyat stolundan qalxanda artıq nəticə pasient üçün aydın olur”.  

“Fransız asqısı” adlandırılan bu əməliyyat ilk dəfə Rusiyada həyata keçirilib. Üzgərmə əməliyyatları, yəni “fransız asqı”sından sonra pasientlər ciddi şəkildə bu prosedurlara əməl etməlidirlər. Hündürdən danışmaq, ağır yük götürmək, isti duş qəbul etmək, kobud makiyajlardan istifadə isə pasientin ziyanına işləyir. Əməliyyatdan sonra idman hərəkətləri 3-4 həftəlik qadağan edilir. Əməliyyatların qiymətinə  gəlincə, bu, sapların növündən və sovrulma müddətindən asılı olaraq 200-2000 manat arasında dəyişir. 

# 1924
avatar

Oxşar yazılar