Bakının Xətai rayonunda “Chevrolet” markalı avtomobili dövlət qeydiyyat nişanı olmadan, konstruksiyasında dəyişiklik etməklə və nəqliyyat vasitəsinin şüşələrinə normativ tələblərə uyğun olmayan plyonka çəkməklə idarə edən 44 yaşlı Mustafa Əfəndiyev yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, aparılan yoxlama zamanı M.Əfəndiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Həmçinin sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən, M.Əfəndiyevin narkotik vasitə qəbul etdiyi müəyyənləşib.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Əfəndiyev 15 gün müddətinə inzibati qaydada həbs edilib.
