“Oturaq həyat tərzi kişilərin prostat vəzində durğunluğa səbəb olur”.
Bu sözləri Lent.az-a açıqlamasında uroloq-androloq Akif Mehrəliyev deyib. O bildirib ki, prostat vəzin əsas vəzifəsi prostat şirəsi hasil etməkdir ki, bununla o kişilərin cinsi fəaliyyəti və nəsilartırmasında müstəsna rol oynayır:
“Kişilərin oturaq işlərdə işləməsi, hərəkətsiz qalmaları cinsi həvəssizliyə, zəifliyə səbəb olur. Həmçinin prostat vəzdə yaranan durğunluq toxumu mayalandırmaq qabiliyyətini aşağı salır və sonsuzluğa gətirib çıxarır”.
A.Mehrəliyev qeyd edib ki, qəbul etdiyi xəstələrdən 75-80 %-i sözügedən problemlərlə bağlı müraciət edirlər:
“Bunun müalicəsi mümkündür. Belə ki, 10 gün müddətində prostat vəzdə qan dövranı xüsusi aparat vasitəsilə, ağrısız şəkildə yaxşılaşdırılır. Daha sonra xüsusi yoqa hərəkətləri var ki, problemin həllində yardımçı olur. 10 günlük müddətdən sonra xüsusi hərəkətlərin edilməsini xəstələrimə tapşırıram və bildirirəm ki, gündəlik olaraq mütləq 15-20 dəqiqə bununla məşğul olmaq lazımdır. Həmçinin oturaq işləyən kişilər mütləq gündəlik olaraq fiziki hərəkətlərini artırmalı, yürüyüş etməlidirlər ki, sağlıqlı olsunlar.
Əlavə edim ki, mən özüm də illərdir ki, yoqa ilə məşğul oluram. Yoqa artıq çəkidən əziyyət çəkənlərə də yardımçı vasitədir”.
Qeyd edək ki, xarici mütəxəssislərin də araşdırmalarına görə, oturaq həyat tərzi kişilərdə sonsuzluğa gətirib çıxarır. Üstəlik ağır çəkili olan və az hərəkət edən kişilərdə cinsi istək azalır.