965
16:56
08 Yanvar 2020

"Yeni binaların tikintisində qaydalar daha da sərt olmalıdır" - İlham Əliyev

“Bir daha demək istəyirəm ki, Bakı şəhəri bizim milli sərvətimizdir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Bunun iki səbəbi var. Birincisi, şəhərin quruluşu, şəhərdə mövcud olan gözəl tarixi memarlıq abidələri, o cümlədən İçərişəhər, şəhərimizin Xəzər dənizinin kənarında yerləşməsi”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anar Quliyevi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.

Prezident qeyd edib ki, bu abidələr əsrlər boyu mövcud idi: “Ancaq indi bəziləri unudur ki, onların əvvəlki görkəmi necə idi. Qapqara qaralmış, yarı-dağılmış, baxımsız, rəngi solmuş binalar və illər boyu o binaların divarlarına hopmuş çöküntülər onların əsl simasını gizlədirdi. Biz bütün təmir işlərini çox böyük ustalıqla, binaların tarixi görünüşünə xələl gətirmədən aparmışıq. Bu, birinci amildir ki, biz Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişik və tarixi abidələrimizi bərpa etmişik. İkinci amil müasir binalardır. Bunlar da memarlıq abidələridir. Məsələn, Heydər Əliyev Mərkəzi ən mötəbər mətbu orqanların birində dərc edilən hesabatda dünyanın ən gözəl 10 binasının arasında yer alıb. Mənim fikrimcə, bu, dünyanın ən gözəl binasıdır. Biz təkcə Heydər Əliyev Mərkəzinin timsalında nəinki müasir Bakımızın, Azərbaycanımızın rəmzini görürük. “Alov qüllələri”, “Crystall Hall”, Xalça Muzeyi, ofis binaları - bütün bunlar Bakının müasir memarlığını təcəssüm etdirir. Əsas vəzifəmiz, - mən bu vəzifəni çox ciddi qoymuşdum, - ondan ibarət idi ki, biz keçmişlə müasirliyin vəhdətini təşkil etməliyik.

Bəzi tarixi şəhərlərdə müasir binalar o şəhərlərin simasını korlayır, tarixlə tamamilə uzlaşmır. Amma bizim müasir binalarımız elə gözəl memarlıq üslubunda və elə yerlərdə inşa edilib ki, tarixlə uzlaşır. Məsələn, qədim İçərişəhərdən çıxıb yolu keçərək müasir bulvara qədəm qoyan hər bir insan sanki keçmişdən bu günə səyahət edir. Yenə də deyirəm, bu, nadir bir mənzərədir. Şəhər inkişaf etməlidir, böyüməlidir, ancaq çox ciddi şəhərsalma prinsipləri əsasında. İndi tikintidə mövcud olan əmsallar gözlənilməlidir və bu əmsallar pozulmamalıdır.

Bir müddət bundan öncə ziyalılarla görüşdə Memarlar İttifaqının sədri təklif vermişdi ki, Bakının mərkəzi rayonu formalaşsın. Mən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq göstərişlər vermişəm. Sizə də tapşırıram, Bakı şəhər İcra Hakimiyyəti, Memarlar İttifaqı yığışın birlikdə təklifləri konkretləşdirin. Çünki bunun üstündən artıq uzun müddət keçib, ancaq hələ ki mənə heç bir təklif verilməyib. Mən prinsip etibarilə bu təklifi dəstəkləyirəm. Çünki belə olan halda mərkəzi rayonda bu rayona uyğun xüsusi mühafizə tədbirləri görülə bilər və memarlıq abidələrimizə diqqət daha da yüksək ola bilər. O ki qaldı, yeni binaların tikintisinə, burada qaydalar daha da sərt olmalıdır.

Bir daha demək istəyirəm ki, Komitənin funksiyaları genişlənir. Mən Komitənin son vaxtlardakı fəaliyyətini yüksək qiymətləndirirəm. Sizin bu vəzifəyə təyin olunmağınızda bu amil əsas rol oynayır. Siz bu məsuliyyəti dərk etməlisiniz. Ölkəmizin hər bir yerində bütün inşaat işləri müasir şəhərsalma qaydalarına uyğun aparılmalıdır”.