1832
13:26
07 Yanvar 2020

Gəncədə terror aktı törətməkdə günahlandırılan şəxsin məhkəməsi keçirildi - YENİLƏNİB

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakim Məhəmməd Bağırovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış edərək işdə kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını, maddi sübutlara baxış keçirilməsini və bəzi təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər veriblər.

Hakimlər vəsatətlərə münasibət bildirmək üçün məhkəmənin hazırlıq iclasını sabahadək təxirə salıb.

***

11:18

Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclası Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə Sabunçu rayon Məhkəməsinin inzibati binasında keçirilir.

Qeyd edək ki, 3 iyul 2018-ci il tarixdə Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.