1675
17:52
01 Yanvar 2020

Belimiz nədən ağrıya bilər?

Demək olar ki, hamımız bel ağrısının nə olduğunu bilirik. Ya özümüz rastlaşmışıq, ya da dost-tanışlarda bu problem olub. Rəsmi statistikaya görə, əhalinin 80%-i bu ağrılı vəziyyətdən əziyyət çəkir, ya da həyatda heç olmasa bir dəfə əziyyət çəkib. Qadınlarda və kişilərdə təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər. Bel ağrısı qəflətən başlaya bilər (misal üçün, ağır bir əşya qaldırandan sonra), ya da zamanla bel strukturunda dəyişikliyə görə tədricən başlayır.

Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən çox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır. Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğanın strukturlarının (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.

Bel strukturları hansılardır? Onurğanın bel hissəsində 5 fəqərə var (L1_L5) və onlar yuxarı gövdənin ağırlığını daşıyır. Fəqərəarası məsafələrdə yumru yastıqçalar var - bunlar fəqərəarası disklərdir. Bu disklər fəqərələrə düşən ağırlığı və hərəkət zamanı dinamik yüklənməni öz üzərinə götürür. Diskin quruluşu haqqında biz fəqərəarası disk yırtıqları mövzusunda daha ətraflı danışarıq. Bağlar və vətərlər fəqərələri fiksasiya edir və əzələləri onurğaya birləşdirir. 31 sinir cütü onurğadan çıxır və bədənin hərəkətlərini kontrol edib bədəndən siqnalları beyinə ötürür.

Bel ağrılarının səbəbləri Aşağıdakılar bel ağrılarının tez-tez rast gəlinən səbəbləridir. Hər biri ayrı bir patologiya olduğuna görə burada sadəcə, qısa bir məlumat veririk:

• Onurğa əzələsinin və bağların dartılması - bu tip kəskin ağrılar əzələ və bağların həddən artıq gərilməsi və zədələnməsi ilə bağlıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər. Bel əzələləri ilə bağlı ağrılar ayrı sindrom kimi də çıxış edə bilər (m. Psoas sindromu və s.)

• Spondilyoz və fəqərəarası disklərin degenerasiyası. Ən ox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.

• Disk yırtıqları və protruziyalar. Çox geniş yayılmış problemdir və ayrıca mövzudur. • Radikulopatiya - bu vəziyyət sinir kökünün sıxılması, zədələnməsi və iltihablaşması nəticəsində baş verir. Sinir sıxılanda ağrı, keyləşmə və digər simptomlar sinir innervasiya sahəsində müşahidə oluna bilər. Radikulopatiya ən çox spinal stenoz və disk yırtığı zamanı sinir sıxılmasında baş verir.

• İşiaz - oturaq sinirin iltihablaşmasıdır. Bu sinir bədənin ən iri və uzun siniridir. Bel nahiyəsində bir neçə sinirin birləşməsindən əmələ gələn bu sinir ayaq pəncəsinə qədər uzanır. İşiazda müxtəlif ağrılar ola bilər, beldən başlayıb ayağın barmaqlarına qədər irradiasiya verə bilər. Kəskin, yandırıcı, “cərəyan vuran” kimi, ya da yorucu sızıltı şəklində ağrılar olur.

• Piriformis sindrom - oturaq sinirinin piriformis əzələsinin altında sıxılması, ya da qıcıqlanması nəticəsində baş verən ağrılı bir sindromdur. İşiazın təxminən 5%-i bu sindromla bağlı olur. Travmalar və uzunmüddətli oturaq rejimi bu sindromun yaranmasının əsas səbəblərindəndir.

• Spondilolistez - bu hallarda fəqərələr normal pozisiyasından “sürüşür” və onurğa beyini və sinirlərini sıxa bilər.

• Spinal stenoz - onurğa kanalının daralması nəticəsində baş verir və sinirlərin sıxılması ilə müşahidə olunur. Bu vəziyyətdə hərəkət zamanı ayaqlarda keyləşmə və ağrı olur. Stenoz artdıqca ayaqlarda zəiflik, hissiyyat və hərəkət pozulması baş verə bilər.

• Onurğa deformasiyaları - skolioz (bel əyriliyi), lordoz və digərlər. Onurğa deformasiyalarında əzələlər həddən artıq və assimetrik yüklənir, bu da öz növbəsində ağrılara yol aça bilər. Bəzən bel ağrısı daha ciddi xəstəliklərlə bağlı olur. Onların arasında infeksion proseslər, törəmələr, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinədən və müalicədən keçməlidir. Bir sıra xəstəliklərdə də tez - tez bel ağrısına rast gəlmək olar:

• Oynaqların iltihabi xəstəlikləri, osteoartrit, revmatoid artrit, spondilit və s. • Osteoporoz - sümük möhkəmliyinin azalması, bu xəstəlik eyni zamanda fəqərələrin və digər sümüklərin sınıqlarına səbəb ola bilər.

• Fibromialgiya - xroniki yayılmış ağrı sindromu, əzələlərdə ağrı və zəifliklə müşahidə olunur. Bel ağrılarının tez-tez rast gəlinən səbəblərini qısa olaraq qeyd etdik. Növbəti dəfə bel ağrılarının yaranmasında risk faktorlarından və fəqərəarası disk yirtiqları və protruziyadan danişacağıq.

Səidə Kərimova- Həkim-fizioterapevt, Mərkəzi Gömrük Hospitalının həkimi