Seriallar gündəlik həyatın monotonluğundan sıyrılıb bir neçə günlük, hətta bir neçə həftəlik başqa dünyalara səyahət etməyin ən sadə yoludur. Bəzi hekayələr tamaşaçını elə ilk seriyadan özünə elə bənd edir ki, sonradan dayanmaq qeyri-mümkünə çevrilir və baxış marafonu başlayır.
Lent.az süjeti ilə heç kimi laqeyd qoymayacaq və ilk saniyələrdən maraq dairənizə sızacaq serialların siyahısını təqdim edir.
La Casa de Papel
"Netflix"in bu məşhur layihəsi, sirli "Professor"un rəhbərliyi altında ideal soyğunlar planlaşdıran bir qrup cinayətkarın ətrafında qurulub. Məhz incəliklərinə qədər düşünülmüş ssenari, bitmək bilməyən gərginlik və gözlənilməz süjet döngələri bu ekran işini qısa müddətdə qlobal fəthə çıxarıb.
Tamaşaçını cəlb edən həm də personajların çılpaq emosionallığı və hər seriyanın elə bir nöqtədə bitməsidir ki, növbəti hissəyə keçməmək sadəcə iradə xaricindədir.
İlk dəfə 2017-ci ildə ekrana çıxan serial ümumilikdə 5 mövsümdən ibarətdir və hekayə 2021-ci ildə nöqtələnib.
Vikings
Bu tarixi dramın mərkəzində əfsanəvi Raqnar Lodbrok və onun müharibələr, yürüşlər, yeni torpaqların fəthi vasitəsilə öz imperiyalarını quran varislərinin amansız taleyi dayanır.
Serial real tarixin, qanlı döyüş səhnələrinin, xarakterik personajların və Skandinaviya mifologiyasının mistik ab-havasının vəhdəti sayəsində böyük rəğbət qazanıb. Dinamik süjet xətti, daxili emosional toqquşmalar və gözlənilməz hadisələr "Vikinqlər"i dünyanın ən populyar tarixi seriallarından birinə çevirib.
2013-cü ildə premerasını edən ekran işi 6 mövsüm davam edərək 2020-ci ildə başa çatıb.
This Is Us
Serial Pirson ailəsinin fərqli zaman kəsiklərindəki həyatından bəhs edir; burada keçmiş, indiki zaman və gələcək bir-birinin içinə hörülüb.
2016-cı ildə işıq üzü görən ilk mövsümdən etibarən film dərhal tamaşaçı sevgisi qazanıb. Çünki ekran işi güclü emosiyalarla, ailə bağları ilə və hər birimizin özümüzü asanlıqla tapa biləcəyimiz real həyat situasiyaları ilə zəngindir.
Dramın, səmimiyyətin və qəfil süjet çevrilişlərinin bu cür harmoniyası onu son illərin ən "isti" və insanı ağrıdan seriallarından biri edib.
Breaking Bad
2008-ci ildə nümayiş olunan və 5 mövsümdən ibarət olan dərin, psixoloji dramdır.
Süjet amansız həyat şərtləri qarşısında sıxışan və ailəsini təmin etmək üçün narkotik istehsalına başlayan, ardınca isə tədricən təhlükəli cinayətkar klanının rəhbərinə çevrilən adi bir kimya müəlliminin hekayəsidir.
Serial baş qəhrəmanın keçdiyi qorxulu və qarşısıalınmaz transformasiya prosesi, gərgin süjet xətti və obrazların təkamülü sayəsində kult statusu qazanıb. Dərin psixologiyanı, gözlənilməz gedişləri və daimi gərginlik hissini sevənlər üçün bu ekran işi mütləq baxılmalı olanlar siyahısındadır.
True Detective
Baş rollarda Hollivudun ulduz aktyorları və real həyatda yaxın dost olan Metyu Makkonahi ilə Vudi Harellson çəkilib.
2014-cü ildə ekranlara gələn serial 4 mövsümdən ibarətdir və hər mövsüm tamamilə yeni personajlarla fərqli bir cinayət hekayəsini təqdim edir. Süjetin əsas nüvəsi mürəkkəb cinayətlərin araşdırılması üzərində qurulub, lakin burada xəfiyyələr təkcə qatillərin izinə düşmürlər, həm də öz daxili, qaranlıq psixoloji böhranları ilə döyüşürlər.
Kriminal dramın, psixoloji dərinliyin və ustad aktyor oyununun bu vəhdəti layihəni son dövrün ən baxımlı işlərindən birinə çevirib.
The Crown
"Netflix"in bu tarixi dramı Böyük Britaniya kraliçası II Elizabetin və kral ailəsinin həyatından bəhs edir, fərqli epoxaların siyasi fırtınalarını və pərdəarxası şəxsi dramlarını gün üzünə çıxarır.
Serialın bu dərəcədə uğurlu olması yüksək səviyyəli prodüser işi, tarixi faktlara vizual dəqiqliklə yanaşılması və güclü aktyor heyəti ilə bağlıdır.
Real hadisələrin, siyasi intriqaların və şəxsi faciələrin bu cür toxunuşu "Tac"ı təkcə yayımlandığı 2016-cı ildə deyil, bu gün də aktual və maraqlı saxlayır.