902
16:25
29 Dekabr 2019

Göyçayda məcburi köçkünlər üçün yaşayış binası istifadəyə verildi - FOTO

Dekabrın 29-da Göyçay rayonunda 80 məcburi köçkün ailəsi üçün yeni yaşayış binası istifadəyə verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə iştirak ediblər.

Məcburi köçkünlərlə görüş zamanı onların problemləri dinlənilib, Göyçayda məskunlaşan bütün məcburi köçkünlərin mənzillə təmin olunması üçün tədbirlərin davam etdiriləcəyi qeyd olunub. Bəzi məcburi köçkünlərin müraciəti əsasında onların Ucarda yeni inşa edilən yaşayış kompleksində mənzillə təmin edilməsi qərara alınıb.

Məlumat verilib ki, Göyçayda bu yeni binanın tikintisi “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər çərçivəsində aparılıb. Yeni yaşayış binası Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) tərəfindən layihələndirilib və tikilib.

Ayrılmış 0,5 hektar torpaq sahəsində tikinti işlərinə bu ilin yanvar ayında başlanılıb.