Aygün Səmədzadə: "Hərdən mənə elə gəlir ki, biz onunla 100 il əvvəl görüşsəydik…" - MÜSAHİBƏ
Çoxdan görüşüb söhbət etmək istəyirdim onunla. Musiqilərini çox sevmişdim, özü ilə ünsiyyətdə maraqlı olar - düşünmüşdüm. Həmsöhbətim Aygün Səmədzadədir. “Azərbaycan”, “Tut ağacı”, “Məktəb illəri” kimi möhtəşəm musiqilərin bəstəkarı. Həm də Azərbaycanın Xalq artisti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygün Səmədzadə.
- Sizinlə görüşə gələndə yol boyu mahnılarınıza qulaq asmışam. Xoşuma gəlməyən mahnınız yoxdur ki, deyəm bu, niyə belə zövqsüz alınıb. Hamısı gözəldir. Buna necə nail olursunuz? Mahnıları hansı şəraitdə, necə bəstələyirsiniz ki, belə gözəl alınır?
- Şəraiti içimdən gələn musiqi yaradır. O musiqini mənə köçürən qüvvənin istəyi. Onu mən bilmərəm, necə oldu yazdım, niyə yazdım? Həmin an, dəqiqə, saat belə istədim, belə alındı. Mahnılarımın gözəlliyini isə bilirəm, hər kəs bilir. Sizin də təsdiqləməyiniz xoş oldu. Təşəkkür edirəm.
- Bütün mahnılarınızda Azərbaycan sevgisi, vətənpərvərlik var. Amma hamısından da Bakı mövzusu ana xətt kimi keçir, məncə...
- Vətənim Azərbaycandır. Azərbaycanı sevirəm. Azərbaycan da mənim üçün Bakıdan başlayır. Çünki Bakıda doğulub boya-başa çatmışam. Təkcə mən deyil, anam, atam, nənələrim, babalarım və ulularım hamısı bu torpaqdandır. Necə deyərlər, əsilli-köklü bakılı qızıyam. Hər kəs öz yerini-yurdunu tərzində, davranışında, danışığında özündən asılı olmayaraq, bu və ya digər dərəcədə göstərir. Mənim də musiqim Bakını bildirir. Əslində bunu mən hiss etmirəm, çünki özüməm. Əsas odur ki, harada doğulduğundan, böyüdüyündən, yaşadığından asılı olmayaraq, ayrı-seçkilik etmədən sevəsən bütöv Azərbaycanı. Onun hər qarışını, acısını, şirinini. Şüar çıxışları sevmirəm. Sadəcə, bəzən yaxşı dediklərimə pis don geyindirənlər olur deyə daha geniş izahat verdim.
- Bakı mühitində keçən uşaqlığınız, mühitiniz, mahnı bəstələdiyiniz o "Tut ağacı"ndan, "Məktəb illəri"ndən danışaq...
- Bakıya sevgimin ilk mənbəyidir o mühit. Doğmadır, ocaqdır, məktəbdir, sevgidir mənim üçün Bakı. Və dediyiniz mahnılarımın hamısı burdan qaynaqlanır. Mən Bakıya aşiqəm. Bakı mənim keçmişim, bu günümdür. Gələcəyi isə gələcək göstərər.
- Mühiti doğulduğun, yaşadığın yer və ailə formalaşdırır. Atanız ixtisasca iqtisadçıdır, amma gözəl tar çalır, yəni musiqiyə bağlı adamdır, bəs ananız kimdir? Musiqidən başqa sözə məhəbbəti, mətnə məhəbbəti hansından öyrənmisiniz, hansı sizə aşılayıb?
- Atam təkcə iqtisadçı deyil, böyük alimdir. Akademikdir və mən onun elmdəki pillə-pillə nailiyyətlərini, uğurlarını addım-addım izləyən ilk övladı olmuşam. Atamın böyüklüyünü, mötəbərliyini, nüfuzunu bizə anladan isə anam olub. Anam gözəl təhsil almış çox savadlı bir uşaq həkimi idi. Peşəsi ilə yanaşı, ədəbiyyatdan, tarixdən, bilib-bilmədiyim bir çox elm sahələrindən çox məlumatlı bir xanım idi. Gözəl əl qabiliyyəti var idi. Boş vaxtlarında bədii tikmə ilə məşğul olardı və əl işlərini sevdiklərinə hədiyyə edərdi. Musiqini çox sevərdi və musiqiçi olmağımı çox arzulayırdı. Bunu onun saatlarla fortepianonun yanında oturub mənim etüd, pyes, prelüd ifalarıma "dözməsi" sübut edirdi. Və həmişə deyərdi ki, həkim həyatının çox zamanını xəstəlik, kədərli abı-hava görür, fikir içində olur, istəyirəm qızlarım musiqi, sevinc görsünlər daim. Amma əslində insan peşəsindən asılı olmayaraq, başqalarının fikrini edə bilər. Bu peşəyə deyil, insani keyfiyyətlərə bağlı bir şeydir.
Onlardan nə öyrənmişəm deyəndə ki... mənimsəmişəm desəm, daha doğru olar. Qanla keçib desəm, daha doğru olar. Hər ikisindən öyrəndiyim haqqı-nahaqqa verməmək olub. Bir də, əlbəttə ki, gördüyüm işə sevgi və hörmət. Savad, qabiliyyət və səviyyə bunların içində olmasa olmaz, təbii ki. Musiqiyə, sözə münasibətimin mənbəyi də bu.
- Sizə baxanda, musiqilərinizi dinləyəndə bu “möhtəşəm layihə”nin müəllifinin elə bir ana olduğu bəlli olur. “Azərbaycan" mahnısını dinləyəndə, Kəmalə xanımın sözlərinə bəstələdiyiniz, içimdə qürurla qüssə bir-birinə qarışır. Olubmu, hansısa mahnını bəstələyəndə göz yaşlarınızı saxlaya bilməmisiz?
- Yazdığıma ağladığım olur. İçimdən gəlir çünki. Əsas odur ki, ağlayıb yazmıram. Neqativ ötürmürəm. Sevgi göndərirəm.
- Özünüzün ifanız da yaxşı alınır, niyə çox ifa etmirsiniz?
- Bir çox mahnılarımın ilk versiyasını eşidənlər öz ifalarımın çox zaman daha uğurlu olduğunu mənə deyirlər. Razıyam bu fikirlə də, çünki mahnılarımı o qədər doğma hesab edirəm ki, bəzən ulduzlarımızın da ifasında tam istədiyim olmadığını düşünürəm, oxuduqları ürəyimcə olmur. Səbəb isə səsdə deyil, ruhdadır. Əlbəttə, istisnalar var, hətta özümdən daha çox razı qaldığım ifaçılarım da çoxdur. Bir də ki, hər gün səhnə adamı olmaq başqa bir işdir, bəstəkarlıq başqa. Hər sahənin ağlasığmaz çətinlikləri var. Oxumaq istəsəydim, bunu daha gənc yaşlarımda edərdim. Belə bir arzum isə olmayıb heç vaxt, ancaq sənətimlə bağlı gecələrdə mahnımı səsimlə təqdim edirəm.
- Sözə çox önəm verdiyinizi anladım mahnılarınızdan. Son vaxtlar Əhməd Cavadın sözlərinə bir neçə mahnı yazmısınız. Çox da gözəl alınıb, zövqlə dinlədim. Əhməd Cavad və ümumiyyətlə, klassika musiqiyə asan gəlir, yoxsa çətin olur?
- Müraciət etdiyim şairləri heç bir vaxt məşhurluğuna, ədəbi mühitdə təsdiq dərəcəsinə görə seçməmişəm. Ruh yaxınlığı, mövzu üstəgəlliyi, baxış bucağının hardasa eyniliyi, bəzən hətta dostluq münasibətləri, bəzən də sifariş müəyyən mahnıların yaranmasına səbəb olur.
Sözə baxıram, seçirəm, uyğunlaşıram, uyğunlaşdırıram, hər sətir yerindədirsə, olduğu kimi qoruyuram, deyilsə, ümumi razılıqla düzəliş edirəm və mahnıları istədiyim kimi yazıram. Nəticələrsə hələ ki gözəldir. Şeir müəllifləri Aygün Səmədzadə yaradıcılığında olduqlarından məmnundurlar məncə və bu bir çox şairlərə mənim də qarşılıqlı münasibətimdir. Mən də məmnunam.
Klassikaya münasibətim isə belədir. Yenə də heç bir zaman klassik ədəbiyyata müraciət edib “mən də bir mahnı, romans yazım, dəbdir”, - deyə fikrim olmayıb. Hətta müəyyən illər bu kütləvi hal alsa belə, ürəyim istəməsə yazmaram. Əhməd Cavada isə tam fərqli münasibətim var. Sanki əvvəldən tanımışam onu. Sanki dost olmuşuq hər zaman. Hərdən mənə elə gəlir ki, biz onunla 100 il əvvəl görüşsəydik də bu əsərlər yaranacaqdı. Nə gözəl ki, 100 il sonra belə yarandı.
“Ey Türk”, “Bismillah”, “Sən ağlama”, “Niyə gəlmədin?”, “Qurban olduğum”, “Türk Ordusuna”, “Elin bayrağı”, “Mən bulmuşam”, “Susmaram” və başqaları.
Əhməd Cavadın sözlərinə 11 əsər yazmışam. Hər biri ilə fəxr edirəm. Və nə xoş ki, məndən başqa bu əsərlərə görə bu hissi yaşayan milyonlarla türk var. Bunu səs-küy, şan-şöhrət xatirinə, əsassız demirəm və qeyri-təvazökarlıq kimi də qəbul etməyin. Sadəcə, bu əsərlərin ifa olunduğu konsertləri izləyin. Cavab orda.
Əhməd Cavad şeiriyyatında türkçülüyü, vətən sevgisini, Şükriyyə eşqini tərənnüm edib, ilahiləşdirib. O ilahiləri musiqimdə yaşatdığımdan inanıram ki, türk dünyasının ən uca şəxsiyyətlərdən olan Əhməd Cavadın ruhu da musiqimə görə şaddır.
- Bəstəkarın dünyagörüşü, həyata baxışı, təhsili, savadı - ümumilikdə onun zövqünü formalaşdırır. Mütaliəniz var, mahnılarınızdan duyulur. Hansı müəllifləri daha çox oxuyursunuz? Öz ədəbiyyatımızdan, dünya ədəbiyyatından sevdiyiniz yazıçılar-şairlər kimlərdir - maraqlıdır?
- Kitab oxumaqla fəxr edilən, köhnə qəzet və jurnalları (makulatura deyərdilər) toplayıb kitab talonu alan dövrün uşaqlarından olduğumdan mən də çox mütaliə edirdim. Dünya ədəbiyyatı külliyatının evimizdə olmasına görə arxayınlıq duyanlardan idim. Kitabı dost, yol yoldaşı bilirdim, bunlar həqiqətən gözəl duyğular idi və istər şəxs, istərsə də musiqiçi kimi formalaşmağımda böyük rol oynayıb.
Son zamanlar az oxuyuram, əvvəlki dövrlərə nisbətən müəyyən səbəblərdən. Və indi düşünürəm ki, kaş bir az da çox oxuyardım əvvəllər. Yaddaş daha iti, beyin daha təmiz, ürək daha isti olanda. İndiki informasiya çoxluğu qiraət zamanımı alsa da, bu çoxluğun içində bir boşluq hiss edirəm, axtardığımı tapmadığıma görə. Bəlkə də indi oxuduqlarımda bugünkü cəmiyyəti, insan düşüncələrini daha çılpaq, daha real, daha doğru gördüyümdən beləyəm. Bəlkə də daha fərqli görmək istəyimdən. Amma Frans Kafka, Paulo Koeliyo, Qabriel Qarsia Markesi oxumadan müasir və ziyalı olduğunu daha nə ilə bildirərsən ki?
Ədəbiyyat həyat tərzimi tənzimləyib hər zaman. Oxuduqlarımın içində yaşamışam. Uşaqlıqdan bu günə sevdiklərimin bəzilərini qeyd edim. Süleyman Sani Axundov - “Qaraca qız", Düma - “Kraliça Marqo", Drayzer - "Kerri bacı", Şarlotta Bronte -"Cen Eyr", ,Jorj Sand - "Konsuella", Elçin - "Qatil", Rəşad Nuri Güntəkin - "Çalı quşu", Anar - "Beş mərtəbəli evin altıncı mərtəbəsi”, J. Moyes - "Səndən sonra" və əlbəttə ki, Tolstoy - "Anna Karenina". Baş qəhrəmanları qadın olan əsərlər. Yazıçısı tərəfindən sevilən, amma nə tərəfi tutulan, nə də ittiham edilən bu qadın obrazlarının hər birini doğma bilirəm. Bəlkə də sevdiyim kitablar siyahısı kimlərəsə sadə və şablon görünə bilər, amma hər halda, səmimiyəm. Oxuduqlarımın, bildiklərimin içində mənim üçün zirvə hələ də İsmayıl Şıxlının "Dəli Kür" romanıdır, yenə də Tolstoy külliyyatı ilə yanaşı. Masaüstü kitabım isə Üzeyir bəyin "Seçilmiş əsərləri"dir. Bu kitab mənə hər gün nə isə öyrədir. Bir vətəndaş və musiqişünas üçün hər zaman aktualdır çünki. Ümumilikdə isə ixtisasımla bağlı musiqi tarixini sətir-sətir öyrəndiyimdən və uzun illər tədris etdiyimdən irəli gələn labüd bir marağım olub - hər bir ölkənin musiqisini onun ədəbiyyatı və tarixi ilə paralel araşdırmışam. Oxumuşam, sevmişəm və dünya ədəbiyyatına bütün ədəbi isimlərinə görə təzim edirəm. Azərbaycan ədəbiyyatının bu gününə və yeni nəsillərinə isə arxayın yazı masası və heç bir vaxt titrəməyən qələm arzulayıram.
- Sizə də bizim ruhumuzu oxşayan musiqilər bəstələməkdə davam etməyi arzulayırıq...
4254