Torpağa gömülən körpələr, hər günə bir ölü, “üç il toxunmaq olmaz...” – <span style="color:red;">Səbuhi Məmmədli yazır
08 oktyabr 2019 15:00 (UTC +04:00)

Torpağa gömülən körpələr, hər günə bir ölü, “üç il toxunmaq olmaz...” – Səbuhi Məmmədli yazır

Zaman 2017-ci il, 6 oktyabr.

“Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki su kanalında aşkar edilən hissələrə parçalanmış kişi meyitinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Meyit Hövsan qəsəbəsi ərazisindəki kimsəsizlər qəbiristanlığında dəfn edilib”.

 

…Hövsana çatmamış sola burulub, azı 5 kilometr getməlisən. Buralarda ictimai nəqliyyat da işləmir. Ya taksi tutmalısan, ya da ayaqlarına güc verməlisən. Nə vaxtsa, kimsə bura “Dədə Qorqud adı verib. Niyə, kimin ağlına gəlib, bilinmir. Qeyri-rəsmi adıdır, təbii ki, “Dədə Qorqud”. Suraxanı rayonunun ərazisidir, Hövsanın bir addımlığında olan kimsəsiz adadır sanki.

 

Elə burda, bu kimsəsiz “Dədə Qorqud”da bir qəbiristanlıq  da var. Adına elə beləcə də deyirlər, “Kimsəsizlər qəbiristanlığı”.

 

Hə, yiyəsi olmayan, bir kimsəsi tapılmayanları, öləndən sonra burada dəfn edirlər.

 

Ərazisi çox böyükdür bu yerin. Bəlkə də Bakıda mövcud olan 32 qəbiristanlığın ən böyüyüdür. Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin balansında olan 32 qəbiristanlığın 13-ü artıq yerli bələdiyyələrə verilib. Bir sözlə, bu sarıdan şəhərin yükü bir qədər azalıb.

 

Hə, “Dədə Qorqud” qəbiristanlığından danışırdıq axı. Gözdən uzaq bir yerdə yerləşən bu qəbiristanlıq, necə deyərlər, 3 yerə bölünüb. Biri müsəlman, bir hissəsi isə xristian qəbiristanlığıdır. Digər biri isə kimsəsizlərin. O birilərindən fərqli, kimsəsizlərin qəbirləri üstə nə ad yazılıb, nə soyad. Ancaq nömrələnib.

 

Bəs burda kimlər və necə dəfn edilir?

 

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov Lent.az-a açıqlamasında deyir ki, həmin meyitlər onlara morqdan göndərilir.

 

- Biz onların nə millətini bilirik, nə cinsini, nə də yaşını. Meyit tapılanda aidiyyatı üzrə polis bundan xəbər tutur. Sonra təcili yardım maşını meyiti morqa gətirir. Bir müddət orda saxlanılır. Sahibinin üzə çıxmasını gözləyirlər. Ondan sonra isə dəfn edilmək üçün bizə təhvil verilir.

 

Sabir Həsənovun dediyinə görə, bu ilin 7 ayı ərzində kimsəsizlər qəbiristanlığında 148 nəfər kimsəsiz dəfn olunub. 2018-ci ildə isə bu rəqəm 365 olub. Ondan bir il əvvəl isə 322. Yəni, dünyasını dəyişmiş bu qədər insanın yiyəsi tapılmayıb.

 

Sabir müəllimin dediyinə görə, bəzən dəfndən sonra ölən şəxsin yaxınları olduğunu deyənlər gəlir.

 

- Bunun üçün ilk növbədə qohumluq əlaqələrini sübut edən sənəd tələb olunur. Bilirsiniz necədir? Bir daha deyirəm, onlar bizə bükülü vəziyyətdə gətirilir. Nömrələnir. O nömrəyə uyğun olaraq da kataloqa salınır. Biz ancaq dəfn edirik. Əgər kimsə gəlib deyirsə ki, filankəs mənim qohumumdur, əzizimdir, biz onları əvvəlcə sanitar, epidemioloji stansiyaya göndəririk. Əgər ölən şəxs xəstə olubsa, onun məzarının açılmasına icazə verilmir. Ancaq rəsmi icazə aldıqdan sonra meyiti istədikləri yerdə dəfn edə bilərlər.

 

Sabir Həsənov deyir ki, bu prosesin özü də asan deyil və çox vaxt aparır. Sən demə, maraqlı qaydası varmış; qumsal torpaqlardan bir il, nəm torpaqlardan üç il meyiti çıxarmağa icazə verilmir. Bu da infeksion xəstəliklərlə izah edilir.

 

Kimsəsizlər qəbiristanlığına qəbirin açılıb köçürülməsiylə bağlı il ərzində bir əlin barmağı qədər müraciət edən ola, ya olmaya. Burda bəzən meyiti tam olaraq yox, tapılan əlini, ayağını və ya digər bədən üzvünü basdırırlar. Amma bütün bunlara baxmayaraq, onları da nömrələyirlər.

 

İki il əvvəl Günay Axundova adlı gənc ananın övladının doğuşdan sonra xəstəxanada ölməsi, valideynlərindən xəbərsiz kimsəsizlər qəbiristanlığında dəfn olunması ilə bağlı xəbərlər cəmiyyətdə rezonans doğurmuşdu. Ana övladının məhz bu qəbiristanlıqda basdırıldığını öyrənəndən sonra o da məlum olmuşdu ki həmin gün Hövsandakı kimsəsizlər qəbiristanlığına dəfn olunması üçün 15 nömrəli tabutda 7 uşaq meyiti göndərilib.

 

2015-ci ildə isə Bakıxanov qəsəbə sakini Tünzalə Qasımova uzun müddətdir vəfat etmiş oğlunun meyitini kimsəsizlər qəbiristanlığından təhvil almaq istəsə də, buna nail ola bilməmişdi. Söhbət ondan gedir ki, Tünzalə xanımın oğlu Vüqar Qasımov 2014-cü ilin sentyabr ayının 2-də 6 sərnişinlə birlikdə qəzaya düşərək dünyasını dəyişib.

 

Amma digər 5 nəfərdən fərqli olaraq Vüqarın üzərində sənədlərin yoxluğu onun kimliyini naməlum saxlayıb. Nəticədə tibbi ekspertizadan kimsəsiz kimi morqa göndərilib. Bir müddətdən sonra isə kimsəsizlər qəbiristanlığında dəfn edilib.

 

Tünzalə Qasımova uzun müddət oğlunu axtarıb. Hətta Suraxanı Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə onun itkin düşməsiylə bağlı müraciət də edib. Amma axtarışlar nəticəsiz qalıb. Yalnız oktyabr ayında onlara oğlunun qəzada ölməsi ilə bağlı məlumat verilib. Ailə də morqda oğlunun şəkillərinə baxıb kimliyini təsdiq edib.

 

Tünzalə Qasımova oğlunu kimsəsizlər qəbiristanlığından çıxararaq öz ata-baba yerində basdırmaq istəsə də, buna icazə verilməyib. Ona da mövcud qaydaları izah ediblər.

 

“Dədə Qorqud” da hazırda xristian və müsəlman qəbiristanlıqlarının arasında kiçik hasara alınmış 23 məzar var. Məzarlar nömrələnməyib, üzərilərində heç bir işarə qeyd edilməyib. Sadəcə olaraq, hər məzara başdaşı əvəzinə bir daş qoyulub. Bu, 2009-cu ildə Sahil bağından, 26-ların memorial kompleksini sökülərkən tapılanların qəbirləridir.

 

Deyilənə görə, bu 10 il ərzində onları ziyarətə bircə nəfər də gəlməyib.

 

Bakının əksər qəbiristanlıqları kimi “Dədə Qorqud” da qorunmur. Yəni, mühafizəsi yoxdu. Ona görə də, təzə qəbirlər bəzən bu tərəflərdə dolaşan itlərin və çaqqalların hücumuna məruz qalır. Düzdür, qəbiristanlığın müsəlman hissəsində bəzi qəbirlərin ətrafı hörülüb.

 

- Bu qəbiristanlıq Bakının ən ucuz qəbir yeri olan qəbiristanlığıdır. Qəbir yerlərinin qiymətləri 400-600 manat aralığında dəyişir. Bu qiymətə sonradan qəbirə qulluq daxil deyil. Ölü yiyəsi istəsə, buna görə, kənddə, yəni “Dədə Qorqud”da xüsusi adam tutub baxdırar. Bir nəfər bir neçə qəbirə baxsa, aya təxminən 150-200 manat qazana bilər.

 

Bunu isə Nurməmməd deyir. Bizi taksiylə “Dədə Qorqud”a aparan sürücümüz.

 

Elə Sabir Həsənov da deyir ki, Bakıda anaq Fəxri Xiyabanlar və Şəhidlər Xiyabanı dövlət tərəfindən qorunur.

 

Bəs görəsən, Azərbaycanda neçə kimsəsizlər qəbiristanlığı var? Baş mühəndis Bakıda cəmi bir belə qəbiristanlığın olduğunu bildirdi.

 

-  Azərbaycanda nə qədər kimsəsizlər qəbiristanlığı olduğunu isə deyə bilmərəm.

 

Hə, bu da bir araşdırma mövzusu olsun!

# 3882
avatar

Səbuhi Sədəf

Oxşar yazılar