Ramiz Mehdiyev ermənilərlə bağlı  çəkdiyim verilişi bağladı – Şeyx Əbdüllə SÖHBƏT
23 oktyabr 2025 14:20 (UTC +04:00)

Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı – Şeyx Əbdüllə SÖHBƏT

0

“İllərdir kinonu niyə bu günə qoyular? Bütün MDB ölkələrində Kinostudiyanı bərpa ediblər. Peşəkar kino ilə məşğul olan insanlar var, prosesdəki problemləri bilirlər, niyə onlar kənarda qalıb?”

Bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.

Onun sözlərinə görə, aidiyyəti olmayan insanlar kinoya rəhbərlik edirlər:

“Ömrünü kinoya verən adamlar haradadır? 81 illik ömrünün 64 ilini kinoya sərf edən, Şeyx Əbdül kimi xahiş edirəm, məsul şəxslər bu işlə məşğul olsun. Bu gün kino ictimaiyyətində olanlar var, onlar yığılmalıdır. Yaltaqlar, məddahlar, kino ilə özünə karyera quranlar, uşaqlarına vəzifə alanlar yox, kino eşqiylə yaşayanlar yığılıb kinoya bir gün ağlamalıdır.  Kimsə qohum-əqrəbasına yer tapmır, gətirib atırlar Kinostudiyaya. Artistlər kino adamı deyil. Nə Rasim Balayevin, nə Şəfiqə Məmmədovanın kinoya dəxli var. Onlar kinonun daxili problemlərini bilmirlər. Gəlib filmlərinə çəkilib gedirlər. Şəfiqə xanım 40 ildir Kinostudiyanın qapısın tanımır”. 

Xalq artisti həmçinin Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə arasındakı konflikdən də danışıb.

“Əli Həsənov bizi Prezident Aparatına çağırdı. Dedi ki, Kinematoqrafçılar İttifaqını bərpa eləmək lazımdır, prezidentin tapşırığı var. Dedi, sədr olaraq kimi görürsən? Dedim, Eldar Quliyevi, Oqtay Mirqasımovu, Cəmil Quliyevi. Məni soruşdu, dedim, yox mən kino çəkənəm. 1 ay keçmişdi ki, eşitdik, Şəfiqə Məmmədova İttifaqa sədr seçilib. Kinoya xəyanət birinci oradan başladı. Ramiz Mehdiyevgilin bir xəyanəti də mənimlə bağlıdır. O vaxt "Qan yaddaşımız: Tarixi erməni yalanları" adlı bir veriliş aparırdım. Məni çağırdılar ki, veriliş dayandırılmalıdır, qarışıqlıq yaradırsan. Axırda məni işdən çıxardılar, verilişi də dayandırdılar. Ramiz Mehdiyevin təşəbbüsü ilə oldu bu. 

Növbəti məsələ də yenə mənə dəydi. Evimi uçurub yerində park salıblar. Hacıbala Abutalıbov kimi bir şoumen mənə dedi ki, Ramiz Mehdiyevlə aranı düzəltməsən, onun dediklərini eləməsən, sənin evini verə bilmərəm. Dedim, əlimdə məhkəmə qətnaməsi var. Dedi, məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır. Ramiz Mehdiyev nə desə, onu edəcəm. Amma bu gün bunların yox, kinonun davasını edirəm”.

Qeyd edək ki, Xalq artisti səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Sənətkarın səhhəti həkim nəzarəti altındadır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3710

Oxşar yazılar