
AFFA futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir - BƏYANAT
AFFA bəyanat yayıb.
APA-nın məlumatına görə, bəyanatda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununda siyasi təxribata yol verməsi pislənilib.
Bildirilir ki, oyunun 30-cu dəqiqəsində, “Qarabağ” komandasının vurduğu ikinci qoldan sonra meydanın üzərində uçan aparat – dron peyda olub: “Üzərində separatçı, qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı asılmış idarə olunan uçuş aparatı meydanın mərkəzinə doğru yönəldilib. Bunun nəticəsində baş hakim oyunun dayandırılması barədə qərar qəbul edib. Təxminən 20 dəqiqədən bir qədər artıq yaranmış məcburi fasilədən sonra oyun dayandırıldığı dəqiqədən davam etdirilib. Təxribata görə yaranmış fasilə müddətində Lüksemburqun idman naziri insidentə görə Lüksemburq hökuməti adından “Qarabağ” komandasından və azarkeşlərdən üzr istəyib. “Qarabağ” klubunun nümayəndələri yaranmış vəziyyətlə əlaqədar narahatlıq və narazılıqlarını yerindəcə “Düdelanj” klubuna və UEFA təmsilçilərinə bildiriblər”.
AFFA rəhbərliyi təcili şəkildə UEFA ilə əlaqə saxlayaraq hadisə ilə bağlı narahatlığını da ifadə edib: “Bundan əlavə, AFFA artıq UEFA-ya şikayət məktubu ünvanlayaraq müvafiq qaydada ölçü götürülməsini tələb edib. Futbol – qarşılıqlı ehtiram, idman ruhu və bərabərlikdir. Təəssüf ki, bəzi qüvvələr futbolu siyasi təxribatlar meydanı kimi görürlər. “Josy Barthel” stadionunda rastlaşdığımız hadisə, eyni zamanda, futbolçuların təhlükəsizliyini şübhə altına salır və ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün müvafiq addımlar atılacaq. İnanırıq ki, UEFA araşdırma apararaq oyunun gedişində baş vermiş xoşagəlməz hadisə ilə bağlı müvafiq qərar qəbul edəcək”.
AFFA “Qarabağ” komandasının futbolçularına təxribata uymadıqlarına, emosiyalarına nəzarət etdiklərinə və peşəkar davranışlarına görə təşəkkür də edib: “Komanda UEFA-nın dəyərlərinə əsil ehtiramını nümayiş etdirdi: hakimin qərarına hörmət, rəqibə hörmət, azarkeşlərə hörmət! Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir! Erməni silahlı birləşmələrinin işğalı nəticəsində Azərbaycan tarixi torpaqlarının bir hissəsini itirib, 1 milyondan artıq həmvətənimiz uzun illərdir ki, qaçqın və məcburi köçkün şəraitində yaşamaq məcburiyyəti qarşısında qalıb. “Qarabağ” futbol dünyasında azsaylı klublardan biridir ki, siyasi münaqişə üzündən, erməni silahlı birləşmələrinin işğalı ucbatından ev oyunlarını doğma stadionunda, təmsil etdiyi Ağdam rayonunda keçirə bilmir. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bütün futbol oyunlarının FIFA və UEFA-nın müəyyənləşdirdiyi dəyərlərə hörmət ruhunda keçirilməsini dəstəkləyir, futbol oyunları zamanı siyasi təxribat cəhdlərini qəti şəkildə pisləyir!”.
Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39