Həbsxanada qazanılan pullar: məhkumlar onu necə xərcləyir? - <span style="color:red;">Polkovnik danışır
22 sentyabr 2019 17:56 (UTC +04:00)

Həbsxanada qazanılan pullar: məhkumlar onu necə xərcləyir? - Polkovnik danışır

“Məhkumlar yığdıqları pulu ailə üzlərinə də verə bilərlər”.
 
Bu sözləri Lent.az-a açıqlamasında Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov deyib. Məlumdur ki, ölkənin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında məhkumlar üçün peşə fəaliyyəti ilə məşğul olmaq üçün imkanlar yaradılır. Onlara istehsal etdikləri məhsulun satışından asılı olaraq, əməkhaqqı verilir. Mehman Sadıqovun sözlərinə görə, əməkhaqqları məhkumlara nağd şəkildə verilmir. Onların şəxsi hesabına köçürülür:
 
 
 
“Hər bir məhkum cəzaçəkmə müəssisəsinə daxil olarkən onun adına şəxsi hesab açılır. Məhkumlara işlədiklərinə görə və dövlət qayğısı kimi minimum əməkhaqqından az olmamaq şərtilə əməkhaqqı verilir. Həmin müavinətlər məhkumun şəxsi hesabına köçürülür, nağd şəkildə verilmir. Əgər məhkumların zərərçəkmiş şəxsə, dövlətə borcu, yaxud məhkəmənin təyin etdiyi aliment varsa, həmin hesabdan ödənilir. Aliment də 1 uşağa müavinətin 25%, 2 uşağa 30%, 3 və daha artıq uşağa isə 50% miqdarında ödənilir. Bəzi Avropa və MDB ölkələrində məhkumlar işləməklə yanaşı, qaldıqları üçün dövlətə pul ödəyirlər. Ancaq Azərbaycanda belə deyil. Məhkum əgər işləyirsə qazandığı pulu öz istəyinə əsasən, nağd köçürmə ilə ailəsinə də göndərə bilər. Həmçinin hər bir cəzaçəkmə müəssisəsində “dükançalar” fəaliyyət göstərir. Məhkumlar müəyyən olunmuş miqdarda həmin “dükançalar”dan şirniyyat, siqaret, dəftər-qələm və.s ala bilirlər. Ancaq məsələn, ayda 100 manat əməkhaqqı alıblarsa o demək deyil ki, pulun hamısın xərcləməlidirlər. Bu da qanunvericiliklə tənzimlənir. Düzdür, son illər çalışırıq ki, məhkumlar da peşə fəaliyyəti ilə məşğul olsunlar, işləsinlər. Ancaq təbii ki, heç bir sənəti olmayanlar da var. Onların da yemək pulu, kommunal xərcləri dövlət tərəfindən ödənilir. Bunun qarşılığında heç bir pul tutulmur”.
 
Mehman Sadıqov, məhkumların peşə fəaliyyəti ilə məşğul olmaları ilə yanaşı, həm də onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün də şərait yaradıldığını bildirib. Onun sözlərinə görə, bir neçə dövlət orqanı bu istiqamətdə Penitensiar Xidməti ilə əməkdaşlıq edir:
 
 
“Penitensiar Xidməti bir neçə dövlət orqanı ilə tədbirlər keçirir. Məsələn, məhkumlara psixoloji və dini tədbirləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Rabitə Nazirliyi keçirir. Məhkumlara xarici dillər öyrədilir. Konsert təşkil olunur, cürbəcür oyunlar keçirilir. Bütün bunlar da məhkumların rəğtəbinə səbəb olur. Qadın cəzaçəkmə müəssisəsində saç ustaları da var. İnternetə çıxış olmamaq şərtilə kompüter kursları fəaliyyət göstərir. Qanunvericiliyə əsasən məhkumların internetə çıxışı qadağandır. Onlar yalnız müxtəlif kompüter proqramları mənimsəyə bilirlər və onlara sertifikat verilir. Bu da onların azadlığa çıxandan sonra tezliklə iş tapmasına kömək edir. Bunlardan əlavə, idman yarışları da nəzərdə tutulub. Hər bir cəzaçəkmə müəssisəsində trenajor, atletik zallar var. Məhkumlar sağlamlıqlarını qorumaq üçün həmin zallardan istifadə edə bilərlər”.
 
Qeyd edək ki, məhkumların peşə fəaliyyətinə cəlb olunma prosesi bir çox dünya ölkələrinin təcrübəsində də var. Çox da uzağa getmiyək, qardaş Türkiyənin Silivri həbsxanasında dustaqlar gündə 14.000 çörək, 2500 simit istehsal edirlər. Bunun qarşılığında isə məhkumlara aylıq 1500-2000 lirə arası( təxminən 454-606 manat) əməkhaqqı alırlar.
# 2525
avatar

Mehman Nəbiyev

Oxşar yazılar