“Dəlicəsinə aşiq olduğum qadınla pul müqabilində sevişdim...” – Bulud qaranın gündəliyi – XX BÖLÜM
25 iyul 2019 20:15 (UTC +04:00)

“Dəlicəsinə aşiq olduğum qadınla pul müqabilində sevişdim...” – Bulud qaranın gündəliyi – XX BÖLÜM

 

Əvvəli: https://lent.az/news/320738

 

20-ci hissə

 

İstək və imtina

Mən ifrat səmimiliyindən əziyyət çəkən, sevdikləri, güvəndikləri tərəfindən hər addımbaşı istifadə olunduğuna inanacaq dərəcədə kompleksli olan pasientlərimə tez-tez belə bir sirli cümlə pıçıldayıram: Xoşbəxt olmaq istəyirsənsə, cəmiyyəti aldat.

Onların heç də hamısı bu cümləni eyni cür dərk və qəbul etmir. İfrat səmimi olduqlarına görə, cəmiyyəti aldatmağı əsasən bazar əlaqələrində və sevgi məsələlərində qarşı tərəfə yalanlar deməkdə görürlər. Belə gördükləri üçün də mənə acıqları tutur, bəzən sakitcə, bəzən də deyinə-deyinə kabinetimi tərk edirlər. Çox az adam anlayır ki, cəmiyyət səni sənin olduğun kimi deyil, özünün olduğu formaya bənzədə bildiyi məqamlarda qəbul edəcək.

İndi bu adamlarla dolu parkın işıqlarının altında nəhəng Mikki Mausun qucağına girən Leylaya baxdıqca, düşünürdüm ki, bax, bu qadın cəmiyyəti heç vaxt aldada bilməyəcək tək-tük qadınlardandır və buna görə də həmişə başı daşdan-daşa dəyəcək. Düşünürdüm ki, bax bu qadının bu şirin təbəssümünün arxasından hər gecə zəhər kimi bir kədər boylanıb, onu ağladır. Düşünürdüm ki, bu qadını qoruyacaq, yanında dayanıb dünyaya meydan oxuyacaq bir kişi mütləq olmalıdır. Baxmayaraq ki, məhz bu cür qadınlar həm kişi qayğısına, həm kişi yardımına hər zaman ən kəskin şəkildə etiraz edərlər, öz güclərinə güvənərlər. Öz gücləri isə... öz gücləri isə onları hər addımda yanıldar. Lap elə bir az bundan əvvəl ərinə mənimlə xəyanət etdiyi kimi. Üstəlik, pulla. Tfu mənə!

- Nə oldu? Çək də! – Leyla səbirsiz halda səsləndi.

- Qaqaş xəyala gedib, - Mikki Mausun içindən kal və xırıltılı kişi səsi gəldi, - ay qa, işim-gücüm var e mənim!

- Mən gedirəm. – telefonu aşağı saldım.

- Nə? – Leyla Mikkinin qucağından birtəhər çıxıb mənə yaxınlaşdı, - necə yəni gedirəm?

- Elə.

- Başa düşmədim e, - Leyla qolumdan sallandı, - axı birdən-birə nə oldu?

- Heç nə. Al bu açarı, - emalatxanamın açarını onun ovcuna qoydum, - yolu bilirsən, maşının da var.

- Bulud, axı...

- Sağ ol.

Mən Leyladan sürətlə uzaqlaşmağa başladım.

- Eyy! – arxamca çağırdı, - dayan görüm! Dəlinin biri dəli!

Mən arxama baxmadan getdim.

O da gəlmədi.

Deyəsən, eləcə çağırmaqla kifayətlənib qalmışdı.

Bilirəm, məni qınayacaqsınız ki, gecə vaxtı qadını küçənin ortasında tək qoydum. Lakin söhbət Leyladan gedir və bu hekayətin ta əvvəlindən bu yana özünüz də görürsünüz ki, bu qadın onsuz da hər zaman təkdir və bu axşamkı görüşümüz də onun məni öz maşını ilə izləməsinə görə baş tutmuşdu. Bu isə o deməkdir ki, o məni izləyir və ünsiyyətimizi tənzimləyirdi, mən yox.

Nə isə.

Surxaya zəng edib tək olduğunu bilən kimi onun yanına getdim.

Bütün gecə boyu gözümə yuxu getmədi.

Leylanı bağışlaya bilmirdim.

O, mənim bütün hisslərimi təhqir etmişdi, mənim qürurumu, kişi ləyaqətimi tapdalamışdı. Mən, ömründə bircə dəfə də olsun, pulla satılan qadınlara tərəf baxmayan, həyatına ancaq qarşılıqlı istək və ya sevgi ilə gələn qadınlarla görüşən Bulud, indi dəlicəsinə aşiq olduğum bir qadınla pul müqabilində sevişmişdim. Üç manat, a kişi! Üç manat...

Baş verənləri Surxaya danışmadım, xəcalətimdən ölüb yerə girəcəkdim yoxsa.

O da üstümə çox gəlmədi, deyəsən qızla görüşü yaxşı keçməmişdi. Hamamdan çıxıb qollarını, çiyinlərini iyləyə-iyləyə, uzanıb yatmağa çalışdığım divanın qabağında o yana-bu yana gedə-gedə mızıldanıb-donquldanırdı.

- İy verir, axmağın qızı! Elə bil pendir çürüyüb üstündə. Get çim də, bilirsən də zəhrimar görüşə gedirsən! Ya da gəldin bura, adam balası kimi mənə de ki, ay Surxay, ay axmağın dal ayağı, olar mən əvvəlcə hamama girim bir duş alım?

- Eşşəyin.

- Nə?

- Deyirəm ki, eşşəyin dal ayağı, axmağın yox.

- Həə, - istehza ilə məni süzdü, - səndə hardandı o bəxt, dal ayağın da ola.

- Ə, yeri rədd ol burdan! – balaca yastığı ona tərəf tolazladım.

- Getdim, getdim.

Surxay yan otağa keçdi.

Mən onun bir də geri dönməyini istəmədiyim üçün daha çağırmayıb, özüm durub işığı söndürdüm və uzandım.

Yox, yata bilmirdim.

Leyla ilə dəniz sahilində öpüşdüyümüz dəqiqələrin həzzi, onunla mənim emalatxanamda sevişdiyimiz dəqiqələrin əzabı ilə bir-birinə qarışırdı beynimdə. Mən onu daha görmək istəmirdim, daha ona toxunmaq, onu hiss etmək istəmirdim...

Və bu məni ağrıdırdı...

Səhər açılan kimi bazarlıq edib, evə cumdum.

Anamla Sevda məni xoşbəxt gəlin-qaynana ovqatında qarşıladılar. Elə gözəl süfrə açmışdılar ki, bütün gərginliyim keçdi. Anamın boynunu qucaqlayıb o ki var öpdüm.

- Sən mənim mələyimsən, gözəlimsən, dünyanın ən yaxşı, ən təmiz, ən müqəddəs qadınısan.

- Əstəğfürullah, elə demə, sənə qurban, - anam məni öpüb özündən araladı, - otur, nə görürsənsə, nuş elə.

- Baş üstə! – dedim və təndir çörəyindən qoparan Sevdaya baxdım, - sən necəsən?

- Sürəyya ananın yanında adam necə olar?

- O əladı, narahat olma, - anam arasına yağ-pendir qoyub sıxdığı çörəyi mənim qabağımdakı boşqaba qoydu, - uşaqdan da tam arxayın ol, nənəsi dünəndən bu günə nəyi var yedizdirir onu.

Az qaldı boğulum. Çörək, pendir, yağ, hamısı sanki birdən nəfəs boruma getdi. Sevda da, anam da təşvişə düşüb mənə yardım etməyə çalışdılar. Sevda su gətirdi, anamsa kürəyimin ortasına möhkəm bir yumruq ilişdirdi.

- Heç zad olmaz, sevinərsən inşallah.

- İnşallah, - Sevda da suyu mənə uzatdı.

Tərs-tərs Sevdaya baxıb gözümü ağartmaqdan başqa nəsə əlimdən gəlmədi. Birtəhər özümə gəlib anama xətir dözərək səhər yeməyimi bitirdim.

Anam uşaqlıq illərimdəki kimi xırda dürməklər düzəldib mənə uzadırdı. Tikələri onun əlindən birbaşa yeməyim mənə yenə Leylanı xatırlatdı. O da ilk dəfə mənim evimdə məni beləcə yedirtmişdi və həmin anlarda mən anamı, uşaqlığımı xatırlayıb kövrəlmişdim.

Ah, Leyla, sən neylədin...

- Surxay niyə gəlmədi? – anam maraqlandı.

- Nə bilim, mən təklif eləmədim ki. Yatmışdı hələ.

- Tofiq bəs? Bakıda deyil?

- Tofiq, - tərs-tərs yenə Sevdanı süzdüm, - gizlənir.

- Bıy, niyə? Nağayrıb ki, anasıölmüş? Kimdən gizlənir?

- Daha orasını sənə dəqiq deyə bilmirəm, ana, gərək bağışlayasan.

- Yox e, neyləyib axı?

- Zibilə keçib. Gündə biriylə gəzən axmaq bir qıza ilişib, daha nə olacaq?

- Vaxsey, öldür məni inanmaram, - anam başını buladı, Tofiq elə iş tutmaz. Mən o uşağı tanıyıram, qız kimi utancaqdı, o itin qızı kimdirsə, uşağıma şər atır.

Bu dəfə Sevda çeçədi, çay getdi boğazına. Anam hövlnak durub onun kürəyinə asta-asta bir-iki şapalaq vurdu və Sevda boğula-boğula mənə göz ağartmağa macal tapdı. Başımı bulayıb ayağa durdum.

- Mən gedirəm Gülnarla görüşməyə, günortadan sonra gələcəyəm, nəsə lazım olsa, zəng eləyərsiz, - deyib dəhlizə tərəf getdim.

- A bala, indi gəlmişdin ki, Gülnar qaçır bəyəm? – anam narazı-narazı dedi, - ay qızım, sən de heç olmasa.

Sevda nəsə demək istədi, amma mənim sərt baxışlarımdan çəkinib susdu, durub süfrəni yığışdırmağa başladı.

- Sən Gülnardansa, get o fağır Tofiqlə görüş, ona de ki, ağlını yığsın başına, anasına yazığı gəlsin. Hər yoldan keçən avara-uvara qıza ilişib eləməsin.

- Yaxşı, deyərəm.

- İlişmək nədi? Gündə biriylə gəzən qız nədi? Qız kimi fağır uşaqdı e. Boğaram o qızı mən.

Anam deyinə-deyinə məni ötürdü. Qapını açanda aşağıdan kiminsə addım səslərini eşitdim. Bir az yubandım ki, yenə şirniyyatçı gəvəzə qonşumun çənginə keçməyim. Addım səsləri bizim qapımıza çatanda kəsildi və qonşu qapının açar səsi eşidildi. Cəld öz qapımı açıb boylandım. Qapıbir qonşumun qapısı da elə bu andaca möhkəm və tələsik çırpıldı.

- Bismillah! – anam qaşqabaqla o qapıya baxdı.

- Yaxşı, sağ ol, - deyib aşağı düşə-düşə Gülnara səsli mesaj göndərdim, - Gülnar, salam, çıx, parkda görüşək, mən çıxdım.

Blokun ağzında isə məni Tofiq gözləyirdi. Onu görüb gülümsədim, salam vermək üçün əlimi uzatdım. O isə soyuq-soyuq üzümə baxıb yanındakı maşının qapısını açdı.

- Otur, gedək!

- Başa düşmədim.

- Otur! – maşının içindən acıqlı kişi səsi eşitdim.

Əyilib içəri baxdım.

Sehrbaz arxa oturacaqda idi və mənə öz yanında yer göstərirdi.

- Gəl!

Mən bir az tərəddüd göstərsəm də, Tofiqin məni demək olar ki, maşına itələyib dərhal da yanımda oturmasından sonra heç bir müqavimət göstərmədim. İndi Sehrbazla Tofiqin arasında sıxılmış vəziyyətdə hara getdiyimi bilmədən oturmuşdum. Sürücü və qabaqda oturan başqa bir oğlan isə “köhnə tanışlar” idi. Onlar mənim evimdə Sənubərə təcavüz edən həmin qoluzorlular idilər.

Yol boyu heç nə danışmadıq.

Sehrbaz sanki maşında tək imiş kimi, ancaq irəli və qara torlu şüşədən yol kənarlarına baxırdı. Tofiq qəzəbli və bir qədər də çarəsiz görünürdü. Mən qəfildən başlayan zəng səsinə diksinmiş kimi əlimi şalvarımın cibinə atıb birtəhər telefonumu çıxarda bildim. Ancaq barmağımı ekranda görünən Surxayın adının üstünə aparmışdım ki, Sehrbaz telefonu əlimdən qapıb söndürdü və öz cibinə qoydu.

- Neynirsən? Ver bura! – az qala bağırıb ondan telefonu almağa çalışdım.

- Ssss....ayıbdır, cavan oğlan, özünüzü mədəni aparın, siz axı tanınmış gənc psixoloqsunuz...

- Ver telefonu deyirəm!

- Aaa olmadı ki... Tofiq bəy, siz bəlkə dostunuzu başa salasınız, - deyə o, heç nə olmayıbmış kimi Tofiqə sarı boylandı.

- Bulud, sakit ol! – Tofiq mənim qolumu sıxıb təkrar etdi, - sakit ol!

Mən dostumun səsində o qədər böyük bir çarəsizlik hiss etdim ki, özümün də sakit dayanıb yolun bitməsini gözləməkdən başqa çarəm qalmadı...

 

(Davam edir)

 

# 3737
avatar

Oxşar yazılar