Sevgi, xəyanət, qisas
Nədir sevgi?
Nə zaman gəlir ömrümüzə?
Başqa bir insanda öz ruhumuzu gördüyümüz anlarda, yəqin ki.
Bəs xəyanət?
Bal kimi başlayan sevgi münasibətləri çox vaxt zəhər dadan xəyanətlə niyə bitir?
Axı fiziki xəyanətin heç bir xüsusi çəkisi yoxdur, o sadəcə əsas münasibətin zədələnməsinin və alternativ münasibətə mənən yoluxmağın üzə çıxmış simptomudur. Nəticədir, səbəb deyil.
Mən bir-birinə xəyanət edən, biri digərinə xəyanət edən, digəri birindən intiqam almaq üçün xəyanətə əl atan çox cütlüklər görmüşəm. Bəzən hətta o qənaətə də gəlmişəm ki, xəyanət dediyimiz prosesin əsl adı özünüqoruma instinktidir, əslində.
Bu dəqiqələrdə bu dənizin sahilində mən başqa bir kişinin ölmüş sayılan, ölkənin televiziya xəbərlərində belə faciəli şəkildə həyatını itirdiyi elan edilən həyat yoldaşı ilə öpüşürdüm və çox, çox xoşbəxt idim. Çünki qollarım arasındakı qadın özü də xoşbəxt idi. Ağlasa da, ən çarəsiz vəziyyətdə olsa da, bu dəqiqə, mənim yanımda dünyanın ən xoşbəxt qadını idi, mən bunu hiss edirdim...
Leyla mənim aldığım nəfəsə dönmüşdü bu son bir ay ərzində. Mən hətta öz evimdə onunla paralel olaraq yaşadığımın fərqində idim axı. Nə olsun ki, heç vaxt üz-üzə gəlmirdik, nə olsun ki qarşılaşmırdıq. Mən bilirdim, mən hiss edirdim ki, bir gün o özü üzə çıxıb ikimizin də həsrətinə son qoyacaq. Mən bütün varlığımla inanırdım ki, o da məni sevir. Sevir...
- Məni heç kimə vermə, heç kimə vermə, vermə, - pıçıldayırdı aramsız, ağlayırdı, tir-tir əsirdi qollarımın arasında.
- Heç vaxt! – deyirdim, dönə-dönə öpə-öpə, - heç vaxt, heç kimə...
O, öz maşını ilə mənim arxamca gəlmişdi. Nə qədər israr etsəm də, bu qədər vaxt ərzində harada qaldığını mənə demədi. Bircə onu dedi ki, hər gün məni görür, uzaqdan da olsa baxır, hərdən mən evdə olmayanda ora gəldiyi zaman sanki ömrü boyunca yaşadığı öz evi kimi hiss edir mənzilimi, öz divanıymış kimi uzanıb dincəlir, sonra öz açarıyla öz qapısını bağlayırmış kimi çıxıb gedir.
- Gedək burdan, - dedim, - gedək bu gecə mənimlə qal.
- Sənlə? – gülümsədi, - harda? Evin doludu adamla.
- Onu da bilirsən? – başımı yırğaladım, - anamın gəldiyini də?
- Hə, - nigaran baxışlarla ətrafa göz gəzdirdi, - Sənubərin ölməsindən də xəbərim var.
- Hətta?
- Hətta... – bir qədər susub soyuq nəzərlərlə üzümə baxdı, - mən bu qədər illərimi manyakla yaşamışam, təsəvvür edirsən?
Sehrbazı nəzərdə tuturdu.
- Nə deyim, bilmirəm, nə baş verir, onu da başa düşə bilmirəm hələ tam olaraq.
- Mən başa düşürəm amma. Onun növbəti qurbanının kim olacağını da təxmin eləyirəm.
- Necə yəni? Nə qurban?
- Gedək burdan. Sən deyəsən axı bayaq getməyimizi istəyəndə öz evini nəzərdə tutmurdun.
- Həə, əlbəttə, başqa yerə gedək, deyəcəkdim.
- Hara?
- Emalatxanaya.
Bir azdan mən maşınımı 4-cü mikrorayondakı gizli evimə sarı sürürdüm. Leyla isə mənim ardımca, öz maşınında gəlirdi. Binanın həyətində maşınlardan düşüb həyətdə dedi-qodu edən iki məhəllə qarısının hikkəli baxışları altında bloka girdik və beşinci mərtəbədəyə qalxdıq.
Qapını açıb Leylanı içəri dəvət etdim.
- Buyur, bu da gizli rəssamın sirli evi. Xoş gəlmisən!
- Hmmm... – qaşlarını qaldırıb maraq dolu təbəssümlə bircə otaqdan ibarət emalatxanamı nəzərdən keçirməyə başladı, - nə gözəl yerdi bura!
Dəhlizdən başlayaraq mənzil boyu divardan asdığım hazır tablolara diqqətlə baxa-baxa, yerdə üst-üstə söykədiyim yarımçıq işləri göstərdi.
- Bunları atırsan?
- Hə, - dedim.
- Niyə? – birini kənara çəkib bir addım uzaqlaşdı və gözlərini qıyıb diqqətlə baxdı, - heyif deyil bu?
Keçən yay çəkməyə başladığım tablo idi. Uşaq vaxtı hamıdan qaçıb təkliyə çəkildiyim yerin təsviri. Çay sahili, çəmənlik, yaxınlıqdakı gur meşə, dağ yamacı, otlayan inəklər, quzular...
- Bu bizim kəndimizin bir tərəfidir.- dedim. - Uşaq vaxtı orada qoyun-quzu, inəklər otlayardı, çox gözəl idi. Dağ, meşə, çay... Mən oranı çoxdandır görmürəm, elə həmin mənzərənin olduğu yer də indi çox dəyişib. Adamlar torpaqları alıb evlər tikiblər, çayı da qurudub həyətlərinə qatıblar.
- Ona görə də yarıda saxlayıb tullamısan bir kənara?
- Hə də, elə deyək. Əslndə, çox həvəslə başlamışdım o rəsmi. Yadıma düşən yerləri çəkdim, dedim gedib kənddə özüm bir də baxıb, fotoşəklini çəkib, qayıdıb işləyərəm.
Amma getdim, gördüm bu mənzərə yoxdur.
- Səni başa düşürəm...
Leyla gözlərini rəsmdən çəkə bilmirdi, deyəsən onu çox bəyənmişdi, az qalırdı zarafatla deyim ki, belə çox bəyənirsənsə, götür, qoy bu yarımçıq rəsm sənin olsun.
Elə bil fikirlərimi oxudu. Birdən çönüb elə bir şey dedi ki...
- Sat bunu mənə.
- Satım? – güldüm.
- Hə, mən bu rəsmi istəyirəm.
- Qurbandı, - qəribə hiss etdim özümü, - götür, sənin olsun.
- Yox, sən bunu mənə satacaqsan.
- Necə tərssən e! Yaxşı, bir manat ver, halal-xoşun, - güldüm.
- Pulum yoxdur.
- Vəssalam da.
- Özümü...
- Nə? – çaşıb qaldım, qulaqlarım düzmü eşidirdi?
- Eşitdiyin. – birdən tablonu kənara qoydu, - yox, bu əsər çox qiymətlidir. Puldan danışaq.
- Heç nə başa düşmürəm.
- İndi hər şeyi başa salaram. Üç manatın var? Tez ol, mənə üç manat ver. Tez!
- Dayan bir dəqiqə... – mən ciblərimdə qurdalanıb pullarımı çıxartdım və dörd əzik manat ayırdım, - dördü var.
- Üçü lazımdır, - əlimdən üç manat qapıb tələsik ovcunda gizlətdi, sonra ətrafa baxıb sanki hər şeyin yerini dəqiqləşdirərək, köynəyinin düymələrini bir-bir açmağa başladı.
- Neynirsən? – səsim həyəcandan titrədi, lakin ona mane olmadım.
- Gəl...
Leyla əlimdən tutub məni otağın küncündəki köhnə divanın yanına çəkdi. Rənglərdən, kağız, kətan, fırça qırıqlarından üstündə oturmağa yer olmayan divanın üstünə çıxaraq hər şeyi ayaqları ilə o yana-bu yana itələyib döşəməyə dağıtdı.
Bu, indiyədək kimsənin görmədiyi misilsiz bir tablo idi. Bir aydır ki, ağlımı əlimdən almış gözəl, zərif, dəlisov qadın bütün çılpaqlığı ilə qarşımda dayanmışdı. Bu anlarda mənim taleyimdəki ən parlaq rənglər bir-birinə qarışmışdı. Qırmızı divan, ağ vücud, qara saçlar...
- Gəl! – daha inamla dedi və mən onun üzündə qəfil yaranan qəribə soyuq ifadəyə də, səsindəki xəfif qəzəbə də əhəmiyyət verməyə macal tapmamış bir də ayıldım ki, divanın üstündə dəli kimi sevişirik. Daha doğrusu, mən dəli və çılğınam, o isə... O isə soyuq, etinasız, sanki dünyanın ən əzablı işinə məcbur olunmuş bir halda, bu işgəncənin bitəcəyi anı səbirsizliklə gözləyən əsir düşmüş qadın vəziyyətində idi.
Leylanın bu halı mənim bütün ehtirasımı saniyələr içində yoxa çıxartdı. Ondan aralanıb kənara çəkildim. Hisslərim bir-birinə qarışmışdı. Aldandığımı hiss edirdim və bu məni ağrıtmışdı. Mən hələ heç vaxt, heç bir qadından bu qədər dəhşətli soyuqluq görməmişdim. Damarlarımda qanımı dondurmuşdu Leylanın buz kimi soyuq sevişməsi. Daha doğrusu, buna sevişmək də demək olmazdı, bu özünü təslim etmək idi, hətta özünü zorlamaq idi ki, Leyla etmişdi.
Və indi, mən ondan aralanıb əynimi geindiyim zaman divanın küncünə qısılıb sakit-sakit ağlayırdı. Dizlərinin üstündə üç əzik manat vardı.
- Mən heç nə başa düşmürəm... – hirsimdən, pərtliyimdən səsim də sınmışdı elə bil, xırıldayırdı, - sən bunu istəmirdinsə...Düzü, mən səni tamam başqa cür təsəvvür edirdim. Elə bilirdim...
- Elə bilirdin ehtirasım yerə-göyə sığmır, hə? – ağlamağını kəsib saçlarını üzündən arxaya verdi, - elə bilirdin burda indi daş-divar yanacaq?
- Off, Leyla, off! – onun paltarlarını götürüb geyinməsi üçün uzatdım, - geyin, sonra oturaq, söhbət eləyək. Ya da gedək hardasa yemək yeyək, mən çox pis acdım.
- Yaxşı, - köksünü ötürdü.
O, müticə durub geyindi. Divanın üstünə düşən manatları da səliqə ilə qatlayıb şalvarının cibinə qoydu. Sonra irəli əyilib gödək saçlarını əlləri ilə bir –iki dəfə möhkəmcə çırparaq qamətini düzəltdi. İlahi, bircə bu hərəkəti ilə gözümün qarşısındaca nə qədər dəyişdi birdən-birə! İndi o, tamamilə başqa bir qadın idi. İlk dəfə gördüyüm həmin iti baxışlı, güclü, zərif, gözəl Leyla...
Yarım saat sonra biz şəhərin işıqlarına qarışıb qaranlığında addımlayan insanlarının içində yoxa çıxmışdıq.
Mən, ilk baxışdan sevdiyim, gözlərində öz ruhumu gördüyümdən əmin olduğum qadınla qol-qola, yan-yana yeriyirdim. Bir az əvvəl o mənim qadınım olmuşdu, mənə təslim etmişdi özünü. Amma...
- Sən o gözəl qızın canı, bir nəzir ver, - qaraçı uşaqları başımıza toplaşdı.
- Ver də, yoxsa məni gözəl hesab eləmirsən? – Leyla güldü.
Cibimdəki həmişə bir-birinə dolaşmış halda olan pul topasını çıxartdım, bayaq məndə qalan bir manatı aralarından tapıb uşaqların ən böyüyünə uzatdım. O da dərhal alıb qaçdı, digər ikisi də onun dalınca götürüldü, lakin bir az axsayan ən fağırı qaldı, yazıq-yazıq üzümə baxdı.
- Sən o gözəlin canı...
- Məndə daha xırda pul yoxdur, - dedim.
Birdən Leyla cibindən on manatlıq çıxarıb uşağa uzatdı. Uşaq əvvəl özünü itirdisə də, ikinci saniyədə pulu qapıb yoldaşlarının əksi istiqamətində harasa götürüldü.
- Səndə manatlar var axı, - dedim.
- Onlar mənim deyil.
- Niyə ki? Mən sənə verdim də. Demək, sənindir.
- Yoox. Sən mənə vermədin. Sən onları Sehrbazın arvadına verdin. O da özünü sənə satdı. Üç manata. Başa düşdün?
- Nə?
- Hə!
Leyla qolumdan çıxıb parkdakı nəhəng Mikki Mausun qucağına girdi.
- Çək bizi, tez! – deyib güldü.
Mən, yerimdə donub qalmışdım, özüm şəkildən və ya heykəldən fərqlənmirdim.
Qadın, onun sevgisi, onun xəyanəti...
Bu, dəhşət idi.
(Davam edir)