ABŞ-ın Federal Təhqiqat Bürosu 2019-cu ildə İranın xeyrinə casusluqda ittiham olunan keçmiş Hərbi Hava Qüvvələri kəşfiyyat mütəxəssisi Monika Uittin tutulmasına kömək edəcək məlumat üçün 200 min dollar mükafat təklif edib.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, FBI bildirib ki, qurum 2013-cü ildə İrana qaçdığı ehtimal edilən Monika Uittin yerini hələ də müəyyən etməyə çalışır. Agentlik onun ehtimal ki, İranın gizli fəaliyyətlərini dəstəkləməyə davam etdiyini qeyd edib.
Monika Uitt ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Araşdırmalar İdarəsinin keçmiş əks-kəşfiyyat zabiti olub. Hərbi Hava Qüvvələrinin tərkibində o, 2003 və 2008-ci illərdə Yaxın Şərqə aparan əks-kəşfiyyat tapşırıqları yerinə yetirib.
2019-cu ildə ABŞ baş prokurorunun keçmiş köməkçisi Con Demers bildirib ki, Uitt İran tərəfindən hədəfə alınıb və əməkdaşlığa cəlb olunub. Onun sözlərinə görə, Monika Uitt ölkədən qaçdıqdan sonra İrana “tam məxfi kəşfiyyat məlumat toplama proqramı” barədə məlumat verib və ABŞ kəşfiyyat zabitinin kimliyini açıqlayıb. Bu isə həmin şəxsin həyatını təhlükə altına atıb.
İttiham aktında prokurorlar bildiriblər ki, Monika Uitt təxminən 2012-ci ilin yanvarından 2015-ci ilin mayına qədər İranda və ABŞ-dan kənardakı digər yerlərdə iranlılarla əlbir olaraq “ABŞ-ın milli müdafiəsinə aid sənəd, eləcə də məlumatları ABŞ-a zərər vurmaq, həmçinin İranın maraqları naminə istifadə ediləcəyini bilərək ya da buna əsaslı şübhə edərək ötürmək məqsədilə” fəaliyyət göstərib.
İttiham sənədində qeyd olunur ki, Uitt ölkədən qaçdıqdan sonra İran hökumət rəsmiləri ona “mənzil və kompüter avadanlıqları da daxil olmaqla müxtəlif mal və xidmətlər” təqdim edərək onlar üçün işləməsini asanlaşdırıblar.
“CNN Politics” qeyd edir ki, hazırda ABŞ-da onun maraqlarını təmsil edən vəkilinin olub-olmadığı məlum deyil.
İttiham aktında daha dörd iranlı şəxsə qarşı da cinayət işi açılıb. Onlar sui-qəsd, kompüter sistemlərinə müdaxilə cəhdləri və ağırlaşdırıcı hallarla şəxsi məlumatların oğurlanması maddələri ilə ittiham olunurlar.