İti çox yumaq sağlamlığına  zərər verə bilər - Baytarlardan XƏBƏRDARLIQ
15 may 2026 17:31 (UTC +04:00)

İti çox yumaq sağlamlığına zərər verə bilər - Baytarlardan XƏBƏRDARLIQ

0

Baytarlar itlərə qulluq vərdişlərinə yenidən baxmağı tövsiyə edirlər, çünki həddindən artıq tez-tez çimizdirmək dərinin təbii qoruyucu qatını məhv edir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, itləri əslində nə qədər tez-tez yumaq lazımdır və bu cavab bir çox heyvan sahibini təəccübləndirə bilər.

Mütəxəssislərin fikrincə, iti çox tez-tez çimizdirmək nəinki qoxunun qarşısını almır, hətta heyvanın dərisi və tükləri üçün zərərli ola bilər. Onlar bildirirlər ki, itləri ayda bir dəfədən çox yumaq məsləhət deyil.

Baytar Pablo Antonio Olmedo Qonsales TikTok-da izah edib ki, itin dərisində sağlamlığı qoruyan təbii yağ təbəqəsi var. Əgər bu qat çox tez-tez yuyularsa, dəri daha çox yağ ifraz etməyə başlayır və nəticədə it daha güclü qoxuya bilər.

Baytarın sözlərinə görə, ən yaxşı həll dərinin “istirahət etməsinə” imkan verməkdir. O, iti maksimum ayda bir dəfə, mümkün olduqda isə daha da az çimizdirməyi tövsiyə edir. Təmizliyi qorumaq üçün isə tükləri mütəmadi olaraq daramaq daha faydalıdır.

Baytar Mariya Vetikan da bu fikirlə razıdır. O xəbərdarlıq edir ki, sabun və şampunlar dərini quruda, təbii yağların miqdarını azalda və heyvanı infeksiyalara və dermatoloji problemlərə qarşı daha həssas edə bilər. Digər baytar Devid Aldas isə hesab edir ki, itləri daha da nadir hallarda ildə cəmi 3-4 dəfə çimizdirmək kifayətdir. Onun sözlərinə görə, pişikləri isə bəzən ildə yalnız bir dəfə yumaq yetərli olur.

Blue Cross xeyriyyə təşkilatı da itləri ciddi ehtiyac olmadıqca çimizdirməməyi tövsiyə edir. Əgər ev heyvanı palçığa batmayıbsa və ya xoşagəlməz bir şeyə bulaşmayıbsa, təbii yağların öz funksiyasını yerinə yetirməsinə imkan vermək daha yaxşıdır. Təşkilat xatırladır ki, itlər müəyyən qədər özlərini təmizləyə bilirlər və tez-tez çimizdirmək birə və qurdlara qarşı istifadə olunan damcıların təsirini də azalda bilər.

Bununla belə, dəri xəstəlikləri olan itlər üçün çimizdirmə qrafiki fərqli ola bilər. Belə hallarda baytarla məsləhətləşmək tövsiyə olunur. Mütəxəssislər itlər üçün xüsusi hazırlanmış şampunlardan istifadə etməyi də məsləhət görürlər, çünki onlar dəriyə daha yumşaq təsir edir.

Alternativ olaraq uşaq şampunundan da istifadə etmək olar. Əgər heyvan sudan qorxursa, onu tədricən vannaya öyrəşdirmək, tərifləmək, sevdiyi yeməklərlə mükafatlandırmaq və ya diqqətini yayındırmaq üçün ksilitolsuz fıstıq yağı vermək tövsiyə edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar