"Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi - <span style="color:red;">Milli Qurtuluş Günü "
11 iyun 2019 12:55 (UTC +04:00)

"Müasir gəncliyin mənəvi inkişafının başlanğıc tarixi - Milli Qurtuluş Günü"

XX əsrin sonlarında Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi tarixi zərurət kimi ortaya çıxdı. Əsrin əvvəllərində olduğu kimi bu yolda çətinliklər də oldu, məhrumiyyətlər də. Belə ki, azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemət olduğundan Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apardı, bu yolda minlərlə şəhid verdi. Keçilən şərəfli, zəhmət və əziyyətlə dolu bir yol göstərdi ki, Ümummilli lider Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu yolda Azərbaycanın yenidən öz dövlət müstəqilliyinə qovuşması üçün hər bir soydaşımızın üzərinə konkret vəzifələr düşdüyünü deyirdi:

 

“İndi hər bir namuslu, qeyrətli azərbaycanlı gərək öz şəxsi mənafelərini, imtiyazlarını unutsun, xalqın aqibəti, bu günü və azad gələcəyi haqqında düşünsün. Xalqın müqəddəratı hər şeydən üstün olmalıdır”.

 

15 iyun 1993-cü il… Milli Qurtuluş Günü… Azərbaycan xalqının müqəddəratının həll olunduğu, dövlətimizin gələcəyinin müəyyən edildiyi, ölkəmizin inkişafının təməlinin qoyulduğu tarix… Bu tarix həm də bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni sahələrdə yenidənqurma və inkişaf dövrünün əsasını qoydu. Qısa zamanda ölkədə əhəmiyyətli islahatlar aparıldı. Ulu öndər Heydər Əliyevin apardığı ən mühüm islahatlardan biri də dövlət gənclər siyasətinin bünövrəsinin qoyulması, formalaşdırılması, vətənpərvərlik və azərbaycançılıq ideologiyasının təbliği və bu sahədə bir çox strateji əhəmiyyətə malik proqramların həyata keçirilməsi oldu. Bu da təbiidir. Çünki gənclər xalqın ümidi, onun inkişafının və yüksəlişinin əsas meyarıdır.

Müasir gənclərin isə bu tarixi dərindən öyrənməsi zəruridir. Azərbaycanda həyata keçirilən gənclər siyasəti ümumi dövlət siyasətinin mühüm tərkib hissəsidir ki, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün bütün şərait yaradılıb. Gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı yaradılan şərait, həyata keçirilən tədbirlər onların cəmiyyətdə özlərinə mühüm yer tutmalarına imkan verir. Məhz Milli Qurtuluş Günü gənclərimizin daha rahat, firavan həyat sürməsinə şərait yaratdı. Nəticədə milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılmasının, gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsinin əsası qoyuldu.

 

Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf strategiyasının təməl sütunları deməkdir. Ulu öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib.

 

Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Onun potensial güc mənbəyi kimi elmi-fiziki güclərinə üstünlük verdiyi, ictimai və sosial həyatın, cəmiyyət quruculuğunun bütün sferalarında təmsil olunmalarına geniş imkanlar yaratdığı qüvvə həmişə gənclər olub.

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləyir, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət edirdi. Ulu Öndərin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.

 

Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradıldı. 1995-ci ildə isə Ümummilli Lider Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi və Ulu Öndər tədbirdə şəxsən iştirak etdi. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər "2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında" Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etdi. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamlar, həmçinin, "Gənc ailə", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı" və digər proqramlar çərçivəsində ölkəmizdə gənclərin sosial-maddi şəraitinin yüksəldilməsi, ictimai fəallığının artırılması istiqamətində mühüm fundamental baza oldu. Milli mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq, gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək, gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək, gənclərin təşkilatlanmasını təmin etməklə, onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək, gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq, Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq kimi Ümummilli Liderin müəyyən etdiyi strateji hədəflər reallaşmağa başladı.

Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə, malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Hər il olduğu kimi, bu ildə gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Əsasını gənclər təşkil edən Azərbaycan Ordusu isə Aprel və Günnüt zəfərlərini qazanmaqla tarixi torpaqlarımızın tezliklə işğaldan azad ediləcək inamını müəyyənləşdiriblər.

 

Sadalanan faktlar sübut edir ki, müasir Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki, bu gün qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

 

 

Mikayıl Həsənli - “Gənc Nəslin Maarifləndirilməsi” İctimai Birliyi

# 1158
avatar

Oxşar yazılar