2443
10:16
12 May 2019

Biri xəstələndi, o biri qazandı, biri yerini tapdı, tapmayan itirdi

Bir az ordan, bir az burdan “Ordan burdan”

Layihə “Bizim filmlər”

Film-tamaşa o vaxtkı Sovet pulu ilə 8972 rubla və çox böyük əziyyətlər hesabına başa gəlib. Məbləğ isə kollektivə gəlib çatıncaya qədər yarıbayarı azalmışdı. Rejissor məcbur olub sədrə müraciət etdikdən sonar kəsilən vasait kollektivə qaytarılıb.

Azərbaycan televiziyasının tarixində ilk dəfə iştirakçılardan ötrü 40-a yaxın kostyum tikdirilmişdi. Çəkilişlər düz 13 pavilyonda aparılmışdı. Rəssam Rafael Əsədov 13 dəfə dekorları dəyişdirmişdi.

Söhbət bir az “O, olmasın bu olsun”, “Arşın mal alan”ı, bir az da “Uzuncorab Meri Poppins” bədii filmini xatırladan məşhur “Ordan burdan” muziklından gedir.

Ölən ata, doğulan təxəllüs

1987-ci ilin yanvarın 1-də o vaxtlar hamımız üçün yeganə olan dövlət televiziyasında “Ordan-burdan” adlı muzikl efirə yayımlandı. Əslində Az.Tv-də o vaxt çox maraqlı televiziya tamaşalarını həsrətlə gözləyirdik. “Ötən ilin son gecəsi”, “Yollar görüşəndə”, “Qatarda”, “Ömrün yolları”, “Kökdən düşmüş piano”, “Evləri köndələn yar”, “Topal Teymur”, “Günahsız Abdulla”, və nəhayət “Ordan-burdan”.

Hələ ondan sonra da “Yaşıl eynəkli adam”, “Qonşu qonşu olsa”, “Kamança”, ötən layihədə söz açdığımız “Ac həriflər”, “Bala başa bəla”, “Yarımştat”, “Fatehlərin divanı”, “Nigarançılıq”, “Nekroloq”, “Dəvətnamə”, “Yumurta”, “Bəylik dərsi” və hələ ekranlara getməyən “Müraviyə vəkilləri” olacaq. Hər birinin altında bir rejissor imzası artıq tamaşaçıya çox doğma olan Ramiz Həsənoğlunun adı. Bu imza Ramiz Mirzəyev kimi də çox işlənib. Elə söz açacağımız “Ordan-burdan” teletamaşası efirə çıxan il Ramiz müəllim atası rejissor Həsənağa Mirzəyevi itirir, özü də məşqlərə başı qarışdığından atasının ölümü barədə yalnız axşam evə gələndə bilir. Və bu ağrıdan atasının xatirəsini əziz tutmaq üçün sonradan Həsənoğlu təxəllüsünü götürür.

Rejissor inadı

“1985-ci ilin ortaları ilə televiziyanın sədri Elşad Quliyev məni çağırıb senarini verdi. Oxudum, xoşuma gəldi. İdeya belə idi ki, tamaşanı libretto müəllifləri Zəminə və Fuad Hacıyevlərlə hazırlayım. Sonra da dedilər ki, məndən yalnız televiziya rejissoru kimi bəhrələnəcəklər. Qəti etirazımı bildirdim və dedim ki, tamaşanı təkbaşına qoymaq istəyirəm. Bir müddət sonra sədr məni çağırıb dedi ki, get tamaşanı hazırla. Başladım .”

Çox uzun məşq prosesi başlayıb. Müəlliflər yeni rejissorun işinə qarışmağa cəhd göstəriblər. İstəyiblər ki, tamaşada Nəsibə, Hacıbaba və Siyavuş üçlüyü “Hicran” tamaşasında olduğu kimi oynasınlar. Rejissor başqa seçim edib və onların üstündə dayanmağa nail olub.

Siyavuş Aslanı Cahangir Novruzov əvəz elədi, Telman Adıgözəlov isə ermənini

Təbii ki, bir-neçə aktyorun seçilməsi, sonradan müəyyən səbəblərdən onların da dəyişdirilməsi də yan keçilməz olub. Məsələn, Salman bəy roluna əvvəlcə rəhmətlik Hamlet Qurbanov dəvət olunub. Bir-neçə ay məşq prosesindən sonra aktyor özü etiraf edib ki, rol ona görə deyil.

Sonra həmin obraza Siyavuş Aslan dəvət olunub, amma onun da ailəsində və onunla da bağlı səhhətində yaranan problemlər tamaşanın məşqləri ilə üst-üstə düşdüyündən aktyoru əlyandımda Cahangir Novruzovla əvəz etməli olublar. Tamaşa az bir vaxtda təhvil verilməli idi, çünki istehsala buraxılma vaxtı artıq ləngimişdi. Bu ləngimə isə həmin vaxt rəhbərliyin məqsədli şəkildə Ramiz Həsənoğluya “Azərbaycan təranələri” adlı film-konsertin istehsalını tapşırması idi. İki daşın arasında rejissor həm də o işin öhdəsindən gəlməli idi. Cahangir Novruzov vəziyyəti və dostu Ramiz Həsənoğlunu anlayıb tez bir zamanda obraza daxil olur. Bu minvalla Salman bəyin əvəzsiz ifaçısına çevrilir.

Əlibəylə Həmid obrazları əvvəlcə Fəxrəddin Manafovla Telman Adıgözəlova tapşırılır. Rejissor istədiyi nəticəni ala bilmədikdə onları Yaşar Nuri ilə Rafael Dadaşovla dəyişir. Tamaşaya baxanda onların yerinə başqa aktyorları təsəvvürə belə gətirə bilmirsən. Telman Adıgözəlov isə ondan əvvəl bir erməni aktyora verilmiş, sonra alınan rəqs müəllimi rolunu oynamalı olur.

“Mne eta nada?”

Ağaxan Salmanov: ( Bayram bəy) “Düz bir il o rol üzərində məşq etdim, çünki tərəf müqabillərimi bir-neçə dəfə dəyişdilər, onların hər biri ilə yenidən məşqə başlayırdıq. Rejissor məni qoymurdu əlavələr etməyə. Mən də elə mətni ifa edirdim. Bir gün Ramiz dedi ki, Ağaxan, səndə heç nə alınmır. Dedim, çünki mənə nə isə alındırmaq üçün azadlıq vermirsən . Dedi bu andan etibarən nə istəyirsən elə görək necə alınır. Sağ olsun, elə bil bir illik qandaldan sonra əl-qolum açıldı. “Tebe eto nada?”, “Mne eto nada? “ kimi əlavələr, sonra arada yıxılmaq, mimikalar əlavə etdim, hərəsini öz yerində. Düzdür, o yıxılmaq səhnəsində hər dəfə Cahangir gülüb əldən getdiyi üçün kadrı yenidən çəkməli olurduq. Bir 5-6 dəfədən sonra Ramiz Cahangirə dedi ki, bir də Gülsən ayrı-ayrılıqda çəkib sonra montaj etməli olacağıq. Ondan sonra Cahangiri özünü ələ aldı. “Tebe eta nada?” deyəndə də Yaşarla, Gülşən əldən gedirdilər. Çox uğurlu rol oldu mənə, indiyə qədər küçədə həmin ifadə mənə deyilir.”

Xəncərli xalanın bığ etirafı

Zərnigar Ağakişiyeva: (Firuzə, Rəna, xəncərli xala ) “Ramizin ondan əvvəl də tamaşalarında oynamışam. Burda da böyük zövqlə oynadım. Bir əsərdə bir-neçə xarakter yaratmaq hər aktyorun arzusudur. Ən xoşuma gəlməyən xəncərli xalanı oynamağım oldu. Bığ qoymaq ürəyimcə deyildi, utanırdım, o da tamaşada hiss olunur. Çox fəxr elədim o tamaşa Rusiyanın ORT kanalı ilə nümayiş olundu.”

Yeri gəlmişkən, tamaşa elə həmin ilin yanvarında Rusiyanın ORT kanalı ilə nümayiş edildi. O vaxt ordan Elşad Quliyevin adına təşəkkür məktubu da gəlmişdi ki, tamaşa çox xoşumuza gəldi, rejissorla yaradıcılıq ünsiyyətində olmağı arzu edirik.

Tamaşa Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuşdu. Musiqilər Rauf Hacıyevindir və bəzi musiqiləri Elxan Əhədzadənin bariton səsində eşidirik.