104
14:32
28 Aprel 2018

"Dünya ictimaiyyəti Dağlıq Qarabağ məsələsinə lazımi diqqəti ayırmır" - Avropalı məruzəçi

Norika Nikolai: "Avropa Parlamenti hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev aprelin 28-də Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai ilə görüşüb.
Komitədən APA -ya verilən məlumata görə, görüşdə komitə sədri Rövşən Rzayev qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqətdə saxlayır. Onların sosial problemlərinin həlli istiqamətin lazım olan bütün addımlar atılır. “Lakin Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altındadır. Bu hazırda məcburi köçkünlərin ən böyük problemidir. Bu məsələdə ədalətli mövqenin olması çox vacibdir. Biz istəyirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dünya ictimaiyyəti, aparıcı dövlətlər, xüsusilə Minsk qrupunun həmsədr ölkələri ədalətli mövqe nümayiş etdirsinlər. Azərbaycanın ərazi bütövlüyü təmin olunsun, vətəndaşlarımız öz doğma torpaqlarına qayıda bilsinlər”,- deyə Rövşən Rzayev vurğulayıb.
Rövşən Rzayev Azərbaycan Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində vacib layihələrin həyata keçirildiyini bildirib.
Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığa çox böyük önəm verildiyini qeyd edən komitə sədri Avropa Parlamentinin və Avronest Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməsinin zəruriliyini ifadə edib.
Dağlıq Qarabağ münaqişəsinin uzun illərdir öz həlli yolunu tapmamasından təəssüfləndiyini bildirən Norika Nikolai son vaxtlar Avropa Parlamentində bu məsələyə münasibətdə canlanmanın müşahidə edildiyini vurğulayıb: “Avropa Parlamenti hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. Düşünürəm ki, birgə səylərlə münaqişənin müsbət həllinə nail olmaq mümkündür. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqətlə yanaşılır. Ancaq insanlar üçün qida və su qədər vacib daha bir amil də var ki, bu da doğma evləridir. Bu insanlar üçün isə doğma ev, vətən Dağlıq Qarabağdır. Lakin təəssüflər olsun ki, dünya ictimaiyyəti bu məsələyə lazımi diqqəti ayırmır”.
Görüşdə son günlər Ermənistanda gedən siyasi proseslərə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.
Görüşdən sonra Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Norika Nikolai Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavinlərinin müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yaradılmış şəraitlə yerində tanış olublar.
APA