Bu traktor  500 min dollara   satılır
02 may 2022 16:08 (UTC +04:00)

Bu traktor 500 min dollara satılır

ABŞ-da 1910-cu ildə buraxılmış “Pioneer 30-60” traktorunu satmağa çalışırlar.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, nəhəng təkərləri olan antik lokomotivə bənzər traktor 500 min dollar dəyərində qiymətləndirilir.

Yaşlı olmasına baxmayaraq, traktorun belə yüksək məbləğə satışa çıxarılması mühərrikinin hələ də əla vəziyyəti, işlək vəziyyətdə olması və nadirliyi ilə izah olunur.

Traktoru Amerikanın Minnesota ştatının Uionona şəhərindəki Pioneer Tractor Mfg şirkəti hazırlayıb. O, 1900-cü illərin əvvəllərindən Böyük Depressiya dövründə biznesin tənəzzülə başladığı 1927-ci ilə qədər uğurla kənd təsərrüfatı avadanlığı kimi satılıb.

Bu traktor 1910-cu ildə buraxılıb və şirkətin ilk və ən populyar modeli idi. 10 tonluq maşının təxminən 2,4 metr diametrli arxa təkərləri var və təxminən 60 at gücündə 20,2 litr (1230 kub düym) həcmli dörd silindrli üfüqi əks mühərriklidir. Traktor saatda 10 kilometrə qədər sürətlə gedə bilərdi, bu, "çılpaq" polad təkərlərdəki qədim nəhəng üçün olduqca yaxşı sürətdir.

Əsrin əvvəlində model 2700 dollara təklif edilmişdi - indiki pulla təxminən 77500 dollar. Şirkətin reklamındakı heyranedici qiymət etiketi “Pioneer”in "bütün üstünlüklərə malik olması və digər istehsalçıların traktorlarına xas olan çatışmazlıqların heç birinin olmaması" ilə izah edilirdi.

Hazırda 500.000 dollar dəyərində qiymətləndirilir. Modelin 17 il istehsal olunmasına baxmayaraq, bu “Pioner”lərdən yalnız 14-ü bu günə qədər sağ qalıb. Hərəkət edə biləcək yalnız bir neçə traktor qalıb - 1997-ci ildə tam bərpa edilən bu nüsxə də daxil olmaqla.

Ancaq indiyə qədər belə bir məbləğ qoymaq istəyən kolleksiyaçı olmayıb.

1930-cu illərdən əvvəl istehsal edilən avtomobil və avadanlıqlara həsr olunmuş sonuncu “Aumann” hərracında  “Pioneer”i sata bilməyiblər - onlar bunun üçün 456,750 dollar qiymət planlaşdırmışdılar.
 

# 3135
avatar

Oxşar yazılar