Qanunsuz tikililərə amnistiya? - ARAŞDIRMA
26 fevral 2009 17:00 (UTC +04:00)

Qanunsuz tikililərə amnistiya? - ARAŞDIRMA

Dövlət hazırlıq görür...

Redaksiyamıza müraciət edən Bakı sakini Hafizə Məmmədova sənədsiz evini dövlət qeydiyyatına salmaq niyyətindədir. Onun dediyinə görə, bu günlərdə qeydiyyat məsələsinə heç bir dəxili olmayan idarədən ona maraqlı təklif gəlib. Təklif isə bundan ibarətdir ki, rüşvət verərək evinin layihəsini çəkdirsin və onlar da qanunsuz evlərin sənədləşdirmə işi başlayanda onun evini ilkin sıralara sala bilərlər. “İşbaz” az da pul istəmir. Vətəndaş tərəddüd içindədir. Pul verib qabağa düşməyin nə qədər mümkün olduğunu öyrənmək istəyirdi. Təbii ki, rüşvət vermək elə onu almaq qədər cinayətdir. Amma bizi maraqlandıran budur ki, sənədsiz tikililərin tezliklə sənədləşdiriləcəyi ilə bağlı yayılan söz-söhbətlər hansı müddətə reallaşa bilər? Və bu cür tikilisi olan vətəndaşa hazırkı şəraitdə nə məsləhət vermək olar?

Bu sualların cavabını axtararaq maraqlı mənzərə ilə rastlaşdıq. Əvvəlcə onu bildirək ki, Azərbaycanda yüz minlərlə insan yaşadığı evin qanunla tam sahibi deyil. Yəni əslində tikib qurduğu və ya başqasından aldığı ev üzrə mülkiyyət hüququ tanınmır. İlkin baxışdan söyləmək olar ki, vətəndaş tam sənədləri əldə etmədən tikintiyə başlayıbsa, artıq qanunu pozub və buna görə məsuliyyət daşıyır. Lakin bu qanun pozan insanların sayına nəzər salanda ortaya bir sual çıxır:

bu qədər vətəndaş birdən-birə, kütləvi şəkildə qanunsuz yola niyə əl atıb?

Bunun əslində bir çox səbəbi var, əsas da məmur özbaşınalığı, imtiyazlı kəsim, məcburi köçkün adından istifadə edən ipə-sapa yatmayan vətəndaş və s. Hər halda, necə deyərlər, ya vəlvələdən, ya zəlzələdən ölkədə yüz minlərlə qanunsuz ev, özbaşına tikili meydana gəlib. Və bu evdə yaşayanlar həmişə səksəkəli olublar ki, bir gün evləri əllərindən gedə bilər. Son zamanlar isə dövlətdən xoş xəbərlər eşidilir - bu evlərin axır ki, sənədləşdiriləcəyi gözlənilir. Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşovun son vaxtlarda verdiyi açıqlamalar da ümidləri çoxaldır.

Məlum olduğu kimi, 2008-ci ilin əvvəlindən daşınmaz əmlakın qeydiyyatı layihəsi Dünya Bankının dəstəyi və dünya maliyyə təşkilatlarının vəsaiti hesabına həyata keçirilir. Layihənin tərkibində daşınmaz əmlakın reyestr xidmətinə aid olan "a" komponentinin subkomponenti olaraq özbaşına tikilmiş tikililərin monitorinqinin aparılması, yəni onların sayının, yerləşdiyi sahələrin, texniki xarakteristikasının müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu məlumatlar əldə etdikdən sonra sözü gedən tikililərin taleyinin həlli barədə məsələ qaldırılacağı gözlənilir. Arif Qaraşovun bu barədə mətbuata verdiyi açıqlamasında o da deyilirdi ki, bu tikililər regionların baş planlarına uyğun yaşayış massivləri üçün nəzərdə tutulmuş yerlərdə tikilibsə, texniki durumu, arxitektor görkəmi, sanitar-texniki, yanğından mühafizə və mühəndis təchizatına olan ehtiyacları tam ödənilibsə, hüquqi qeydiyyatı məsələsi müsbət həll oluna bilər. Bu normalara cavab verməyən tikililər barədə isə dövlət mərhələlərlə qanunauyğun olaraq müvafiq tədbirlər görəcək.

Bəs

gözü yolda olan vətəndaş hazırda nə etməlidir?

Araşdırmalara əsasən məlum oldu ki, əsas problem 2007-ci il noyabrın 1-dən sonra bələdiyyələr tərəfindən satılmış torpaqlarla bağlı olacaq. Hətta yuxarıda qeyd etdiyimiz şərtlər ödənilsə belə, Reyestr Xidməti onları dövlət qeydiyyatına almayacaq. Hələ ki, qanunsuz tikililərlə bağlı vəziyyətin konkret necə olacağı barədə təsəvvür formalaşdırmaq çətindir.

Pilot rayonlar seçilib

Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin Kadastrlar şöbəsinin müdiri Elxan Bayramov da bildirir ki, hazırda Dünya Bankının dəstəyi ilə daşınmaz əmlakın qeydiyyatı layihəsi həyata keçirilir. Elxan Bayramovun dediyinə görə, həmin layihədə nəzərdə tutulub ki, Azərbaycanda pilot rayon seçilsin və həmin rayon üzrə tikililərin inventarlaşması aparılsın: “Bu isə o deməkdir ki, həmin tikililər barədə statistik məlumatlar toplanacaq, yəni tam informasiya əldə olunacaq. Lakin bu, həmin qeyri-qanuni tikililərə sənəd verilməsi demək deyil. Söhbət mülkiyyət hüququnun tanınmasından getmir. Sadəcə, inventarlaşma aparılacaq. Layihə çərçivəsində nəzərdə tutulur ki, bu məlumatları topladıqdan sonra dövlət qarşısında təşəbbüs qaldırılsın, eyni zamanda bu problemin necə həll edilməsinə dair təkliflər verilsin. Hələ ki, söhbət bundan gedir”.

Artıq pilot rayonlar seçilib, özü də ikisi birdən. Məlumatlar Abşeron və Binəqədi rayonları ərazisi üzrə toplanacaq. Amma həmin rayonun vətəndaşları tez ümidlənməsinlər, məlumatlar iki rayon üzrə toplansa da qərar bütün rayonlar üzrə tikililərlə bağlı veriləcək. Qərarı isə dövlət verməlidir. Daşınmaz Əmlakının Dövlət Reyestr Xidməti, sadəcə, bu məsələni dövlətin qarşısında qaldıra bilər.

Bizi maraqlandıran başqa sual isə odur ki, qüvvədə olan qanunvericilik sözügedən yüz minlərlə vətəndaşlara hansı imkanları yaradır?

Vəkillər Kollegiyasının üzvü, mülki hüquq üzrə təcrübəli mütəxəssis Vidadi Mahmudlu deyir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız həmin əmlak dövlət qeydiyyatına alındığı andan tanınır. Və dövlət qeydiyyatdan sonra həmin əmlakın müdafiəsinə təminat verir. Hüquqşünas deyir ki, bu cür hüquqların əldə edilməsi qanunda öz əsasını tapıb: “Əgər torpaq sahəsi alınarkən və ya onun üzərində tikili tikilərkən qanunun tələbləri nəzərə alınmayıbsa, səlahiyyətli orqanın icazəsi, layihə sənədləri olmadan tikinti aparılıbsa, bu, artıq özbaşına tikinti hesab olunur. Onu da deyim ki, hətta torpağın sənədləri olsa belə tikinti rəsmi şəkildə icazə alınmadan tikilirsə, yenə də özbaşına tikili hesab olunur”.

Özbaşına tikililərlə bağlı məsələ də qanunda öz əksini tapıb. Vəkilin sözlərinə görə, torpaq qanuni əsaslarla əldə edilibsə, məhkəmə vasitəsilə tikilinin qeydiyyata alınmasına icazə verilir. Amma bu zaman da ərazi qanunda nəzərdə tutulmuş bəzi tələblərə cavab verməlidir. Məsələn, qaz kəmərinin üzərində, elektrik xəttinin altında, dəmiryol xəttinə bitişik, mədənlərdə tikilən evlərə sənəd verilməsi mümkün deyil. Vətəndaş hətta torpağı belə rəsmi şəkildə almayıbsa, bu zaman onun üzərində olan tikilinin məhkəmə vasitəsilə qeydə alınmasına yol verilmir. Belə tikililəri müvafiq icra orqanları məhkəmə vasitəsilə sökdürə bilər.

Vəziyyətdən çıxış üçün

yeni qanunlar qəbul edilməlidir

V.Mahmudlu deyir ki, hazırda söhbət ayrı-ayrı vətəndaşların problemindən getmir. Hüquqşünas bildirir ki, artıq heç kim bu vəziyyətin yaranmasında vəzifəli şəxslərin rolunun böyük olması məsələsində mübahisə belə etmir: “Çox vaxt vətəndaşlara tikililərini qanuniləşdirmək üçün süni maneələr yaradılıb. Vətəndaşı elə vəziyyətə salıblar ki, o, qanunsuzluq etməyə məcbur olub. Yaranmış vəziyyətdən çıxış yolları axtarmaq lazımdır. Mövcud qanunlar hazırda vətəndaşa imkan vermir ki, özbaşına tikililəri qanuniləşdirsin. Bu sahədə hökmən qayda-qanun yaradılmalıdır. Vətəndaşların da maraqları gözlənilməlidir. Bu, dövlətin borcudur. Dövlət bir sıra tədbirlər görə bilər. Ən yaxşı bu ola bilər ki, özbaşına tikililərə amnistiya tətbiq olunsun. Yaxud Milli Məclis səviyyəsində qanunvericiliyə əlavə və dəyişiklik edərək, məhkəmələrə elə bir səlahiyyət verilməlidir ki, vətəndaşlara özbaşına tikililəri sənədləşdirməkdə köməklik edilsin. Ayrıca qanun qəbul edib, məsələni həll edə bilərlər. Əks halda, kütləvi şəkildə insanın hüquqları pozulacaq. Söhbət 10, 20 və ya 50 tikilidən getsəydi, bu qədər narahatlığa səbəb yox idi. Amma yüz minlərlə vətəndaş bu vəziyyətdədir”.

Vəziyyətdən çıxış yolunun kortəbii şəkildə həyata keçirilməsinin həm dövlətə, həm də vətəndaşa ziyanı ola biləcəyindən bəhs edən vəkil ümid edir ki, dövlət planlı şəkildə çıxış edəcək.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2470
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar