Selektiv abort cinayətdirmi?
11 dekabr 2023 15:21 (UTC +04:00)

Selektiv abort cinayətdirmi?

BMT-nin Əhali Fondunun məlumatına görə, Azərbaycan yeni doğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk yerdədir. Belə ki, 2021-ci ilin sonuna olan rəsmi statistikaya əsasən, ölkədə doğulan hər 100 qız uşağına 116 oğlan uşağı düşüb. 2022-ci ilin statistikası bu rəqəmin 4 vahid azalaraq 112-yə endiyini göstərir. Yəni, ən sonuncu rəsmi statistika Azərbaycanda doğulan hər 100 qız uşağına 112 oğlan uşağının dünyaya gəldiyini deyir. Göstəricinin 4 vahid azalmasına baxmayaraq, Azərbaycan hələ də yenidoğulmuşların cins nisbətinin pozulmasına görə dünyada ilk sırada yer alır.

Bu rəqəmlərin Azərbaycanda selektiv abortlar nəticəsi olaraq ortaya çıxdığı şübhəsizdir. Hətta bu yaxınlarda Azərbaycanın selektiv abort statistikasına görə Çini keçərək birinci yerdə qərarlaşması barədə də məlumat yayılmışdı. Açığı, bu statistikaya şübhə ilə yanaşıram. Hətta abort sayı çox olsa belə, bunun məhz selektiv abort olmasına dair statistika paylaşılması çox şübhəlidir. Çünki mental dəyərlər, cəmiyyətin düşüncə tərzi abort səbəbi üçün məhz cinsi fərqliliyin göstərilməsini inkar edir.

Reallıq isə budur ki, statistikasından asılı olmayaraq, selektiv abort var. Paradoksal olan odur ki, sosial şəbəkələrdə, mediada hamı selektiv abort edənləri qınayır. Belə olanda “bəs bu selektiv abortu edən kimdir” sualı ortaya çıxır. Bu isə o deməkdir ki, bu məsələyə yanaşmada qeyri-səmimilik daha çoxdur.

Problemin biri də selektiv abort və ya qanunsuz abortun mahiyyətinin tam qavranılmamasıdır. Bu məsələdə hüquqi, psixoloji və sosioloji elmi yanaşmadan kənar, hər kəs öz düşündüyünü danışır, qarşısındakını öz həqiqətlərinə inandırmağa çalışır.

Selektiv abort nədir?

Selektiv abort - dölün və ya körpənin təxmin edilən cinsinə görə hamiləliyin süni olaraq pozulmasıdır. Yəni, ər və ya arvad qız övladının olmasını istəmir, müayinə zamanı ana bətnindəki dölün cinsinin dişi olması güman etdikləri üçün heç bir tibbi və ya sosial göstəriş olmadan hamiləliyi sonlandırırlar. Bu - cinsə görə abort, yəni selektiv abort hesab edilir.

Abort etdirmək cinayətdirmi?

Hamiləliyin süni sonlandırılmasının, yəni abort etdirməyin cinayət adlandırılması emosional yanaşmadır. Hamiləliyin süni sonlandırılması seçimdir.

Abort həkim tərəfindən tibb müəssisələrindən kənarda həyata keçirildiyi halda cinayətdir. Eyni zamanda ali həkim təhsili olmayan şəxs tərəfindən abort prosesi həyata keçirildikdə bu, cinayət hesab edilir. Uşağın cinsinə görə abort edilməsinə qərar verilməsi barədə cinayət qanunvericiliyi heç bir məsuliyyət nəzərdə tutmur.

Nazirlər Kabinetinin qərarında hansı hallarda tibbi və sosial göstərişlərə görə hamiləliyin süni pozulmasının mümkünlüyü qaydaları təsdiqlənib.

Qanunvericiliyə görə, qadın gələcəkdə ana olmaq istəyib-istəməməsinə, buna hazır olub-olmamasına özü qərar verir. Hamiləliyin 12 həftəsinədək heç bir əlavə şərt irəli sürmədən qadının arzusu ilə hamiləliyin süni pozulmasına yol verilir. Burada dölün cinsi və ya başqa xüsus olmasından asılı olmayaraq, qadın analıq məsələsini təkbaşına həll edir. Ana olmaq da hüquqi baxımdan bir seçimdir və seçim hüququ anaya tanınır. Burada hər hansı tibbi və sosial göstərişin olması lazım deyil.

Tibbi göstərişlərə əsasən və qadının razılığı olduqda hamiləlik müddətindən asılı olmayaraq, süni şəkildə sonlandırıla bilər. Yəni, uşağın və ya qadının həyatına risk olduqda, doğuşun anaya və ya uşağa, cəmiyyətə zərər verə biləcəyi üçün tibbi əsas olduqda (ruhi xəstəliklər, narkomanlıq, xroniki alkoqolizm və s.) hamiləliyin müddətindən asılı olmayaraq süni pozulmasına, yəni abort edilməsinə icazə verilir.

Aborta səbəb olan sosial göstərişlər hansılardır?

Sosial göstərişlərlə bağlı olaraq hamiləliyin 22 həftəliyinədək abort edilə bilər.

Sosial göstərişlərin mahiyyəti dünyaya gələcək uşağın yaşadığı ailədə problemlərlə qarşılaşmasını, arzu olunmaz uşaq olmasını, bu doğuşun ana, ailə və uşaq üçün daha çətin, yaşanmaz hal yaratmaması üçündür.

Məsələn, hamiləlik dövründə ərin ölməsi, nikahdankənar hamiləlik, hamiləlik dövründə nikahın pozulması, hamiləliyin zorlanmaya məruz qalma nəticəsində baş verməsi, qadının və yaxud ərinin azadlıqdan məhrum edilmə yerlərində olması, valideynlik hüququndan məhrum edilmə və ya məhdudlaşdırılma barədə məhkəmə qərardadının olması halları sosial göstərişlər hesab edilir. Bundan başqa, qadının və yaxud ərinin işsizliyi, çox uşaqlılıq (5 və daha artıq uşaq), qadının qaçqın və ya məcburi köçkün statusunun olması, mənzilin olmaması şəxslərin maddi durumunun yetərsizliyini göstərir.

Ərin orqanizminin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyinin müəyyən edilməsi və ailədə sağlamlıq imkanları məhdud uşağın olması da sosial göstərişlər arasındadır.

Selektiv abortları azaltmaq mümkündürmü?

Bu mövzu ilə bağlı ən çox səsləndirilən təkliflər selektiv aborta görə cinayət məsuliyyətinin müəyyən edilməsi və uşağın cinsiyyətinin öncədən valideynə deyilməməsidir.

Çin, Kosovo, Nepal və Vyetnamda cinsin seçmə abortunu qadağan edən qanunlar var. Çində cinsiyyətə görə abort qanunsuzdur, lakin doğuşdan əvvəl cinsi müəyyən etmək Çində geniş yayılmış təcrübədir. Belə olsa da, Çin uzun illər selektiv abortda dünyada ilk yeri tutub. Əgər uşağın cinsiyyəti valideynə deyilməsə, burada yeni “rüşvət” yerləri açılacaq, hansı ki, bunun da qarşısını almaq mümkün deyil. Eyni zamanda imkanlı şəxslər cinsiyyəti müəyyən etmək üçün xarici ölkələrə üz tutacaqlar, bu isə sosial bərabərsizliyə şərait yaratmaq deməkdir.

Hindistanda cinsiyyət seçimi cinayətdir, burada selektiv cinsi abort qadağan edilir, qanunsuzdur və cəza var. Böyük Britaniyada da cinsi müəyyən etmək qadağandır, oğlan uşağının qız uşağına olan mədəni üstünlüyünə tamamilə ziddir və gender əsaslı abortları qeyri-qanuni elan edən qanun mövcuddur.

Lakin selektiv abortun cinayət hesab olunması və ya ağır cəzalar nəzərdə tutulması bu problemi yekunlaşdırmağa və ya azaltmağa kömək edə bilməz. Hüququn mahiyyəti cəzanı sərtləşdirmək deyil, insanları ictimai təhlükəli əməldən çəkindirməkdir.

Selektiv abortun qarşısını almaq üçün, ilk növbədə, “insanlar niyə qız uşağı istəmir”, “qadının cəmiyyətə yeri niyə valideynləri narahat edir” suallarına cavab tapmaq, bu istiqamətdəki problemləri həll etmək lazımdır. Əgər bu sualların cavabı tapılsa, mental düşüncədə reformaya nail olunsa, selektiv abortlarda azalan temp müşahidə edəcəyik. Çünki selektiv abortlar səbəb yox, nəticədir.

# 2025
avatar

Şamil Paşayev

Oxşar yazılar