Köçürməyə cəhd edənlər: Həyatın “Ctrl+C və Alt+F4 insanları”
07 aprel 2025 12:48 (UTC +04:00)

Köçürməyə cəhd edənlər: Həyatın “Ctrl+C və Alt+F4 insanları”

Bir zamanlar bir qəhrəman var idi. İmtahana 10 dəqiqə qalmış "mən oxumamışam" deyib, amma içində Google Translate, Wolfram Alpha və bir az da şeytani zəka daşıyan biri. Əsas hədəfi sadəydi: “Yekə hərflərlə “imtahan” yazılmış o kağız parçasını, qarşı tərəfdə oturan sinif yoldaşının həyatını sorğu-suala çevirərək doldurmaq.”

Bu qəhrəmanın bir adı var: “Köçürən, amma Tutulan İnsan”.

Əslində, o, təkcə bir şəxs deyil. O, bir anlayışdır. O, bir həyat tərzidir. Bəziləri üçün imtahanın özü bir mübarizədirsə, bu qəhrəman üçün mübarizə – müəllimin gözünün içinə baxa-baxa, 45 dərəcə bucaq altında “Ayselin cavab vərəqindəki 2-ci sualın cavabını” görməyə çalışmaqdır. Kül başına, tayların Ayselin ayaqlarına baxır!

Əslində, köçürmək bir sənətdir. Amma bu sənətkarlar iki yerə bölünür: peşəkarlar və biabırçılıq edənlər. Peşəkarlar "telefonu kalkulyator formasında maskalayıb" əl işinə çevirənlərdir. Amma bizim mövzumuz onlardan deyil. Bizim qəhrəmanlar — yazıq, sadəlövh, özünü kəşf etməyə çalışan, amma hər dəfə müəllimin “Sən orda nə edirsən?” sualı ilə həyatını sual altında qoyan zavallılardır.

Düşünün: sinif sakit, hamı yazır, bir nəfər var ki, boynu 360 dərəcə fırlanır, sanki imtahanda deyil, "Paranormal Acticity" filmindəki obrazlardan birini canlandırır. Hər tərəfə baxır — təkcə öz kağızına yox. Niyə? Çünki "yaradıcılıq sərhəd tanımır", yəni öz beynində tapmadığını başqasının beyin hüceyrəsindən oğurlamaq istəyir.

Və ən faciəvi an: müəllim yaxınlaşır. Qəhrəmanımızın əlləri titrəyir, bədən dili "mən günahsızam" deyə qışqırır, amma masanın altından çıxan kağız parçası, telefondakı "imtahan sualları 2022.docx" faylı, ya da ki, sadəcə pis aktyorluq onu ələ verir. Film burada bitir.

Ən gülməlisi odur ki, bu qəhrəmanlar tutulandan sonra deyirlər: “Ay müəllim, bir dəfəlik elədim, daha eləmərəm.” Ay canım, bu günah deyil axı ki, tövbə edəsən. Bu sənin intelektual iflasındır.

Son olaraq: bu cəmiyyət bəlkə də çox şeyə dözər. Amma köçürüb tutulan adamın "müəllim çox haqsız davrandı" deməyinə dözməz. Ay balam, sən haqlısansa, bu yazı niyə yazılır və biz hazırda kimə gülürük?

Bəzən insanlar bu hərəkəti özlərinin “praktiki zəkası” kimi təqdim edirlər. İmtahanda başqasından köçürmək - tənbəlliyin ən təmiz formasıdır.

Ən yaxşı köçürən kimdir?

Cavab sadədir: ən yaxşı köçürən, heç vaxt tutulmayanıdır. Yəni, təkcə oxumayan deyil, həm də sistemin boşluqlarından istifadə edərək, özünü sanki intellektual bir dahiyanə kimi təqdim edənlərdir.

Bütün bu yazının yekunu bəlkə də çox sadədir: əgər sən öz həyatını başqasının səhvlərindən, başqasının çalışqanlığından və başqasının zəhmətindən yaşamağa qərar veribsənsə, bir dəqiqə belə düşünmə: "Sən artıq sənin öz həyatını yaşamırsan, sadəcə bir plagiatsan.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 572

Oxşar yazılar