Şəhid və yaralıları Mxitaryanın villasına toplamışdıq - Vətən müharibəsi qazisi
01 oktyabr 2025 15:06 (UTC +04:00)

Şəhid və yaralıları Mxitaryanın villasına toplamışdıq - Vətən müharibəsi qazisi

0

Lent.az “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmiş gizir Şiraz Həsənovun APA-ya müsahibəsini təqdim edir:

- Vətən müharibəsi iştirakçıları arasında şücaətləri barədə danışa bilənlər azdır. Siz, maşallah, yaxşı danışırsınız.

- Mən tabor komandirinin yanında döyüşmüşəm. O da öndə idi. Ona görə bütün müharibə hamısı gözümün qabağındadır.

- Tanınmış bir rejissor Vətən müharibəsi ilə bağlı film çəkir. Şikayətlənirdi ki, o boyda igidlik göstərən döyüşçülər ya danışa bilmir, ya da danışmağa xəsislik edirlər. Sizsə danışmağa maşallah, pərgarsız.

- Mən danışanda məxfiliyi qoruyaraq danışıram. Bilirəm ki, nəyi danışmaq olar, nəyi olmaz. Eyni zamanda, reallığı da danışıram. Çünki mən gözətçi kəşfiyyatında olmuşam və Şuşa əməliyyatı zamanı N saylı taborun tabor komandirinin yanında yer alıb Şuşaya ilk girənlərdən biri olmuşam.

Müharibədən sonra azad olunmuş ərazilərə gedib Şuşaya baxdım

- Şiraz bəy, müharibənin üstündən beş il keçib. Az müddət deyil. Beş il həm itkilərin, həm sevincin, həm hicranın, həm qovuşmağın, həm sizin Şuşada çiyindaşlarınızı itirməyinizin...

- Daxili Qoşunların xüsusi təyinatlıları olaraq 66 şəhid, 346 yaralı vermişik.

- ...həm də Şuşaya qovuşmağınızın beş ilidir. İçində kədərlə sevinci ehtiva edən bir tarixdir. Bilmək istəyirəm bu beş ildə hansı yaşantılardan keçmisiniz?

- Düzü, mənim üçün müharibədən sonra ən vacib məsələ azad edilmiş ərazilərlə yanaşı, döyüşdüyüm yerləri gedib görmək idi. Çünki o yerləri mən gecə görmüşdüm. Mənə lazım idi yağışda-çiskində tanka, ağır texnikaya qarşı vuruşaraq, qarış-qarış irəlilədiyimiz, yaralı-şəhid verdiyimiz o yerləri gedib gündüz də görüm. Görüm o yerləri biz necə getmişik?! Müharibədən sonra azad olunmuş ərazilərə səfər edəndə 1553 metr yüksəkliyində dayanıb Şuşaya, Cıdır düzünə baxdım. Şuşa elə gözəl görünürdü!

Biz bilirdik ki, yaralana, şəhid ola bilərik

- Şuşaya gündüz vaxtı girmişdiniz?

- Yox, gecə. Beşi noyabr axşam saat səkkizdə Xankəndi istiqamətindən gələndə yolun üstündəki yanacaqdoldurma məntəqəsi istiqamətində düşmən tanklarına pusqu atdıq. Onlarla bizim aramızda dörd-beş metr məsafə vardı, qarşımızda hərəkət edirdilər.

- Hazırda girişdə elektrik stansiyası qurulub, o istiqaməti deyirsiniz?

- Yox, orda da bir qrupumuz var idi. Biz İsa bulağının üstü ilə keçib Xankəndi istiqamətindən döyüşərək asfalta çıxdıq. Həmin döyüşdə şəhid verdik. Amma biz dərhal qruplarımızı zirvələrə yerləşdirib şəhidlərimizi çıxardıq. Orada çox şəhidimiz oldu. Məqsədimiz o idi ki, Laçından gələn düşmənin qarşısını alaq.

Biz dörd gün yarıma Şuşaya girmişik

- Siz “Yarasa”nın tərkibində olmusunuz, düzdür?

- Mən Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı dəstəsində xidmət eləmişəm, “Yarasa” bizim simvol hesab olunur. Lakin müharibə vaxtı bizi Xüsusi Təyinatlı Qüvvələrin tabeliyinə verdilər. Biz onların tərkibində müharibədə iştirak etdik. Müharibədən sonra yenidən Daxili Qoşunlara qayıtdıq. Paradda da iştirak etdik.

- Siz də paradda iştirak etmisiniz?

- Yox, onda mən hospitalda idim. Müharibədə qolumdan qəlpə yarası aldım. (Qolunu göstərir) bu qolum dönür, bu biri isə düz qalır, sinir kəsilib, biləyimi qaldırıb-endirən vətərlər barmaqlarıma yönəldilib. Mən barmaqlarımı hərəkət etdirmək istəyəndə biləyimin qatlanıb-açılması funksiyası yerinə yetirilir, sadəcə mən barmaqlarıma diqqətimi yönəldib komanda verirəm ki, vətər biləyi qatlayıb-açmaq yerinə barmaqlarımı hərəkətə gətirsin. Çünki barmaqlarımın sinirlərini qəlpə aparıb. Yaralanandan sonra məni Bakıya göndərdilər, burada bir neçə xəstəxanaya aparıldım, axırda həkim Nicat Sərdarov sağ olsun, izah elədi ki, sinirlərin zədələnməsindən 36 saatdan çox vaxt keçib, bərpası mümkün olmayacaq, dediyim üsulla əməliyyat etdi. Bədənimdə başqa travmalar da var idi. Nə isə... Biz XTQ-də xidmət eləmiş uşaqlarıq. Biz bilirdik ki, yara ala, şəhid ola bilərik. Mənim elə yoldaşlarım vardı ki, qolu, iki ayağı, bir qolu, bir gözü gedib. Yəni bəzilərimiz az, bəzilərimiz çox yara alıb. Amma yekunda hər kəs bunun ağrı-acısını özü ilə aparır. Nə qədər desək-gülsək də, özümüzü sındırmasaq da, travma qalır. Amma bir şey var, onu demək istəyirəm ki, bunu bizi Vətənimiz üçün etmişik.

- Şuşaya ilk dəfə girəndə hansı hissləri keçirdiniz?

- Döyüşə başlayan an heç bir hiss yaşamırsan, həmin an yalnız döyüşmək, özünü qorumaq, düşmənlə atışmaq, yaralı döyüş yoldaşını atəş altından çıxarmaq kimi məsələləri düşünürsən. Mənim yanımda neçə-neçə döyüş yoldaşım yaralanıb, şəhid olub. Babayev Orxan adlı yoldaşım şəhid oldu, ermənilər kaset minaatan atdılar, iyirmiyə yaxın döyüşçü yoldaşım yaralandı. Onun videosunu da çəkmişəm, Şuşa qalasının içində. Biz dörd gün yarıma Şuşaya girmişik.

- Sizə ayın neçəsi təlimat verildi ki, Şuşa istiqamətində hərəkət edin?

- Oktyabrın 31-i biz Hadrutdan çıxdıq. Çanaqçı-Sığnaq istiqamətlərindən keçərək 1553 yüksəkliyinə gəldik, ordan da İsa bulağı tərəfə keçib təzədən Şuşanın girişi istiqamətdən gəlib döyüşə-döyüşə şəhərə girmişik.

Xankəndi istiqamətinə baxırdın, şəhəri həyəcan siqnalı bürümüşdü

- Sizə tapşırıldı ki, gedin Şuşanı alın?

- Bəli-bəli. Noyabrın birinə keçən gecə kolonumuzu vurdular. Həmin vaxt döyüşçü yoldaşımız Osmanlı Nəzir şəhid oldu, neçəsi yaralandı.

- Şuşanın ətəyinə noyabrın 4-ü gəlib çıxdınız?

- Yox noyabrın 3-də artıq İsa bulağı tərəfdə idik. Orda yerbəyer olduq, oranı götürdük, gecə ordan Şuşa-Xankəndi istiqamətinə irəlilədik, orada bir gecə keçirəndən sonra noyabrın beşi axşam bayaq dediyimiz pusqu mövqeyinə irəlilədik. Beşi axşamdan başlayaraq hücumlarımız intensivləşdi. Xankəndi istiqamətinə baxırdın, şəhəri həyəcan siqnalı bürümüşdü.

- Yeri gəlmişkən, həmin vaxtı Çanaqçı-Sığnaq istiqamətlərindən Şuşaya yol yox idi.

- Bəli, biz onda meşənin içi ilə, insanların ağlına gəlməyən yollarla getmişdik. Mən Azərbaycanda, Türkiyədə komanda kurslarında iştirak etmişəm. Bunlar dünyanın ən çətin kurslarıdır. O kurslarda bizə ən çətin yerlərdən hərəkət etməyi öyrədirdilər. Elə yerlərdən keçib getməlisən ki, nə düşmənin ağlına gəlsin, nə də düşmən ora mina qoya bilsin. Belimizdə nə qədər yük, silahımız, təchizatımız, bununla belə ən sərt yollardan irəliləyirdik ki, düşmən üçün əlçatan olmayaq. Yoxsa, biz də bilirik ki, rahatlıq üçün asfalt, torpaq yolla hərəkət etmək lazımdır. Amma meşənin, ağacların içi ilə gecə getmək, düşmənin dronları da başımızın üstündədir... Erməni dronları 30 metrə qədər aşağı düşürdü. Amma biz onları vurmurduq. Dron görən kimi dərhal maskalanırdıq. Qəsdən bizə elə şərait yaradırdılar ki, onları vuraq, bizsə vurmurduq. Çünki vursaq, yerimizi təyin edərdilər.

Qətiyyətimizi yaralılarımızla, şəhidlərimizlə sübut etmişik

- Yəni düşmən dronları sizin üzərinizdə uçurdu, siz də dinib-danışmırdınız ki...

- Nəinki danışmaq, hərəkət eləmirdik. Dərhal maskalanırdıq.

- Yəni siz düşmənin gizlənə biləcəyinizi ehtimal elədiyi yerlərdə gizlənmirdiniz.

- Belə deyək də, yoldur, bura da dağdır, bir də dağın zirvəsinin aşağısı var. Həmin yerə düşmən mina qoya bilmir. Biz də həmin gedilməz, sıldırım yerlərlə gedirdik. Bunun üçün də biz həddindən artıq təlimlər keçmişik. Dünyanın ən çətin kurslarından biri komando kurslarıdır, biz onları keçmişik, ordakı bütün tapşırıqları yerinə yetirmişik. Yəni döyüşlərə qədər bizim kifayət qədər əziyyətimiz var idi. Bizim üçün hansı istiqamətə desəydilər, fərqi yoxdur, ölüm də olsa, gedəcəkdik, getmişik və qətiyyətimizi yaralılarımızla, şəhidlərimizlə sübut etmişik.

- Siz illər əvvəl XTQ-də məşqlər keçəndə sizə komandirlər nə deyirdilər? Deyirdilər sizi Qarabağ üçün, Şuşa üçün hazırlayırıq, bir gün bu yürüşü Şuşaya edəcəksiniz?

- Komandirlərimiz həmişə deyərdilər ki, siz bir gün lazım olacaqsınız. Həmin gün ya qazi, ya da şəhid olacaqsınız. Özü də biz bilirdik ki, müharibə başlasa, hara lazımdırsa, birinci biz gedəcəyik. Bir də təlimlərdə bizə torpaqlarımızın işğal altında olması, başımıza Xocalı kimi faciənin gətirilməsi hər dəfə deyilirdi. Biz milli-vətənpərvərlik ruhunda təlim-tərbiyə alırdıq. Bizə deyilirdi ki, qisasımızı almalı və ərazimizi düşməndən azad etməliyik. Ora düşmənin ərazisi deyil, ora bizim ərazimizdir. Bir də sizə bir hissimi deyim. Cəbrayıl, Hadrut, Çanaqçı, Sığnaq, Laçın dəhlizi, Şuşanın içərisi – buraların hamısından döyüşə-döyüşə keçmişik də, heç birində tanımadığımız yerdə olduğumuzu hiss etmirdik, canımızda rahatlıq vardı ki, öz yerlərimizdir. Bu saat şəhərin nabələd bir istiqamətinə get, darıxacaqsan, amma orada şəhid də versən, yaralansan da adama xoş gəlirdi. Bunu danmaq olmaz.

- Bayaq dediniz ki, müharibədən sonra azad edilmiş ərazilərə getmək istəyirdiniz ki, haralarda döyüşdüyünüzü təzədən görəsiniz. Çanaqqala müharibəsində Seyid Onbaşı adlı şəxs özündən dəfələrlə ağır mərmini qaldıraraq topun lüləsinə qoyur. Müharibədən sonra eyni mərmini qaldırmaq istədiyində gücü çatmır. Deməyim odur ki, təzədən gedib o yerləri görəndə heç fikirləşdiniz ki, necə olub müharibə vaxtı bu qayaları dırmaşmışam?

- Biz ərazilərimizi düşməndən azad etmək üçün döyüşürdük. Nə qədər şəhid, yaralı vermişik. Nə qədər itkimiz olub. Amma deyim ki, təzədən müharibə olsa, yenə gedərəm. Döyüş elə şeydir ki, bunun üçün təlim keçməlisən, fiziki, atəş hazırlığın yüksək olmalıdır. Dörd fəslə uyğun hazırlığın olmalıdır. Əgər hazırlığın varsa, istəyir, şəhid ol, istəyir yaralı ol, sən həmin yeri mütləq azad edəcəksən. O təlimin yoxdursa, sən maneənin öhdəsindən gələ bilməyəcək, qabağına çıxan ani çətinliyi həll etmək üçün qətiyyət göstərməyəcəksən. Bax, sizin dediyiniz həmin Türkün şücaətini mən buna bənzədirəm. Mən hər şeyə real baxıram. Düşmən bizim ərazi bütövlüyümüzü pozub. Ana-bacılarımıza zülm edib, Xocalı soyqırımını törədib. Mən qohumumda-əqrəbamda şəhid görmüşəm. Özüm doqquz-on yaşımda məcburi köçkün olmuşam. Mən könüllülərin gülərək döyüşə getdiyini görmüşəm. Çünki bizim Füzulinin Qaraxanbəyli kəndində evimiz vertolyot meydançasının yanında idi. Vertolyot gələn kimi ora qaçırdıq ki, baxaq görək nə düşürəcəklər, kim gələcək, ya kim gedəcək? Yəni kəndimizin bombalanmağı, ana-bacıların harayı hamısı gözümün qabağındadır. Mən bunların hamısını görmüşəm. Onun üçün də bilirdim ki, nəyin bahasına olursa-olsun döyüşməliyik. Hər şeyin başında təlim durur, iradə durur.

- Yəni sizin keçdiyiniz təlimlər döyüşlərinizdən qat-qat ağır olub.

- Bəli, doğrudur.

- Bəlkə Şuşanı alanda o qədər əziyyət çəkməmisiniz, nəinki döyüşlərdə.

- Bəli, sadəcə təlimlərdə bilirsən ki, ölməyəcəksən. Döyüşdə isə ölümlə üz-üzə gəlirsən.

Döyüş yoldaşlarıma deyirdim ki, öləndə də düşmən öldürüm sonra ölüm

- Təlimdə canını itirib ölmək yoxdur, döyüşdə var, video-oyun kimi.

- Bəli, burda şəhidlik zirvəsi var, təlimdə yoxdur.

- Sizdən səmimi bir cavab istəyirəm. Bilmirəm, müharibə vaxtı evli idiniz, ya yox.

- Bəli evli idim.

- Əlbəttə, döyüşçünün ən böyük amalı tapşırığı yerinə yetirməkdir. Amma bunlarla birlikdə bir anlıq içinizdə tərəddüd də var idimi ki, mən burda ölə bilərəm. Yoxsa ölümü əlinizin dalı ilə itələmişdiniz?

- Təlimlərdə bəzən elə anlar olur ki, ölümlə üzbəüz gəlirsən. Yəni deməyim odur ki, ölüm anları ilə çox rastlaşmışam. Mən 20 il xidmət eləmişəm, 2001-ci ildə xidmətə yazılmışam, 2021-ci ildə müharibədən sonra yaralanıb, ikinci qrup əlil kimi xidmətdən ayrılmışam. Ona görə də səmimi olaraq onu demək istəyirəm ki, döyüşə getməmişdən qabaq hamıyla danışıb deyib-gülürsən, amma döyüşdə başına gələn müəyyən hadisələri heç kəsə demirsən. Onun ağrısı-acısını özün çəkirsən. Öz başına da nələrsə, gələndə heç kəsə demirsən. Bircə dəfə atama demişəm... Allaha ona da rəhmət eləsin, atam bir il əvvəl rəhmətə gedib. Yaxşı ki, qalib gəlməyimizi gördü, sevinclə deyirdi ki, bizim bacara bilmədiyimizi sizlər bacardınız. Yəni bircə kəlmə atama demişdim ki, döyüşdəyəm. Daha deməmişdim ki, ölərəm, qalaram, sadəcə olaraq məndə toxtaqlıq var idi ki, ən azı valideynim var, nəvələrinə dəstək verəcək.

- Bir anlıq da olsa, içinizdən təəssüf keçmirdi?

- Mən həmişə döyüş yoldaşlarıma deyirdim ki, öləndə də düşmən öldürüm sonra ölüm. Yəni təəssüf ancaq bu ola bilərdi. Öldürməmiş ölmək istəməmişəm. Yəni istəmişəm ki, öz intiqamımı alım, ucuz ölüm istəməmişəm. Bir də deyim ki, döyüş zamanı qorxu, filan hər şey yadından çıxır, yalnız makina kimi döyüşün özünə köklənirsən. İrəlilə, arxaya xəbər ver, döyüşçü yoldaşın yaralanıb, yarasına “jqut” bağla, ərazini öyrən, mövqe tut. Yəni beynin yalnız bunlarla məşğul olur. Mənim həmişə qorxum küt güllədən ölmək olub.

- Yaxın məsafədə döyüşləriniz olub?

- Düşmənlə aramda 10 metrə qədər məsafənin olduğu döyüşlərim olub. Xankəndi-Şuşa istiqamətində döyüşlər zamanı çox yaxın məsafədə vuruşmuşuq. Xankəndi tərəfdən gələn tankları buraxırdıq, sonra yanlarındakı şəxsi heyəti zərərsizləşdirirdik. Bu realdır. Şuşanı almaq üçün düşmən 3 dəfə hücum edib. Üçünün də qarşısını almışıq.

- Beşi, altısı, yeddisi günləri?

- Beşi Şuşaya girdik. Yeddisi orda düşməninin tankını vurduq.

- Şuşanı tam nəzarətə nə vaxt götürdünüz?

- Yeddisi günortaya yaxın Şuşa İcra Hakimiyyətinin binasına bayraq taxıldı. Azərbaycan himni və azan oxundu. Düşmən bunu Xankəndidən gördü, atəşə başladı. Həmin anda hamımız qala boyu ayağa qalxıb düşməni şok atəşlə susdurduq.

- Deməli tanklar Şuşaya girirdi?

- Tankların qarşısını almaq üçün ağır silahlarımız yox idi, ona görə də tankı Şuşanın içinə buraxırdıq, amma yanında gələn şəxsi heyəti məhv edirdik. Tank da şəhərə gəlib heç nə görmürdü, gedib piyadalarını gətirirdi, piyadalarını gətirəndə də biz onları məhv edirdik. Yeddisi gün ermənilər Xankəndi tərəfindən Şuşanı artilleriya atəşinə tutmuşdular. Mən də orda qalanın dibində yaralandım. Amma axşama kimi döyüşdüm. Səkkizi günü isə artıq bizim tanklarımız Şuşaya gəldi. İki gün ərzində yalnız canlı qüvvə Şuşanı qoruyub.

Müharibədə bilmək olmur ki, kim nə qədər öldürüb

- Onda artıq şəhərin içində erməni döyüşçülər qalmamışdı, sizə ancaq xaricdən hücum edirdilər?

- Ermənilər Xankəndi, Laçın istiqamətlərindən hücum elədilər. Laçından gələn dəstə də qüvvələri birləşdirmək üçün Şuşanın aşağı istiqamətindən fırlanıb Xankəndi tərəfdən hücuma keçdi. Ordakı döyüşdə 200-ə yaxın düşmən məhv edildi. Məşhur video da var, Xankəndi-Şuşa yolu boyu öldürülmüş erməni döyüşçülər sərələnib. Bax, onların hamısını həmin döyüşdə öldürmüşük.

- O məşhur video orada çəkilib?

- Bəli. Noyabrın beşindən altısına keçən gecə qırmışıq. Hətta “Ford” maşınını vurduq, içərisində onların çörəyi, suyu, kolbasaları vardı. Sözün düzü dörd-beş gün idi sırf hücumla məşğul olduğumuz üçün ac idik, ordaca elə onların təminatından yüngülcə atışdırıb döyüşə davam elədik. Yəni deməyim odur ki, Xankəndi istiqamətindəki döyüşlərdə ermənilərin “Kamaz”larını, içində əsgər olan “UAZ”larını vurduq.

- Şiraz bəy, neçə düşmən döyüşçüsü öldürmüsünüz? Təxmini sayını bilirsiniz?

- Belə deyim də, 32-33 nəfərə qarşı düşmənin 200-ə yaxın şəxsi heyəti gəlir, ani atəş açılır. Burda bilinmir, düşmənə kimin gülləsi dəydi. Və ya pusqu qurmusan. Şuşada elə olmuşdu. Bir maşına pusqu atmışdıq. Maşın ordan keçəndə atəş işarəsi oldu. O maşın gəlib 30-35 metr yolu keçənə qədər dayanmadan atəş açdıq. Deməyim odur ki, müharibədə bilmək olmur ki, kim nə qədər öldürüb.

- Dediniz ağır silahınız yox idi. Nə əcəb “Molotov kokteyli” ilə tankları məhv etmirdiniz?

- Edirdik, niyə etmirdik! Xüsusi Təyinatlı Qüvvələrin taborunda kəşfiyyat rəisi vardı. O “Molotov kokteyli” düzəltdi, onu düşmənin tankının üzərinə atdı, sonra da əl qumbarası tulladı.

- Hansı tərəfdə yaralanmışdınız?

- Qala tərəfdə yaralandım. Şuşada futbolçu Henrix Mxitaryanın villası vardı, şəhid və yaralıları ora toplamışdıq. Altısı günü mən ora gedib yaralı yoldaşlarımıza baş çəkmişdim. Axırda özüm yaralanıb ora getdim. Orda Niftəliyev Mehrab, Rzayev Ceyhun şəhidlik zirvəsinə ucalıb. Hətta düşmən oranı da vurdu.

Tabor komandirim məni maşına qoyanda alnımdan öpdü

- Qrupunuzda şəhid, yaralı olanda onları qoyub gedirdiniz, ya özünüzlə aparırdınız?

- Xeyir. Şəxsi heyətdən kimisə şəhid və yaralıların yanında qoyub özümüz qabağa irəliləyirdik, arxadan gələn dəstə onları götürüb təxliyə edirdi. Amma Şuşa döyüşlərində biz yaralılarımızı çıxara bilmədik. Elə özüm Şuşada iki gün yaralı qalmışam. Çünki arxa qrup gəlməlidir, bizim döyüş mövqelərimizi götürməlidir, ondan sonra yaralıları təhvil almalıdır.

- Şuşanı sizdən kimlər təhvil aldı?

- Səkkizindən doqquzuna keçən gecə ən ağır yaralılar Şuşadan çıxarıldı. Bizi xüsusi maşınlara mindirdilər. Mən həmin vaxtı tabor komandirimi gördüm. Məni qoydu maşına, sağollaşdı, alnımdan öpdü. Mən də dedim ki, komandir, verdiyin tapşırığı yerinə yetirdim. Ondan sonra bizi əvvəl Hadruta, ordan vəziyyətim pis olduğu üçün Füzulinin Əhmədbəyli kəndindəki hospitala göndərdilər. Mən ora gələndə inanın nə gündə idim! Kol-kos üz-gözümü cırıq-cırıq eləmişdi, yara, qan içində idim. Təsəvvür edin, çəkmələrim on gün ayağımdan çıxmamışdı. Orda biz yuyunduq, təmiz pal-paltar verdilər. Orda bizim elə qulluğumuzda dururdular! Tibb bacıları meyvəni də soyub bizə yedirirdilər. Biz də günü dağ-dərədə keçən adamlarıq, belə şeylərə öyrəşməmişik (gülür), bir az qəribə gəlirdi. Qələbə xəbərini də noyabrın doqquzu Əhmədbəylidəki xəstəxanada aldım. Hamı sevinirdi ki, qələbə əldə olundu. Amma mənə çatmırdı. İnan, döyüş ab-havası hələ başımdan çıxmamışdı.

- Bəs sizin məqsədiniz Xankəndini də azad etmək deyildi?

- Bizim məqsədimiz bütün vətənimizi azad etmək idi. Bir də axı biz özbaşına deyildik, hara deyirdilər, ora hücum edirdik. Əgər Xankəndiyə də girmək əmri verilsəydi, girərdik.

- Zəfərdən əvvəlki Şirazla zəfərdən sonrakı Şiraz arasında nə fərq var?

- Fərq çoxdur. Vaxtilə xəyal elədiklərimi reallığa çevirmişəm. Dünənə qədər fikirləşirdim ki, mən bu dünyada heç nə eləməmişəm, amma bu gün fikirləşirəm ki, eləmişəm. Ölüm artıq adama şirin gəlir. Dünya malında gözüm yoxdur. Heç nəyə tamahım qalmayıb. Qabaq deyərdim ki, gözəl maşınım olsun, gözəl evim olsun. Amma mən döyüşlərə girib çıxandan sonra başa düşdüm ki, həyatda insana ən birinci can sağlığı lazımdır. Ondan böyük mükafat yoxdur. O mükafatı da adam verib ancaq Vətən, ailəsi üçün canından keçər.

- Hazırda işləyirsiniz?

- İşləmirəm, amma dəvət almışam. Sağ olsunlar, dövlət tərəfindən evlə təmin olunmuşam. Tanıyanlar-bilənlər hörmətlə yanaşırlar. Sadəcə mən ad-sandan istifadə etməyi, mərkəzdə görünməyi xoşlamıram.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar