Qazaxıstanın Manqıstau vilayətində Aktau dəniz limanı vasitəsilə neftin qanunsuz ixracı ilə bağlı səs-küylü məhkəmə prosesi başa çatıb.
Lent.az xəbər verir ki, məhkəmə qarşısında beş neft şirkətinin nümayəndəsi dayanıb. Onlar mütəşəkkil cinayətkar dəstədə iştirak və “qara qızıl”ın iri miqyaslı qaçaqmalçılığında ittiham olunublar.
Sxem necə işləyirdi?
Aktau şəhərində mütəşəkkil dəstə 2022-ci ildə yaranıb. Onun tərkibinə yüksək vəzifəli şəxslər daxil olub:
Renald Melkumov, BatysNefteTrade MMC-nin təsisçisi;
Rafxat Kistaubayev, Standart Petroleum şirkətinin direktoru;
Ramiz Ramazanov, Mangystau Oil Refining şirkətinin direktoru;
Aleksey Rayqorodski, neft emalı üzrə mühəndis;
Mergen Kenzhebekov, laboratoriya işçisi.
Onlar belə işləyiblər: nefti “sobalıq yanacaq” adı altında rəsmiləşdirirdilər. Bu məhsul ixrac məhdudiyyətlərinə və əlavə vergilərə tabe deyil. Bunun üçün saxta sənədlər və vasitəçi şirkətlərdən istifadə olunurdu. Əslində isə Aktau limanı vasitəsilə Azərbaycana adi neft göndərilirdi ki, ondan benzin, dizel və digər məhsullar istehsal etmək olar.
Tanker kimə məxsus idi?
2022–2023-cü illərdə Meliana tankeri ilə bu üsulla 2100 tondan çox xammal çıxarılıb. 2023-cü il iyulun 20-də Milli Təhlükəsizlik Komitəsi və limanın təhlükəsizlik xidməti Aktau limanından 3.5 kilometr məsafədə, dənizdə xüsusi əməliyyat keçirib.
Həmin vaxt Meliana tankeri Azərbaycana doğru istiqamət götürmüşdü. Xüsusi xidmət orqanları gəmidə axtarış apararaq bütün sənədləri və yükün nümunələrini götürüblər. Gəmi heyəti yükün “sobalıq yanacaq” olduğunu sübut etməyə çalışıb. Lakin sonradan aparılan ekspertiza nəticəsində bunun əslində neft olduğu ortaya çıxıb. Məlum olub ki, Meliana tankeri “AB Flot” MMC-yə məxsusdur.
Xammalın ekspertizasını Qazaxıstanın neft emalı zavodlarının, eləcə də Rusiya Neft və Qaz Universitetinin (İ.M. Qubkin adına) mütəxəssisləri aparıblar. Onlar belə nəticəyə gəliblər ki, götürülən nümunələr sobalıq yanacaq standartlarına uyğun gəlmir. Bu, benzini çıxarılmış neft olub. Belə məhsuldan adətən müxtəlif növ yanacaq hazırlanır. Bu fakt istintaq eksperimenti ilə də sübuta yetirilib.
“Məsələn, 2024-cü ilin 4 may, 15 və 24 iyun, 9 və 26 iyul tarixlərində “Meliana” gəmisinin yük tanklarından götürülən maddələr bir sıra göstəricilər üzrə “Sobalıq yanacaq. Texniki şərtlər” standartına cavab vermir və sobalıq yanacaq hesab edilə bilməz. Bu maddələr həmçinin qismən benzini çıxarılmış neftdir və onlardan geniş çeşiddə neft məhsulları — maye qaz, avtobenzin, kerosin, dizel və sobalıq yanacaq, mazut, koks və digərləri əldə edilə bilər”, – deyə iş materiallarında qeyd olunur.
Dövlətə dəyən ziyan və qaçaqmalçıların qazancı
Maliyyə ekspertizasının hesablamalarına görə, təkcə bir epizod üzrə dövlətə dəymiş ziyan belə olub:
109,9 milyon tenge (təxminən 341 min 569 manat) — ödənilməmiş renta vergisi,
14,3 milyon tenge (təxminən 44 min 444 manat) — gömrük rüsumu.
Məhkəmə müəyyən edib ki, dövlətə dəymiş ümumi ziyan 1,16 milyard tengedən (təxminən 3 milyon 605 min manat) çoxdur. Bundan əlavə, 320 milyon tenge (təxminən 994 min 560 manat) məbləğində vergi də ödənilməyib. Qazanc isə mütəşəkkil dəstə üzvləri arasında bölüşdürülüb və fiktiv hesablar vasitəsilə istifadə olunub.
2025-ci ilin iyulunda məhkəmə prosesi başlayıb. Təqsirləndirilənlər özlərini günahsız sayaraq, yalnız sobalıq yanacaq satdıqlarını və qanunu pozmadıqlarını iddia edirdilər. Lakin məhkəmə onların arqumentlərini əsassız hesab edib.
Ekspertizaların, şahid ifadələrinin və sənədlərin məcmusuna əsaslanaraq məhkəmə onların hərəkətlərini qəsdən qaçaqmalçılıq və mütəşəkkil cinayətkar dəstədə iştirak kimi qiymətləndirdi. 2025-ci il sentyabrın 26-da hökm elan olunub. Beş nəfər — Melkumov, Kistaubayev, Ramazanov, Rayqorodski və Kenzhebekov Cinayət Məcəlləsinin 262-ci maddəsinin 2-ci hissəsi (“Mütəşəkkil dəstədə iştirak”) və 234-cü maddəsinin 3-cü hissəsinin 2-ci bəndi (“Xüsusilə böyük miqyasda qaçaqmalçılıq”) üzrə təqsirli biliniblər.
“Hər birinə 8 il azadlıqdan məhrumetmə cəzası təyin olunub. Müddət hökmün elan olunduğu gündən etibarən, İstintaq Təcridxanasında keçirilmiş vaxt nəzərə alınmaqla hesablanır”, – məhkəmə qərarında deyilir.
Həqiqi cəzalardan əlavə, məhkəmə aşağıdakı cərimələrin təqqsirləndirilən şəxslərdən tutulmasını qərara alıb:
1,16 milyard tengedən çox ziyan,
320 milyon tenge — Manqıstau vilayətinin Dövlət Gəlirlər Departamentinin xeyrinə,
132,9 milyon tenge məhkəmə xərcləri və 3,2 milyon tengedən çox dövlət rüsumu,
hər birindən 69 min tenge — Zərərçəkmişlərin kompensasiya fonduna.
Həmçinin Meliana tankeri müsadirə olunacaq.
Maraqlıdır ki, iş materiallarında daha iki nəfərin — Burmistrov və Abduraxmanovun da adı çəkilir. İstintaq birincini cinayətkar dəstənin təşkilatçısı, ikincini isə onun “sağ əli” adlandırır. Lakin onlar ittiham olunanların siyahısına daxil edilməyib və məhkəmə onlar barədə heç bir hökm çıxarmayıb.
Meliana tankeri işi Qazaxıstan tarixində neft qaçaqmalçılığı ilə bağlı ən iri proseslərdən biri olub. Real həbs cəzaları, müsadirələr və milyardlıq tutmalarla nəticələnib.