Sentyabrın 19-da Füzuli rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşının nəşi Şamaxı rayonuna gətirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, Şamaxı şəhərindəki Cümə məscidində cənazə namazı qılınıb.
Daha sonra şəhid polis Şamaxının Qəleybuğurd kəndinin qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri iştirak ediblər.
Qeyd edək ki, əslən Şamaxının Qəleybuğurd kəndindən olan Abdullayev Seyfi Fəqan oğlu 1994-cü il sentyabrın 22-də anadan olub.
Sentyabrın 22-də doğum günündə Bakı şəhərində nişan mərasimi keçiriləcəkdi.
O, ötən gün Füzuli rayon ərazisində baş verən ağır yol qəzasında həlak olub. Onunla yanaşı qəzada daha iki polis həlak olub, 6 nəfər xəsarət alıb.