Mərhum meyxanaçı Vüqar Biləcəri və sevgilisi Samirə Zeynalova
13 iyul 2021 15:01 (UTC +04:00)

Mərhum meyxanaçı Vüqar Biləcəri və sevgilisi Samirə Zeynalova

"Hacı Şahin dedi ki, peyğəmbər hamını bağışladı, bir o şairi yox" - Vüqar Biləcərinin sevgilisi LENT.AZ-a DANIŞDI

“Əhli-beyt” şairi, zəmanəsinin Füzulisi, əruzşünas  Vüqar Paşayevin (Biləcəri) vaxtsız vəfatı ilə meyxana sənətində böyük boşluq yarandı.

Lent.az çoxsaylı qəzəlləri, şeirləri məşhur olan şairin uzun illər birgə yaşadığı sevgilisi  araşdırmaçı jurnalist, şair Samirə Zeynalova ilə müsahibəni təqdim edir. Samirə xanım mərhum şairlə bağlı heç kimin eşitmədiyi məqamlardan  da danışdı.

Əvvəli burada

- Sizin şübhələriniz nədəndir?

- Zəhərlənməsinə də inanmıram. Bəlkə də o ərəfədə yox, zamanında ediblər, zamanla sümüyünə, qanına yeridi.

- Son videolarında həddən artıq arıq görünür.

- Onda biz ayrılmışdıq. Dediyinə görə, bu onu üzürdü. Mən də ona inanmırdım. Deyirdim ki, mənsiz qalsın, dərs olsun. Amma axmaq dərs oldu...

Mərhum meyxanaçı Vüqar Biləcəri

- Koronavirusa yoluxma ehtimalı ola bilərdi?

- Qətiyyən! Ölümündən on gün qabaq xəstəxanada yatıb. 2019-cu ildə “çek up” analiz cavabları var. Narkoman, şəkər, xərçəng xəstəsi olsaydı, qanında laxtalanma çıxardı. Hamısı neqativdi. Hətta onun ağciyərinin “snimka”sını məşhur həkimə aparıb göstərmişdim. Gördüm ciyərin şəklinə baxıb tərifləyir ki, gün kimi təmizdi. Mən də işarə edirəm ki, denən, çirklidi, belə olmaz. Vüqarı qorxurtmaq istəyirdim..

- Yəqin narahatlığını duymuşdunuz?

- Mən görmədiyim, hiss etmədiyim nəsə haqqında danışa bilmərəm. Həqiqətən deyirəm.

- Bir müddət narkotikdə adı hallandı.

- Mən sizə onun “çek up” müayinələrini göstərə bilərəm. Hər il "çek-up" olunurdu və həkimlər hər dəfə sağlam, ciyərlərinin təmiz olduğunu deyirdi.

- Səhv etmirəmsə, aşura günü dəfn olundu.

- Vüqar o günün şəhidi idi. Kərbəla hadisəsi baş verəndən aşuraya qadağa qoyulmayıb. Əlbəttə, pandemiyaya, virusa görə dövlət tərəfindən verilən qərara əsasən birinci dəfə idi ki, aşura qadağan olundu. O gün rəhmətə getdi ki, səhəri gün Həzrəti Hüseynin və 72 əzizinin qətliamı günü idi. Sünni, şiə demədən bütün müsəlmanlar Vüqarın məzarı başında aşura keçirtdilər. Cərimə demədən, düşünmədən hamı gəldi. Və cərimələnən insanların hamısının ödənişini də atası etdi. Allah belə Vüqara minnət vurmadan onu cənnət yaşında apardı.

Samirə Zeynalova

- Ailəsi necə, qanqrenadan öldüyünü qəbul edir?

- Bacısı ailəlidi. Çox saf xanımdı. Qardaşı uşaqdı, o boyda qardaş itirib. Atası, anası dərdli və saf. Mən də sizin kimi deyirəm, hanı bunun qohumları? Əmisi, bibisi, xalası oğlanları? Niyə yanında olmadılar, zamanında araşdırmadılar? Hamı məni qınayır.

- Son anında yanında idiniz?

- Yox, o vəfat edəndə biz küsülü idik.

Samirə Zeynalova

- Niyə küsmüşdünüz,  xəyanət eləmişdi?

- Bugünkü gün üçün xəyanət deyildi. Xəyanət, onu parçalamaq istəyən canavarların arasında məni tək qoyub getməsinə, ölməyinə deyirəm. Özü də deyirdi ki, bunlar xəyanət deyil. Xəyanət, evlənsəm, səni tək qoysam, atsam, yiyəsiz-sahibsiz qoysam olar. Ani ehtiras xəyanət deyil və bundan danışmağa da abır edərdi. Mən bəzi qadınlar kimi bütün mövzuları açıb, dalaşardım. O, ar edərdi. Bəlkə də heç nə etməmişdi.

- Sizə kənardan nəsə göndərib, yazırdılar?

- Telefonunu araşdırırdım. Mənə göndəriləcək nə şəkil, nə də yazışma yox idi. O, heç bir sosial şəbəkədə yox idi, heç kimlə sms-lə də danışmırdı. Ona yazılan mesajlardan belə başa düşürdüm ki, bu qadın haradasa Vüqarı görüb. Deyirdim görmüsənsə, denən. Deyirdi, insandı da, küçədə, məclisdə görə bilər.

- Özü öz qədrini bildi?

- Kaş ki, bir az çox bilərdi. Onu didişdirdilər. Kitabında belə bir cümlə var ki, poeziyada ədəbiyyat günəşiyəm. Biz günəşin özünün öz istisinə əridiyini görə bilmədik. Onu nemət bildik, qədrini bildik, amma qoruya bilmədik.

Mərhum meyxanaçı Vüqar Biləcəri

- Kimlər onu didişdirirdi?

- Hamısı. Onlar kasıb ailə olmayıblar. Zamanın da, məhəlləsinin də, qohumlar arasında da normal, hətta normadan da yaxşı yaşayan ailə olublar. Vüqar əli çörəyə çatandan sonra qazandığını bölüşdürməyi bilirdi.

Bugünkü gün mənə deyirlər sən filankəslə düşmənçilik edirsən. Əvvəla mən qadın, o kişi nə düşmənçilik edəcəm. Özləri bilirlər kimi deyirəm. Mənim üçün dost, düşmən olmağa da ürək lazımdır. Bir şeyi unudurlar ki, Vüqarla düşmənçilik edə bilməmisənsə, mənimlə heç edə bilməyəcəksən. Mən həqiqətləri bilirəm.

- Məclislərdə hər zaman Aydın Xırdalanlı, Orxan Lökbatanlı, Rəşad Dağlı və Vüqar Biləcəri dördlüyü olub. Bu dostlardan ona zərbə dəydi?

- Vüqarın yaşam tərzi başqa idi. Orxanla ailəvi yaxın idik. Sonra bilmirəm aralarında nə oldu. Digərləri ilə əzəldən yaxın olmayıb. Mağara girənə qədər hamısı “qardaş, səni evə mən aparacam, Vüqar öndə əyləşsin”, deyirdilər. Toy başlayanda olurdular canavar. Deyirdim, Vüqar hər toyda bir əruz qafiyə aç, hər kəs yerini bilsin. Deyirdi ki, mən bilirəm ki, onlar onu deyə bilməyəcək, niyə o namərdliyi edim. Onların həmişə ona qarşı namərdlik etdiklərin deyəndə isə cavab verirdi ki, Allah göydən baxır. Mən deyə bilmərəm kim idi o namərdlər. Dost gəlib dostunun acı günündə ağlayan deyil. Hamımız ağladıq. Dost, dostunun şad gününə sevinəndir. Həzim edə bilmədilər. Vüqar meyxananı, əruzu, şeiriyyəti, kişiliyi, qeyrəti – hamısını eyni qaydada, eyni və yüksək səviyyədə idi. Bilmirəm, Vüqarı vura bildilər, ya yox. Amma çalışdılar. Hamısı onu tək qoydu. Toylarda qafiyələr açılırdı. Son toylara baxsanız görəcəklər. Vüqar da, mən də bilirdim o qafiyə nə üçün açılırdı. “Atdı səni getdi, sevgilin”. Bilirdilər ki, biz ayrılmışıq, o qafiyəni açanda Vüqar heç nə deyə bilməyəcək. Ad çəkmək istəmirəm. Elə biləcəklər düşmənçilik etmək istəyirəm. Amma onlar o insanlar deyillər. Mən bunu kitabımda yazacam. Din xadimləri nə qədər xahiş etdim ki, Vüqarla söhbət etsinlər. Vüqarın ətrafı pisdi, uçuruma gedir, sizi eşidəcək. Bir kəlmə onunla danışın. Danışmadı. Danışmasınlar, bir söz deyə bilmərəm. Amma bütün məclislərdə Vüqar onu mədh edirdi.

- Kim idi o insan?

- O rəhmətə gedən günü məclislərdə süni, şiə demədən karantin demədən hamı gəlmişdi. Hacı Şahin harada idi? Danışmaya bilər, deyər ki, mənim Vüqarın sözünə hörmətim var, şəxsi həyatına qarışa bilmərəm. Amma mənə dedi ki, ilk fürsətdə danışacam.

Dəfnə gəlməyən, 3, 7 mərasimində iştirak etməyən Hacı Şahin Vüqar ölən gün televiziyada xütbə verir: “Peyğəmbər hamını bağışladı, bir şair var idi onu bağışlamadı. Çünki o şair ruhaniləri təhqir edirdi”. Bu nə danışıqdı? Niyə məhz Məhərrəm ayının 29-cu günü, Vüqar torpağa qoyulan günü bu xütbəni verir?

Bu hansı şərəfə, ədalətə sığır? Bir cümlə, adını çəkmədən, “Əhli beyt” şairinin sözünə xətir deyə bilərdi ki, bu gün dünyasını dəyişənlərə Allah rəhmət eləsin.

Əgər Vüqar sənin üçün yox idisə, niyə cümə axşamına gəldin? Dini qruplar var idi ki, onlardan da eyni xahişi etmişdim. Dini məclislərdə çalışın Vüqar da iştirak eləsin deyəndə, mənə dedilər ki, biz oradan nə pul qazanırıq ki, Vüqara da verək? Dedim, haradan eşitmisiniz ki, Vüqar dini məclislərdən pul qazanır.

Mərhum meyxanaçı Vüqar Biləcəri

- Ölümündən sonra kitabı çıxdı.

- “Qərib xəyal” adlanırdı. Kitabda bir şeir, qəzəl tam deyil. Onun mənə “sms”lə yazdığı, toylarda, məclislərdə səsləndirdiyi “Youtube”da olan şeirlərini, qəzəllərinin hamısını yazıb saxlamışdım. İkinci kitabım çıxanda, uğurum olanda zarafatla deyirdi ki, heç xeyrini görməyəsən. Deyirdim ki, niyə? Həmişə “Neynirsən bunları, qadınsan otur evdə” deyirdi. Mən də evdə oturub, ona möhtac olmaq istəmirdim. Onda onun şeirlərini yazdığım kitabcanı gətirib qarşısına qoyub dedim ki, daha şeirlərini bir yerə yığmayacam, yazmayacam. Bu hadisə 2017-ci ildə olub. Onun əlyazmasını oxumaq mümkün deyil. Mən hansısa sözü bilməyəndə ki, yalvarırdım ki, bir dənə bu sözü denən yarımçıq qalmasın. Sonra dedim gətir yazım, qoymadı. Dedi, mən öləndən sonra edərsən...

Bu dəftəri özünə qaytardım və mənə geri vermədiyi üçün yenidən başladım həmin şeirləri bir də yazmağa. Qardaşına verdim ki, anlamadığım yerlər var. Apar bunları köçürtdür. Hamısının da pulunu qəpiyinə kimi ver, Vüqar heç kimə borclu qalmasın. Bir müddətdən sonra soruşdum ki, əl yazmaları kimə verdin? Dedi, Pünhan Əzimə. Vüqar Pünhanla uşaqlıqdan bir yerdə böyüyüb. Dedilər, Pünhanın tanış mətbəəsi var, orada çap olunacaq. O zamanlar mənəvi olaraq bu işləri edəcək gücdə deyildim. Mənim nəzarətimdə olmasını istəyirdim. Mən bu insanın əl yazmalarına bələdəm və bilirəm ki, ən azı 3 cildlik kitabı çar oluna bilər. Hər kitabda şeirləri, xatirələrinin yer almasını istəyirdim. Pünhanla əlaqə saxladım. Dedi, narahat olmayın, demək olar ki, çap işləri bitir. Təklif elədim ki, elə Vüqargildə görüşək, fikirlərimizi bölüşək. Razılaşdılar, amma günlər keçdi xəbər çıxmadı. Bir də gördüm ki, Pünhan “Youtube”da yayımlanan verilişlərin birində kitabdan danışır. Və deyir ki, kimsə düşüb ortalığa kitab çap eləmək istədi, edə bilmədi. O zaman üçün Pünhan mənim düşmənim idi. Bütün mal-mülk, müəllif hüquqları məndə olduğu halda, əlyazmaları mənə qaytarmırlar. Nəşriyyat haradır bilmirəm. Məndən kitab üçün əlavə yazı istəyirlər. Yazını yazıb verirəm. 2300 nüsxə kitab çıxandan sonra baxıram ki, mənim yazdığım yazı yoxdu.

Mən tənqid edəndən sonra çoxları kitabı almadı. Vüqarın elə əlyazmaları var ki, onlar hələ də işıq üzü görməyib. Hələ də mən onları toplayıram. Başqa heç kim də bunu etməyəcək. Anlamadılar ki, Vüqar yer üzünə, ədəbiyyatımıza həqiqətən nemət idi. Vüqar meyxanaçı deyildi, mütəfəkkir idi.

- Bu işdə sizə maddi və mənəvi yardım edən var?

- Yox, hər şeyi tək edirəm. Ona görə də kitab gecikir. Çox istəyirdim ki, il mərasiminə, avqustun 29-a kitabı çatdırım. Mənəvi olaraq, tələbələri Kamran Əzizi, Elnur Xırdalanlı, imkan tapdıqca da Pünhan kömək edir. Əl yazmaları özüm yığıb, redaktə edirəm. Çox çətindi, inanın.

- Az öncə dediniz mal-mülk, müəllif hüquqları sizdədi.

- Bəli, 2017-ci ildən özü hamısının hüququnu mənə vermişdi. Yaşadığı ev, avtomobil, bağ, əsərlərinin müəllif hüquqlarının hamısını məndədi. Düzdü, o rəhmətə gedəndə sənəd qüvvədən düşür. Amma mənə onun heç bir malı, mülkü lazım deyil. Qardaşına da demişəm, bunlar mənə aid deyil. Bircə, şeirlərinin müəllif hüququna dəyməsinlər. Vüqarın əlyazmalarına toxunmayın, toxunsanız da layiqli şəkildə toxunun.

Samirə Zeynalova

- Övladlarınız ölüm xəbərini necə qarşıladı?

- 10-15 gün oğlumdan gizlətdim. Dedim, səhv yazırlar. Sentyabrda ad günü idi. Yenə Vüqarı soruşdu. Dedim xəstəxanadadır, yanına aparmağımı istədi. Mən də qəbirüstünə gətirdim. Hələ də özlərinə gələ bilməyiblər. Zərrə-zərrə qurduğum ailə darmadağın oldu.

- Ölümündə sizi günahlandırırlar?

- İndi hamı deyir ki, sən qədrini bilərdin, yanında olardın. Mən 11 il yanında oldum, 2-3 ay əlimi çəkdim, insan öldü. Bağının hasarı 2-3 metr idi. Telefona cavab verməyəndə, mən boyda qadın o hasardan içəri keçirdim ki, görüm acdı, susuzdu, birdən nəsə olar. Mən niyə yanında olmadım? Belə məsləhət gördülər.

Mənim yoxluğum qədər onu qorxudan heç nə yox idi. Mən onun qarşısına şərt qoymalıyam ki, ya mən, ya da o “dostların”. Münasibətimizin soyuq olmasına səbəb onu cəzalandırmaq istəyim idi. Əgər həyatında əyri-əskiklik varsa, onu düzəltsin yoxsa ayrılacam. Mənə deyirdi ki, Samirə, heç kimin sözünə inama, bizi ayırmaq istəyirlər, mən öləcəm, sən yanacaqsan. Son görüşdə mənə bunu dedi və dediyi kimi də oldu. Halbuki, xəstə mən idim.

Vallah, mən sağlığında onun qədrini bilmişəm. Bu gün evlərinə gedəndə anası mənə qucaq açırsa, bir yerdə ağlaya, gülə biliriksə, bu Vüqar sağ olanda da belə idi, indi də belədi. Qədrini bilməsəydim, bu gün ailəsi, anası atası da günahlandırardı. Onlar məni bir şeydə günahlandırırlar, kaş ki, uşaqlarınız olaydı. Peşman deyiləm. Guya Vüqarın ailəsi, övladı olsaydı, cəmiyyətdən, jurnalistlərdən kim maraqlanacaqdı? Sadəcə, Samirəni günahkar çıxarmaq, mövzu predmeti istəyirlər. Biz Allahın dərgahında evli idik. Övlad da Allahın əlində idi. İstəsəydi, olardı.

Mərhum meyxanaçı Vüqar Biləcəri

- Yuxuda nə deyir, o da sizi günahlandırır?

- Hər dəfə qəbirdən çıxan görürəm. Durub oturur, mənimlə söhbət edir. Qəbrində pəncərə də görürəm. Mənimlə danışır, söhbət edir, danlayır. Nə sağ olanda, nə də yuxuda heç vaxt məni heç nədən günahlandırmayıb. Sanki mənə yol göstərir. Məsələn, müsahibəyə gələndə yuxuda gördüm. Gülümsünürdü. O, əgər mənə yuxuda “yenə nə edirsən, səhv edirsən”, desəydi bu gün bu müsahibə alınmayacaqdı. Mənə nə etməli olduğumu izah edir.

- Geriyə dönsəniz nəyi dəyişərdiniz?

- Telefonunda heç nə axtarmazdım.

Mərhum meyxanaçı Vüqar Biləcərinin qəbirüstü abidəsi

Foto: Orxan Əzim və Nicat Əlili

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 84483
avatar

Nigar Adil

Oxşar yazılar