Təqribən, 2-3 il əvvəl Şahbaz Xuduoğlu Əlisa Nicatın qaz pulunu ödəyə bilmədiyi üçün soyuqda qaldığı haqqında paylaşdığı post gündəm olmuşdu. Həmin vaxt hamı el birliyi, cib diriliyi ilə yığışıb Əlisa Nicata yardım kampaniyası başlatmışdı. Sosial şəbəkələrdə sonu çoxlu nöqtələrlə bitən sentimental cümlələr qurub qoca yazıçımıza dəstək çağırışları edirdilər. Yenə həmin virtual küyçülərimiz Əlisa Nicatın dünənki məlum-məşhur müsahibəsinə görə, onu təhqir edirlər.
Burada dəyişməyən tək şey Əlisa Nicat və onun fikirləridir. 2-3 il əvvəl də o, Səməd Vurğuna, Bağırova qarşı eyni mövqedə idi. "100 böyük azərbaycanlı" kitabı 1999-cu ildə çap olunub və Mircəfər Bağırov həmin vaxtdan o kitabda 3-cü yerə salınmışdı. Əlisa həmin Əlisadır. Fərq orasındadır ki, əvvəl soyuqda oturub tənqid edirdi, indi isə isti evində.
O vaxt Əlisa Nicatı dəstəkləyənlərin çoxu heç bilmirdi o nə yazıb. Ağızdan-qulaqdan yazıçı olduğunu eşidib düşmüşdülər ortalığa ki, bəs yazıçımız soyuqda qalıb. Halbuki "yazıçı, yazıçı" dediklərinə hərə gedib bir kitabını alsaydı, 2 qışlıq qaz pulunu təmin edərdilər. Həm də oxuyardılar ki, görək, bu kişi nə yazıb? O vaxt Əlisa Nicatı oxusaydılar, bu gün bu həngamə qopmazdı.
Mən Əlisa Nicatın vəkili deyiləm, haşa! Adam "vəkil" yazmağa da qorxur ki, onu da "Vəkilov"a bir göndərmə kimi yozub linçləyəcəklər. 2-3 il əvvəl Əlisa Nicata dəstək olub bu gün söyən zehniyyəti idarə etmək o qədər asandır ki.
Təsəvvür edin, bir qız özünü binadan atır. Hamısı başlayacaq ki, nəsə "zibili" var idi, üstü açılıb, ona görə edib. Sonra qızın cibindən bir məktub çıxacaq: "Uşaqlar evində böyümüşəm. Heç kimim yoxdur. 18 yaşım olan kimi atdılar bayıra. Bir şirkətdə xadimə işləyirdim. İşdən çıxartdılar. Kirayə pulunu verə bilmədim, "xozeyin" evdən atdı. Küçədə qalmışdım. Ya namussuzluq etməliydim, ya da ölməli". Hamı başlayacaq ağlayıb-sızıldamağa ki, bəs xalqımızın Həcər qeyrətli qızı-filan. Sonra tibbi-ekspertiza zamanı qızın narkotik vasitə istifadə etdiyi məlum olacaq. Yenə hamı başlayacaq söyməyə ki, baax, nəsə zibili var imiş, "mal" almağa pulu çatmayıb, özün atıb.
Dünən Əlisa Nicatı dəstəkləyib bu gün söyənlərlə intihar edən qızın cibindən çıxan məktuba görə ağlayıb, tibbi-ekspertizanın cavabına görə təhqir edənlər eyni təfəkkürdə adamlardır. O ki qaldı Səməd Vurğun, Mircəfər Bağırova, nə qədər onlara real tarixi qiymət verilməyib, hələ çox bu cür "səs-küy" olacaq.