Dumanda baş verən qəzaların ƏSAS SƏBƏBİ  – “Bu qaçılmazdır”
21 fevral 2022 17:56 (UTC +04:00)

Dumanda baş verən qəzaların ƏSAS SƏBƏBİ – “Bu qaçılmazdır”

“Dumanlı hava şəraiti artıq məhdud görünmə sayılır. Bunu özümüzdən demirik. Qanunvericilikdə bu cür qeyd olunub. Burada sürücülərə “Yol hərəkəti haqqında” qanunla tənzimlənən müəyyən qaydalar qoyulur. Sürücü sürət həddini yol və hava şəraitinə uyğun seçməlidir”.

Bu sözləri Lent.az-a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.

Elə bu gün Bakını bürümüş qatı duman paytaxt sürücülərinin maşın idarə etməsində çətinlik yaradıb. 

Maraqlıdır bəs, belə şəraitdə sürücülər qəza törətməmək üçün hansı qaydalara əməl etməlidir?

Məsələ ilə bağlı danışan E.Muradlı bildirir ki, hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq olunsa da, bəziləri bunu “qulaqardına” vurur:

“Bəzən sürücülərə hava şəraiti ilə bağlı xəbərdarlıq etdikdə, onlar “qulaqardına” vururlar. Deyirlər ki, yolda nişan var və ona uyğun maşını idarə edirəm. Amma bu o demək deyil ki, dumanlı, buzlu yolda sürət həddi 120 olduğu üçün maşını da elə idarə etməlisən. 

Sürücünün hüquq və vəzifələrində aydın şəkildə göstərilir ki, sürət həddi hava şəraitinə uyğun seçilməlidir. Bu baxımdan sürücülər son dərəcə diqqətli olmalıdır. Ən əsas duman işıqlarından istifadə etmək vacibdir”. 

Ekspert dumanlı havada sürət həddi məsələsinə də aydınlıq gətirib:

“Dumanın sıxlığına və yolun görünmə vəziyyətinə uyğun sürət həddi seçmək lazımdır. Dumanda hərəkət sürəti azaldılmaqla elə seçilməlidir ki, görünən məsafədə təhlükə olduqda onunla toqquşmadan qaçmaq, xüsusən zərurət olduqda avtomobili rahat dayandırmaq mümkün olsun. Nəzərə almaq lazımdır ki, duman səbəbi ilə yolun kənarı görünmədiyindən yola çıxan piyada, heyvan, yaxud işıq cihazları yandırılmamış nəqliyyat vasitəsi gözlənilmədən avtomobilinizin qarşısında peyda olaraq qəza şəraiti yarada bilər. Sürəti elə seçmək lazımdır ki, belə hallarda da qəzadan qaçmaq mümkün olsun.

Belə ki, sürət həddi çox olduğu təqdirdə qarşıya qəfil nə isə çıxdıqda maşını saxlamaq mümkün olmayacaq. Çünki sürət həddi yüksək olduqda tormoz məsafəsi də uzanır. 

Təəssüflər olsun ki, bəzən sürücülərimiz bu qaydalara əmələ etmədiyi üçün zəncirvari qəzalar baş verir.  Belə halların baş verməməsi üçün sükan arxasında əyləşən hər bir şəxs sürət həddini hava şəraitinə uyğun seçməlidir”.

Bundan əlavə, ekspert vurğulayır ki, dumanda istər gecə, istərsə də gündüz vaxtı əks istiqamətli hərəkət zolağına çıxmaqla ötməyə heç bir halda yol verilməməlidir:

“Nəzərə almaq lazımdır ki, dumanda qarşıdan gələn avtomobil yalnız görünmə sahəsinə daxil olduqda görünür. Özü də o da sizə doğru hərəkət edir. Belə halda dumanın imkan verdiyi görünmə məsafəsində üz-üzə çıxan nəqliyyat vasitələrinin toqquşmadan yayınması çox çətin işdir.

Eyni zamanda, dumanda yolda dayanmaya imkan daxilində yol verilməməlidir. Əgər dayanma qaçılmazdırsa, mütləq yolun hərəkət hissəsindən kənara – yol çiyninə, özü də xarici kənarına yaxın çıxaraq dayanmaq lazımdır”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2109
avatar

Fidan İlqar

Oxşar yazılar