30 milyon dollarınız olsaydı, nə edərdiniz?
11 sentyabr 2024 15:41 (UTC +04:00)

30 milyon dollarınız olsaydı, nə edərdiniz?

Bu sualı versək, insanların böyük bir əksəriyyətindən ilk növbədə ev və maşın almaq cavabını (sualın verildiyi ərazidən asılı olaraq, cavablar arasında çayxana açmaq da ola bilər) eşidərik.

Ölkəmizdə konkret şəkildə çərçivəli ədəd təfəkkürü mövcuddur. Baxmayaraq ki, sadalanan şeyləri həmin məbləğin yüzdə biri ilə də etmək mümkündür, adıçəkilən təfəkkürə görə ortada milyonlarla manat hələ qazanılmamış itirilir.

Yəni insanlar sıfırın çoxluğuna aldanırlar.

İnsanlar üçün 100 min manatla 30 milyon dolların mahiyyəti eyni səviyyədə məhduddur. Hər iki məbləğin xərclənmə əhatəsi eynidir.

Düşünürəm ki, bu, Eldəniz üçün də belə idi.

Binəqədi rayonunda Eldəniz adlı şəxs bir evin qarşısında gözləyib, hava qaraldıqdan sonra isə mənzilə daxil olub. Silahlı şəxs ev sahibinin başına silah dirəyib ki, bəs, mənə 30 milyon dollar ver.

Türklər demişkən, bu, həqiqətən "vizyonsuzluq"dur.

Hələ çiynində çanta da götürüb ki, 30 milyon dolları həmin çantaya qoysun.

Bir çox ölkələrdəki küçə sorğularını izləyərək belə qənaətə gəlmişəm ki, insanların rifahı onların yaşadığı ərazi ilə düz mütənasibdir.

Düşünürəm ki, bu hal bizim ölkədə də eyni mütənasibliyi təşkil edir. Başına dönərəm, Binəqədi camaatının ümumi sərvətini toplasan, heç o qədər eləmir. Sən hansı düşüncə və ümidlə bir nəfərdən o qədər məbləğ almaq istəyirsən?

Bu tip soyğunlarda insanların konkret məbləğ tələb etməsini başa düşmürəm.

Görəsən, soyğundan əvvəl nə düşünürlər?

Əminəm ki, Eldənizə heç 30 milyon da lazım deyil.

Bəlkə də özünə həqiqətən lazım olan məbləği istəsə, ev sahibi canını qurtarmaq üçün həmin məbləği ödəyəcək.

Yazığın başına silah dirənir, bu da deyir ki, nə istəyirsən, verərəm, amma məni öldürmə. Bu gözünə döndüyüm qayıdıb 30 milyon dollar istəyəndə ev sahibi də bilmir heç nə desin. Məbləğ elə fantastikdir ki, bir yandan da qorxur, hətta yalandan da olsa razılaşsa belə, Eldəniz ona inanmaz. Bilmir ki, hə desin, yoxsa yox desin.

Mətləbdən kənar da olsa, əvvəlcədən bunu qeyd edim ki, Üzeyir Mehdizadənin adı bayağı sənət adamları ilə eyni yerdə hallananda həmişə demişəm ki, mütləq onu həmin səpkidən ayırmaq lazımdı. Çünki onun bunu qəsdən və fərqində olaraq etdiyindən əminəm.

Eldənizin soyğun xəbərini oxuyanda qəflətən Üzeyirin bir klipi yadıma düşdü.

Deməli, mövzu ondan ibarətdir ki, qızla oğlan bir-birlərini uşaqlıqdan sevirlər. Bir gün oğlan qızı gətirib evlərinə ötürür. Atası da pəncərədən görür. Gətirib oğlana zərfin içində 3 dənə yüzlük verir ki, bəs bunu götür, qızımdan uzaq dur.

Həmin klipdəki ata obrazı ilə Eldəniz obrazı tamamilə eynidir. Ata daha çox məbləğ verə biləcəkkən (nəzərə alsaq ki, bu, sadəcə musiqi klipidir) fantastik dərəcədə aşağı məbləğ verir və buna görə məqsədinə çata bilmir. Eldəniz isə daha az məbləğ istəyə biləcəkkən (nəzərə alsaq ki, hadisə Binəqədidə baş verib) fantastik dərəcədə yuxarı məbləğ tələb edir və buna görə məqsədinə çata bilmir.

Biri litotadır, biri mübaliğə.

Ədəbiyyatın yox, həyatın məhsulu olduğu üçün hər ikisi reallıqdan uzaq qalır və uğursuzluqla nəticələnir.

Bir məsəl var. Deyir ki, ölkəmizdən niyə Şekspir kimisi çıxmır?

Tragikomik cavabı da var, bura İngiltərə oldu, mən Şekspir olmadım?!

Avropanı örnək götür, yaxşı edirsən, lap soyğununu da örnək götürə bilərsən. Möhtəşəm ssenari və qrafiklə yazılıb-cızılmış soyğun planı mənim özümə də zövq verər (hətta soyulan tərəf mən olsam belə).

Amma sən hansısa filmdə Dallas ştatında baş verən soyğunu Binəqədidə tətbiq edirsənsə, gərək sıfırların bir neçəsini qurban verəsən.

Binəqədidə evə girib bir nəfərin başına silah dirəməkdənsə, hansısa bankomatın başına silah dirəmək daha məntiqlidi. Düzdür, heç biri sənə pul verməyəcək. Amma məsələ burasındadır ki, birində ümumiyyətlə yoxdur, vermir, digərində isə heç olmazsa, var, amma vermir.

Yol gedəndə hamının arasında (oxu: "Z" qurşağı) ən azı bir dəfə bu dialoq olur ki, özünü atanda da gərək bahalı maşının altına atasan, heç olmazsa, deməsinlər ki, bunu ucuz maşın vurub öldürdü.

Buna "bahalı maşın" teoremi adını qoymuşam.

Eldənizin də onsuz da polislər tərəfindən saxlanılacağını dəqiq bilib 30 milyon dollar istəməyini sırf "bahalı maşın" teoreminə görə bağışlamaq olar. Onsuz da cinayətdir, barı, urvatlı olsun.

Amma yox, yenə düz gəlmir. "Bahalı maşın" teoreminə əsasən, hadisə Binəqədidə baş verməməli idi. Heç olmazsa, hansısa metroya, dayanacağa, bağçaya, aptekə və mağazaya cəmi 100 metr məsafədəki ev!

 

 

El Roman

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4545
avatar

Oxşar yazılar