Nizami Cəfərov: “Bir gün bir məhəbbət yaşayırsan, 100 gün zülmünü çəkirsən” - MÜSAHİBƏ
10 avqust 2009 15:00 (UTC +04:00)

Nizami Cəfərov: “Bir gün bir məhəbbət yaşayırsan, 100 gün zülmünü çəkirsən” - MÜSAHİBƏ

“Qadın ailədən çox kənara çıxanda azır, amma kişi çox ailənin içərisində qalanda mənasızlaşır”

“Persona” rublikasında ilk qonağımız filologiya elmləri doktoru, professor, Atatürk Mərkəzinin rəhbəri, parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovdur. Ağstafanın Zəlimxan kəndində dünyaya göz açan Nizami Cəfərov bir aydan sonra, sentyabrın 21-də 50 yaşını tamamlayacaq. Elə söhbətimizə də buradan körpü saldıq...

- Nizami müəllim 50 yaşı necə qarşılamağa hazırlaşır? 50 cavana dəyən bir insan kimi, yoxsa…

- Belə bir məşhur prosedur var. Əgər mütəxəssislər orta əsrlərə, eləcə də qədim dövrə aid əsər tapırlarsa, müəllifin əsəri hansı yaşında yazdığı bilinmirsə, deyirlər k, bu əsəri müəllif 40 yaşında yazıb. Yəni heç vaxt böyük bir əsərin, böyük bir işin kim tərəfindənsə 20-30, yaxud 50-60 yaşlarında yazıldığını deyən yoxdur. Mənə elə gəlir ki, bu təsəvvür də doğrudur. Bu mənada, güman edirəm ki, nə iş görmüşəmsə, indiyə qədər görmüşəm. İnanmıram ki, bundan sonra görəcəyim işlər indikilərdən yüksək olsun. İnsan 50 yaşına belə gəlib çıxır. Nə etməmisənsə, daha onu edəcəyinə böyük ümid yoxdur. Amma bu, həyata pessimist baxış da deyil. Nə isə ola bilər. Amma yarıdıcı insanlar 50 yaşına qədər nə isə etməyiblərsə, bu, artıq faciədir.

- Uşaqlıq illəri yaddaşınızda necə həkk olunub?

- Elə bilirəm ki, uşaqlıq dövrü bir sıra hallarda mənim içimdədir, daxilimdədir. Hərdən fikirləşirəm ki, uşaqlıq dövrünü başa vurmamışam. Gərək az-çox qabiliyyətli insanların daxilində həmişə uşaqlıq dövrü dayansın. Bir məşhur məsəl də var. Deyirlər, şərəfini gəncliyindən qoru. Yəni uşaqlıq, gənclik illəri mənasız keçibsə, sən daha sonrakı illərdə mənalı ola bilməzsən. Məsələn, mən orta məktəb illərində dil, ədəbiyyat və tarixlə məşğul olmasaydım, çoxlu kitablar oxumasaydım, çoxlu sayda mənalı, mənasız yazılar yazmasaydım, universiteti bitirəndən sonra da ciddi şəkildə bu işlərlə məşğul ola bilməzdim. Heç vaxt inana bilmərəm ki, hansısa bir dilçi, ədəbiyyatçı, tarixçi dilə, ədəbiyyata, tarixə aid əsərləri, xüsusilə də bədii əsərləri universiteti qurtarandan sonra oxuyur. Mənim əsas işim olan ədəbiyyat uşaqlıqdan oxunmalıdır. Mən də birinci növbədə uşaqlıq illərimə ona görə minnətdaram ki, həmin dövrdə məni bu işə təkid edən valideynlərim, həm də yaxşı müəllimlərim olub. Mən uşaqlıq illərində kifayət qədər çox oxumuş və yazmışam. İndi kənd uşağının dəcəllikləri ilə bir yerdə, öz işləri, qayğıları var.

- Nizami müəllim dəcəl olub?

- Uşaqlıq dövrümü o qədər dəcəl keçirdiyimi deyə bilmərəm. Amma kənd uşağısansa, istər-istəməz mal-qoyun növbəsinə getməyin, sovxoz bağlarından nə isə oğurlamağın, çöllərdə gəzməyin, ilkin ovçuluq məsələləri var. Kənddə əslində yoldaş, dost olduğun uşaqlarla hərdən dava-dalaş var. Döyməyin, döyülməyin var. O həyatı mən də yaşamışam. Fiziki cəhətdən güclü olmuşam, ona görə də dava-dalaşdan heç vaxt çəkinməmişəm. Amma dava-dalaşa da xüsusi meylim olmayıb. Mən heç vaxt birinci başlamamışam. Lakin kimsə bir dəfə nə isə mənə qarşı iş görübsə, davaya cəlb edibsə, daha gözləməmişəm ki, ikinci, ya da üçüncü dəfə də cəlb etsin. Yəni qorxmaq, çəkinmək olmayıb. İndi nəticəsi necə olub, o, ayrı məsələdir. Bir də görürsən ki, 5-6 nəfərə qarşı birdən vuruşmalı olursan. Onu da gərək edəsən. Lap ölsən də, döyülsən də edəsən.

- Uşaqlıq illəri sevgisiz də olmur. İlk sevginizi necə xatırlayırsınız?

- Dünyanın ən təhlükəli arxivləri də 25 ildən sonra açılır. Özü də ilk sevgi belədir ki, onu hamı bilir. Kənddə hamı bilir ki, Nizaminin uşaqlıqda kimdən xoşu gəlib. Ən azı bizim orta məktəb uşaqlarımız yaxşı bilir. Bu, sevgi deyil. Elə bir oğlan uşağı təsəvvür etmək mümkün deyil ki, orta məktəbdə sevməsin. Mən müəlliməm, istər-istəməz özümü də tədqiq edirəm. İnsanın ən böyük tədqiqat obyekti özüdür. Birinci növbədə özünü, özünə yaxın olan mühiti tədqiq edir. İnsan bildiyi şeylərdən nəticələr çıxarır, təsadüfi şeylərdən nəticələr çıxara bilməz. Təbii ki, orta məktəbdə oğlanlar daha çox yaxşı oxuyan qızları sevir. Təbii ki, burada yaraşıq, gözəllik də şərtdir. Amma yaxşı oxumaq nə isə orta məktəbdə qızları qəşəng göstərir. Bir az da daha çox gülən, danışan qızları sevirlər. Orta məktəbin son siniflərinə qədər məndə də bu komponentlər əsas idi. Amma bu münasibətlər olduqca açıq olmayan münasibətlər olub. Heç vaxt uşaq vaxtı orta məktəbdə istədiyim qıza “mən səni sevirəm” deməmişəm və deyə də bilməzdim. Orta məktəbin son siniflərində, universitetə hazırlaşmaq vaxtı, yeniyetməliyin son illərində həmin sevgi tədricən nə isə doğma bir şeyə çevrilir və qalır. Daha onun arxasınca getmirsən.

- Siz də getmədiz?

- Mən də getmədim. Çünki daha böyük sevgilər başldı. Universitet, elm, elmi münaqişələr, kariyera intriqaları… Sonralar şəxsi həyatına ayrı cür baxmaq məsələsi ortaya çıxır. Amma ömrü boyu ilk sevgi sənin həyatına yazılır. Sonra artıq dar mənada yeni sevgilər başlayır. Onlar da artıq evlənməklə, ailə qurmaqla nəticələnir. Bu artıq daha çox dərk olunmuş sevgidir. O da olur ki, orta məktəbdə oğlanlar, qızlar kimisə istəyir və evlənirlər. Ay yandm, öldüm… Sonra da ailə həyatı alınmır. Çox böyük çətinliklər meydana çıxır və o zərif sevgi həyatın kifayət qədər qaba texnologiyalarının qarşısında dözə bilmir. Mənim üçün sonra çox dözümlü bir həyat başladı. Mən artıq ailədən daha çox işimə, ictimai mühitə daha çox diqqət verdim.

- İşə daha çox meyllənməyiniz ailə həyatınıza mənfi, yoxsa müsbət təsir göstərdi?

- Ailə həyatı artıq sənin öz əlindədir.

- Yeri gəlmişkən, sevdiyiniz xanımla ailə qurmuşdunuz?

- Şübhəsiz. İllər keçir, artıq müqayisələr aparmaq imkanımız var. Elə insanlar var ki… Mən uzun müddət universitetdə çalışmışam, bu gün də çalışıram. Bizim elə müəllimlərimiz vardı ki, tam ailə həyatının əsiri idilər. Onlar üçün birinci növbədə ailə idi. Gələrdi, dərsini deyərdi, bir az işi-gücü vardısa, görərdi. Çox yazı-pozuyla işi yoxdu. Amma istedadlı insanlar, ictimai şəxslər, elm xadimləri bir qayda olaraq ailəyə bağlı olmurlar. Ailəyə nəzarət edirlər, ailə onların çox zaman hökmü altında olur. Bununla yanaşı, onlar daha çox cəmiyyət üçündürlər. Sözün pedant mənasında elm üçündürlər. Yaxşı olar ki, belə insanları ailədə həmişə başa düşsünlər. Amma onlar da gərək ailəni başa düşsünlər. Çox təəssüf ki, bu məsələlər bizdə araşdırılmayıb. Burada çox mürəkkəb situasiyalar, məqamlar var. Bir ailə, bir də cəmiyyət var. Mən yalnız ailəsinə bağlı olan insanları ciddi insanlar hesab etmirəm. İnsan həmişə ailədən kənara çıxmağı və ailənin fövqündə dayanmağı bacarmaldır. Əgər bu olmasa, o, cəmiyyət, insanlıq üçün maraqlı insan ola bilməz. Bu, daha çox kişiyə aiddir. Qadın üçün ideal yer onun ailəsidir. Qadın ailədən çox kənara çıxanda azır. Amma kişi çox ailənin içərisində qalanda mənasızlaşır. Bəlkə də kişi ailə üçün bir iş görür. Amma bu iş də ailə tərəfindən o qədər də yaxşı qarşılanmır. Bizim çox maraqlı nağıllarımız var. Onlardan biri də “Tənbəl Əhməd”dir. O nağılda qadın həmişə oturan kişisini müxtəlif yollarla istəyir ki, evdən çıxarsın. Ailə kişini çox da evdə saxlamır.

- Bir ara mətbuatda ailə həyatınızın dağılması barədə xəbərlər yer aldı.Yazılanlar həqiqəti nə dərəcədə əks etdirirdi? Biz indii evli, yoxsa artıq evli olmayan Nizami Cəfərovla danışırıq?

- Həmişə cəmiyyətdə çox tanınmayan insanın həyatında çoxlu məsələlər baş verir və heç kim də maraqlanmır, heç kim üçün də onun mənası yoxdur. Amma az-çox tanınan insanlar həmişə müzakirə obyektidir. Onların intellektindən başlamış ictimai-siyasi fəaliyyətinə, məişətinə qədər həmişə müzakirə olunub. Mən bu məsələlərin çox dərinliyinə getmək istəmirəm. Yazılanların yarıdan çoxu mənasız söhbətlər idi. Amma yazılırsa, o yazılanlar sənin haqqında təsəvvür yaradır. Sən də bununla hesablaşmalısan. Ya düşünməlisən ki, səhv etmişəm ki, belə şeylər ortaya çıxıb, gərək bunun üçün bir əsas verməyəydim. Ya da düşünürsən ki, mən düz etmişəm, bu mənim həyatımdır, həyatımı bu cür yaşamağın tərəfdarıyam və belə şeylər də təbii ki, deyiləcək. İndi o cür müqayisə aparmaq gülünc çıxır. Amma deyək ki, Leyli ilə Məcnunun münasibətində heç bir mənfi cəhət yox idi. Amma fərqi yoxdur, onlar da rüsvay oldular. Molla Pənah Vaqif də deyirdi ki, 1 gün məhəbbətin 100 gün cəngi var. Yəni 1 gün bir məhəbbət hissi yaşayırsan, 100 gün onun zülmünü çəkirsən. Amma nə qədər müzakirə olunursa-olunsun, istər doğru mövqedən, istər doğru olmayan mövqedən, hər halda, bu, mənim həyatımdır və mən istədiyim hərəkətləri etmişəm. Buna görə də deyilən sözlərlə, dedi-qodularla hesablaşmalıyam. Onlara nə laqeyd baxa bilərəm, nə də orada yeni bir davanın içərisinə girə bilərəm. Belədir, həyatımızdır, hər şey ola bilər.

- Belə başa düşdüm ki, Nizami müəllim ilkin evlilik həyatını olduğu yerdən davam etdirir?

-Bəli.

- Bir az əvvəl universitet, elmi yaradıcılıq dövründə intriqaların baş verdiyini söylədiniz. Siz şəxsən belə intriqalarlarla qarşılaşmısınız?

- Mənim özümün də çox xoşuma gələn bir üstün cəhətim var. Mən xeyli hövsələli insanam. Həyat intriqalarla doludur. Düzdür, biz ona mübarizə, münaqişə deyirik, fərqi yoxdur. Həyatda istər-istəməz qarşılıqlı əlaqədə olmadığın bir şey yoxdur. Deyək ki, 1000 nəfər universitetə ərizə verib, 1000-i də biliklidirsə, onda gərək 1000 nəfərin hamısı qəbul edilədyi. Elə deyil. Hətta 1000-i də biliklidirsə belə, yenə də onların içərisindən 100-ü qəbul olunur. İstər-istəməz həyat hər yerdə yarışlarla qarşılaşdırır. Mən də həmişə çalışmışam ki, bu yarışlara, müsabiqələrə hazır gələm. Özü də doğru yol nədirsə, onunla gələm. Müxtəlif yollar tapmaq istəyənlərlə istər-istəməz açıq münaqişəyə gedirsən və qəbul olunmamış qaydalarla döyüşməyə məcbur olursan.

- İlk açıq münaqişə ilə harada qarşılaşmısınız?

- İlk açıq münaqişələr universitetdən başlanır. Mən Bakı Dövlət Universitetinə (BDU) daxil oldum, fərqlənmə diplomu ilə bitirdim. Sonra aspiranturaya girdim və əyani oxudum. Sağ olsun müəllimlərimiz, elmi rəhbərim professor Tofiq Hacıyev, o cümlədən Əlövsət Abdullayev, Ağamusa Axundov və digər müəlliməlrimiz çox qayğı göstərdilər. Kimdən soruşsaydılar ki, o insan necə oxuyur, “pis oxuyur” deyə bilməzdilər. Tərifləyirdilər. İnsan həmişə təriflənmək istəyir. İnsanı pisləməklə onu yüksəltmək mümkün deyil.

Vaxtından 6 ay tez aspiranturanı bitirdim, müdafiə edərək təsdiqimi aldım, amma Bakı Dövlət Universitetində mənə yer vermədilər. Gördüm, elə şeylər var ki, daha burada doğruluqla, düzgünlüklə mümkün deyil. Burada artıq mübarizə aparmaq lazımdır, həm də ən müxtəlif yollarla. Amma mən mübarizəni kiminlə aparası idim?! Deyirdilər ki, “yer yoxdur”, “bu işlərə rektor baxır”. Rektor da dedi ki, burada imkanımız yoxdur, get harada işləyirsən, işlə.

- BDU-nun rektoru o zaman kim idi?

- O dövrdə BDU-nun rektoru Faiq Bağırzadə idi. Faiq Bağırzadə universitetin tarixində yaxşı rektor kimi tanınır. Amma nə isə hərdən belə şeylər olurdu. Mən də sonra Akademiyanın Dilçilik İnstitutuna getdim, 2 il orada işlədim. Təbii ki, çətinliklər də olurdu. Xüsusən maddi məsələlərdə çox çətinliklər olurdu. Evlənmişdim, ailə saxlamaq lazım idi. Kirayədə qalırdıq. Həm də nəinki özünü, ailəni saxlamaq, həm də bacı-qardaşa kömək etmək, kənddə anama kömək etmək lazım idi. Bunların hamısı mənim öhdəmə düşürdü, çünki böyük övlad mən idim. Amma hər halda mən elə bilirəm ki, o problemləri rahat həll edirdim. İnsan var ki, zarımağa, şikayətlənməyə başlayır. Mən bilirdim ki, şikayət etməyə heç bir əsas yoxdur. (gülür)

- Yeri gəlmişkən, necə bir ailədə böyümüsünüz, neçə qardaş-bacı olmusuz? Bacı-qardaşlarınıza həyatda yer tutmaqda kömək edə bilmisiniz?

- Şübhəsiz, kömək etməyi bacarmışam. Biz iki qardaş, iki bacıyıq. Atam çox gözəl, səviyyəli bir ədəbiyyat müəllimi idi. Qazax Müəllimlər Seminariyasını, Pedaqojİ İnstitutu bitirmişdi. Amma anam orta məktəbi bitirmişdi, evdar qadın idi. Bununla yanaşı, səviyyəli, elm, təhsil məsələsində tələbkarlığı atamdan da geri qalmayan xanım idi. Atam tez, 38 yaşında rəhmətə getdi. O zaman mənim 11 yaşım vardı, qardaş-bacılarım da məndən balaca idilər. Ona görə də anam daha çox əziyyət çəkməli oldu. Amma babam, nənəm, əmilərim, dayılarım vardı. Ailəmiz böyük idi, elə bir çətinlik hiss etmədik. Həm də sovet dövrü idi. Biz sovet dövrünü nə qədər tənqid etsək,bəzən söysək də, sovet dövründə yaşamaq imkanı normal idi. Müxtəlif kömək imkanı vardı. Elə deyildi ki, biri lap gözəl, biri lap pis yaşaya.

Mən BDU-nu, bacım texnikumu bitirdi. Digər bacım oxumadı. Qardaşım da BDU-da mən bitirdiyim filologiya fakültəsində, ancan qiyabi oxudu. Ona görə də əvvəlcə rayonda, sonra da Bakıda işlədi. Kiçik bacım işləmir. Böyük bacım kəndimizdə ibtidai sinif müəlliməsidir. Qardaşım da Mədəniyyət və Turizm Nazirliyində Vaqif Bəhmənlinin bölməsində işləyir. Biz həmişə bir-birimizə kömək edirik. Ailə ocağı elədir ki, gərək hər iki tərəf güzəştlərə getməyi bacarsın. Yoxsa hərdənbir bizdə də olur, kimsə iddia qaldırır. O iddianın arxasınca axıra qədər getsən, bu səhv iddiaya görə onu tərbiyə etməyə çalışsan, görürsən ki, o halda hər şey dağılır. Yəni elə şeylər var ki, hansısa normaları əldə rəhbər tutub, onun uğrunda mübarizə aparmaqla əmələ gəlmir. Burada ən böyük mütəşəkkillik yaradan prinsiplərdən biri də güzəştdir. Həmişə gərək qarşındakı reallığı, gerçəkliyi dərk edənə qədər güzəştə gedəsən. Amma görürsən ki, bu səhvlər 100 dəfə təkrar olunur, onda da dağılır, qoy dağılsın. (gülür)

- Oxumaq, elmi fəaliyyət, indii də deputatlıq. İstirahət etmirsiniz?

- Çox da reqlamentlə istirahət mədəniyyətim yoxdur. Mən hətta hər günün öz istirahətini edən, hər günün işini də çox gözəl görən, ildə bir dəfə mütləq gedib hardasa dincələn insanlara qibtə edirəm. Çox da istərdim ki, onlar kimi olum. Amma məndə alınmır. Mən həmişə təsadüflərlə dincəlirəm. Mənim üçün birinci növbədə işdir. İş yaxşı gedirsə, mən dincələ bilirəm. Çox istədiym dostlarımla, yoldaşlarımla, həmkarlarımla bir yerdə olmaq, oturmaq, yemək-içmək, danışmaq mənim üçün daha çox dincəlməyin aparıcı göstəricisidir.

İstirahətsiz iş görmək də mümkün deyil. Ən böyük istirahət odur ki, rahat olasan. Məsələn, mən tələbə, aspirant vaxtı, Dilçilik İnstitutunda, “Ədəbiyyat” qəzetində, sonra da universitetdə işləyəndə, 90-cı illərin ortalarına qədər həmişə kəndə gedirdim. Mənim üçün 3-5 gün kənddə qalmaq istirahət idi. İnsan istər-istəməz möhkəmlənirdi. Amma millət vəkili seçiləndən sonra kənddə, rayonda dincəlmək mümkün deyil. Hər gedəndə istəyirsən ki, çıxasan, bağı gəzəsən, mütləq kimsə bir xahişlə, problemin həlli ilə bağlı müraciət edir. Yəni kənddə də ancaq bu işlərlə məşğul olmağa başlayırsan. Özü də bizim cəmiyyətimiz belədir ki, insanlarımız ya bilmirlər, ya da bilmək istəmirlər ki, deputatdan nəyi xahiş etmək olar, deputatın nəyə gücü, səlahiyyəti çatır. Çox zaman maddi kömək üçün müraciət edirlər. Deputat da lap milyoner olsun, o da bunun öhdəsindən gələ bilməz. Həm də o xahiş etsin, bu xahiş etsin, sən nə qədər insanlara pul paylaya bilərsən? Bununla cəmiyyətdə normal mühit yaranarmı? Mümkün deyil. Bu, nəticə etibari ilə daha mənfi şeylərə gətirib çıxarır. Bir də görürsən, insandan elə şeylər xahiş edirlər ki, onu xahiş edənin yalnız özü edə bilər, sən edə bilməzsən. Məsələn, biri deyir ki, oğlum sözümə baxmır, Nizami müəllim, gəl gör nə edirsən. Mən nə edim ki, oğlun sənin sözünə baxmır? Axı heç mən özüm də bilmirəm ki, günah səndədir, yoxsa ondadır? (gülür) Belə-belə şeylər insanı yorur. Ən böyük təhlükə də odur ki, insan ruhən yorula. Məndə son vaxtlar hərdən belə şeylər olur.

- Bu gün də yorğun görünürsünüz. Bəlkə bir lətifə danışasınız, yorğunluğunuz da bir az çıxa?

- Sözün açığı, həftənin sonudur. Ancaq belə şeylər hərdən bir olur… Mən elə bilirəm ki, 50 illik həyatımda xeyli böyük işlər görmüşəm. Çoxlu kitablar yazmışam, elmi işlə ciddi məşğul olumşam. Əsas da odur ki, özümü hər halda etiraf olunan elm adamı kimi hazırlamışam. Bu gün yaranan ədəbiyyatı oxumaq və fikir söyləmək, ədəbiyyatda gedən ümumi prosesləri dərk etmək, bilmək də mənim işimin tərkib hissəsidir. Hər halda Milli Məclisdə mədəniyyət komitəsinin sədriyəm, bu da istər-istəməz ölkədə gedən mədəni prosesləri detallarına qədər bilməyimi vacib edir. Müəyyən kitablar var ki, onlara ön söz yazıram. Kitab çıxırsa, çap olunursa, onun haqqında yazı yazacaqsansa, buna təbii baxılır. Çünki burada bir neytrallıq var. Ədəbiyyat çıxıbsa, səni də peşəkar tənqidçi kimi qəbul edirlərsə, fikir söyləyə bilərsən. Həmişə kitablara öz söz yazılanda təhlükəli hesab olunur. Çünki müəllif mütləq əsərini sənə verməli, xahiş etməlidir ki, ön söz yaz. Mənim də elə kitablarım var ki, xahiş etmişəm və onlara ön söz yaxılıb. Amma deyək ki, Aqil Abbas, Yunus Oğuz, Hüseynbala Mirələmov bir-birindən fərqli yazıçılardır, birinci növbədə dostlarım, mənə yaxın olan insanlar kimi çox məmnuniyyətlə onların kitablarına ön söz yazmışam. İkincisi, onların yaradıcılığında mübahisəli cəhətlər kifayət qədər çoxdur. Mən daha çox mübahisəli kitablara ön söz yazmaq istəyirəm. Böyük yazıçılarımızın, alimlərimizin kitablarına ön söz yazmağın mənim üçün elə əhəmiyyəti yoxdur. Onsuz da onlar tanınmış insanlardır, cəmiyyət onları qəbul edir, çoxunun heç mübahisəliliyi də yoxdur. Gənclikdə ilk yaradıcılıq əsərlərini ortaya qoyanlar ön söz üçün mənə müraciət edəndə çox xoşlanıram və məmnunluqla ön söz yazıram. Bəlkə də onların içərisində 10 nəfərdən biri gələcəkdə normal bir yazıçı, şair olacaq. Amma hər halda bir xoş söz demək lazımdır. Pis, ağır, təhqiramiz söz deməklə insanı yüksəltmək olmaz. Mən elə insanları başa düşə bilmirəm. Elə mənim haqqımda da, başqaları haqqında da, nəinki bu gün mövcüd olan, yaşayan, hətta Azərbayacan mədəniyyətinin, ədəbiyyatının tarixində, hətta dünya mədəniyyətinin tarixində böyük iz qoyan insanlar haqqında bir də görürsən ki, ya Rafiq Tağı, ya Elnur Astanbəyli, ya Zamin Hacı acı və ağır bir söz deyirlər. Elə aqressiv, daxildən gələn zəhər axır… Qəribədir, daxillərində bu qədər aqressiya olan bu insanlar özləri necə dözürlər, bu zülümlə necə yaşayırlar? Məsələn, Rafiq Tağı, sən necə Məhəmməd Füzulini təhqir edə bilərsən? Necə Məhəmməd Füzuliyə deyə bilərsən ki, şair deyil! Sonra da özün yazı yazasan, sənin də yazılarını oxuyanda görürsən ki, yazıdan insana, cəmiyyətə qarşı bir nifrət yağır. Bu zülümlə insan yaşaya bilər? Bir də görürsən ki, həyatda elə şeylər olur ki, insan ruhən yorulur, pessimizmə qapılır. Amma bunlar görürsən ki, hərdən bir yox, ardıcıl olaraq elə aqressivdirlər. Doğrudan da o cür insanların enerjisinə mən hərdən qibtə edirəm. Bu cür daxilində aqressiya enerjisi daşıyasan, özün də yaşamağı bacarasan, təəccüblənməyə bilmirəm. Ən böyük lətifə də elə budur.

Doğrudan da kitabdırsa, ehtiyac duyurlar ki, ön sözü məny yazım, həmişə yazıram. Mən yalnız ədəbiyyatçı, tənqidçi olsaydım, bəlkə məndə də o aqressiyanın elementi olardı. Amma mən təbiət etibariylə müəlliməm. Müəllimlik elə bir şeydir ki, həmişə bir-iki söz deyib, gözləyirsən ki, bəlkə kiminsə ağlı başına gəldi. Mən də hərdənbir aqressivləşirəm, ağır sözlər söyləyirəm. Amma yenə də deyirəm, uşaq vaxtından qalan xarakterdir, etməsələr, deməsələr, mən heç vaxt etmərəm. Mən birinci yaxşı işi başlayaram, pis işi başlaya bilmərəm. Bu, sonra da müəllimliklə möhkəmlənən məsələdir. Elə bilirəm ki, 50 il ərzində xeyli təcrübə qazanmışıq. Bundan sonra da daha artıq təcrübə qazanmağa ehtiyac yoxdur. Əlimizdən nə gəlsə, edəcəyik.

Ramiz Mikayıloğlu
# 2356

Oxşar yazılar