Keyrəki vulkanının ətəyindəki evlər sökülür
07 avqust 2009 20:15 (UTC +04:00)

Keyrəki vulkanının ətəyindəki evlər sökülür

Məqsəd Keyrəki Palçıq Vulkanlarının dağıdılmasının qarşısının alınmasıdır


Bakının Binəqədi rayonu ərazisində Keyrəki palçıq vulkanının ətəyində qanunsuz tikilən evlər sökülür.


Lent.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadən məlumatına görə, həmin tikililərin söküntüsünə iyulun 31-də başlanılıb. Məlumatda qeyd olunub ki, prezident İlham Əliyevin 15 avqust 2007-ci il “Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Sərəncamının icrası istiqamətində bəzi tədbirlər həyata keçirilib.


Belə ki, ETSN-in “Bakı və Abşeron Yarımadasının Palçıq Vulkanları Qrupu” Dövlət Təbiət Qoruğu tərəfindən Fövqəladə Hallar Nazirliyinə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə və Polis Şöbəsinə ünvanlanmış müraciətləri əsasında 31 iyul 2009-cu il tarixindən etibarən Binəqədi rayonu ərazisində yerləşən Keyrəki Palçıq Vulkanının ətəyində salınmış qanunsuz tikililərin sökülməsinə başlanılıb. Adıçəkilən qurumların dəstəyi ilə həyata keçirilən tədbirlərin məqsədi, Keyrəki Palçıq Vulkanlarının dağıdılmasının qarşısının alınması, bu unikal təbiət abidəsinin mühafizəsinin təmin edilməsi ilə yanaşı, burada qeyri-qanuni məskunlaşmış əhalini hər an baş verə biləcək vulkan püskürməsi kimi təhlükədən qorumaqdan ibarətdir.

Nazirlik bir daha əhalini palçıq vulkanlarına yaxın ərazilərdə fərdi yaşayış evləri inşa etməkdən çəkinməyə, bununla da özləri və ailələrinin həyatlarına təhlükə törədə biləcək fövqəladə təbiət hadisələrindən qorumağa çağırır.
# 710

Oxşar yazılar