“Ayağa dura bilsəydim, bütün Azərbaycanı velosipedlə gəzərdim”
02 mart 2009 14:00 (UTC +04:00)

“Ayağa dura bilsəydim, bütün Azərbaycanı velosipedlə gəzərdim”

Müharibənin əlil qoyduğu uşaqların rəngli dünyası Lent.az-da

Müharibənin Azərbaycana vurduğu zərər təkcə işğal olunmuş ərazilərlə, dağıdılmış, talan olunmuş maddi-mənəvi sərvətlərlə məhdudlaşmır. Bu zərərin sırasına elə amillər daxildir ki, bunlar yalnız zaman-zaman özünü büruzə verməyə başlayır. Təkcə müharibə zamanı hamilə olan qadınların dünyaya gətirdiyi uşaqların əksəriyyəti anadangəlmə və ya sonradan yaranan qüsurların əsirinə çevrilib. Həkim və psixoloqların hesablamalarına görə, azyaşlı uşaqların yaşayış üçün münasib olmayan şəraitlərdə məskunlaşması onların gələcəyində çox ciddi şəkildə rol oynayır - mənfi mənada. İndi haqqında söhbət açacağımız hər biri 14 yaşında olan bir oğlan və bir qız fiziki qüsurlarına görə cəmiyyətdən təcriddirlər. Ancaq onlar öz təfəkkür və baxışları ilə talenin acı qisməti ilə mübarizə aparırlar.

Rəhimli Kamran. 1994-cü ildə Sumqayıt şəhərində məcburi köçkün ailəsində anadan olub. İkinci sinfin yay tətilinə qədər məktəbə özü gedib. Tətili onun xoşbəxtliyi ilə birgə başa çatıb. Sağlamlığında qüsur meydana gəldiyinə görə, 8 yaşından etibarən bir daha məktəbə gedə bilməyib. O vaxtdan müəllimləri ona evdə dərs keçirlər. Ailəsi doğma ev-eşiklərinə, Füzuli rayonunun Babı kəndinə qayıtdıqdan sonra da müəllimlər onun bilik almaq, savadlı böyümək istəyinə təkan veriblər.

Biz Kamrangilin evlərinin qapısından içəri girəndə də bir nəfər müəllimə öz şagirdinə kimyadan dərs keçirdi. Adını bilmədiyimiz həmin pedaqoq, Lent.az-ın suallarına Kamranın müalicə üçün İrana aparılmasından ötrü Bakıya viza dalınca getmiş anasının əvəzindən də cavab verirdi.

Yaranmış qısa fasilədən istifadə edib, çöhrəsində güclü bir nisgilin “at oynatdığı” bu oğlanla həmsöhbət olduq. Arzusundan başladıq. Ali məktəbdə, daha dəqiq desək, iqtisadiyyat institutunda oxumaq istəyir. Gələcəkdə idarəetmə orqanlarında çalışmaq niyyətini gizlətmədi. “Əsgər olmaq istəyirsənmi?” - sualına dərhal cavab verdi: “Döyüşməyə də hazıram!”

Sinif yoldaşlarından, məktəbli dostlarından ağızdolusu danışdı Kamran. Dedi ki, tez-tez gəlib ona baş çəkirlər, dərslər haqda diskussiyalar aparırlar: “Hərdən gəzməyə də getmək istəyirəm. Ən birinci məktəbə gedərdim. Ayağa dura bilsəydim, bütün Azərbaycanı velosipedlə gəzərdim…”

Məşhur sovet təyyarəçisi Aleksey Maresyev haqqında soruşduq. Tanımadı. Qısa arayışımıza çox diqqətlə qulaq asdı. Sonra söz verdi ki, yaxınları vasitəsi ilə onun haqqındakı kitabı tapıb oxuyacaq və məhz onun kimi özünü yeriməyə hazırlaycaq - axı o da bir azdan sonra Vətənə xidmət etməlidir.

İkinci həmsöhbətimiz - Aytən Zülfüqarzadə də Kamran Rəhimli kimi 14 yaşındadır. Talelərindəki oxşarlıq təkcə fiziki baxımdan qüsurlu olmaqdan ibarət deyil. O da valideynlərinin köçkünlük dövründə Bakıda dünyaya göz açıb. Məlum olanda ki, uyğunsuz şərait Aytənin şikəst böyüməsindən başqa onlara heç nə vəd eləmir, onu Bakıdan tutmuş Rusiyanın bir çox yerlərinə müalicəyə aparıblar. Övladlarının aqibətindən narahat olan ata-ananın balaca Aytənə qəmgin-qəmgin baxmaqdan özgə çıxış yolu qalmır… Onlar bir neçə il əvvəl ailəliklə Füzuli rayonunun Horadiz qəsəbəsinə, doğma yurda dönürlər. Fiziki durumu ilə deyil, ağıllı baxışlarıyla, təfəkkürüylə hər gün böyüyən Aytən bilərəkdən ya bilməyərəkdən valideynlərinə ünvanlandığı suallarla onların qayğılarını artırır, dərdlərini hər gün təzələyir…

Görüşümüz planlaşdırılmadığından qonaq gözləməyən Aytənlə görüşümüz oturduğu dərs masasının dövrəsində alındı. Dərslərini hazırlayırdı. Bizdən təqribən 2-3 dəqiqə sonra müəlliməsi gəldi. Həmsöhbətimizə də ənənəvi olaraq “Gələcəkdə kim olmaq istəyirsən?” sualını tuşladıq. Çöhrəsində çox qəribə təbəssüm yarandı: “Əvvəlcə ali məktəbə qəbul, sonra isə rəssam olmaq istəyirəm” dedi – “Elə bir rəssam ki, həyatın, yaşamın özünün portretini yaradım və orada bütün rəng çalarları nikbinliyə köklənsin”.

Asudə vaxtlarında parça üzərində tikmə naxışlarla rəsm çəkir Aytən. Uşaqlığından ta indiyədək sağlamlığı onlarla oynamağa imkan vermədiyi kuklaların, oyuncaqların, nağıl qəhrəmanlarının obrazını yaradır balaca əsərlərində.

“Rəssamlar adədən qeyri-adi rənglərə üstünlük verir, sən necə, hansı rəngi xoşlayırsan?” - bu suala cavab vermək üçün xeyli düşündü. Bir az əvvəl üzünə nur ələyən təbəssümü yenidən canlandı:”Mavi və qırmızı rəngləri xoşlayıram, biri açıqlığın, xoşbəxtliyin, biri isə səadətin rəmzidir”, - dedi.

Onu da dedi ki, müəllimləri yaxın vaxtlarda onun əl işlərindən ibarət sərgi keçirmək istəyirlər. Ona görə də, çalışır ki, tikmələrinin, rəsmlərinin sayını çoxaltsın. Qarabağ müharibəsinə dair çoxlu rəsmləri var, amma nədənsə bizdən gizlətdi… Bəhanəsi də “1-ci sinifdə oxuyanda çəkmişəm” oldu.

Hamıdan çox atasını sevir bu balaca qızcığaz, sonrakı sırada bacısı gəlir, o bacısı ki, onu heç vaxt tək buraxmır, dərslərinin hazırlanmasına köməkçi olur, onunla dama oynayır. Bir sözlə, bacısının bütün qayğılarını çəkir.

Ayrılmalı olduq. Özü ayağa qalxıb bizi yola sala bilmədi. Bu vəzifəni baxışları ilə icra eləməli oldu Aytən-Çox mehriban, ağıllı, sevgi dolu baxışlarla.

Füzulidə rayonunun işğal olunmamış kəndlərində və məcburi köçkünlər üçün salınmış qəsəbələrdə 100 nəfərədək Kamran və Aytən kimi sağlamlığında qüsur olan məktəbli uşaq var. Onların hamısına dərs keçirilir, müəllimlər bacarıqlı uşaqlara fərdi qaydada dərnəklər təşkil edirlər. Səsli-küylü məktəbə, dərs otaqlarına tamarzı qalan bu balacalar öz həyat eşqlərinin gücü ilə, onları sabaha hazırlayan və müəllim peşəsinin müqəddəsliyini qoruyub saxlayan pedaqoqların köməkliyi ilə insanlığın tükənmədiyini, yaşamağın məna kəsb etdiyini sübutlamağa çalışırlar. Onlar bu yolu parlaq düşüncələriylə, təfəkkürləri ilə gedib mənzil başına çatacaqlar. Mütləq, çatacaqlar...

Teymur Zahidoğlu
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1490

Oxşar yazılar