Hindistanda hörmətli övliya – azərbaycanlı Zemfira xanım
Onu orada Pada Sevana adıyla tanıyırlar
74 yaşlı azərbaycanlı xanımın Hindistana getməyində, təbii ki, qəribə heç nə yoxdur. İnsan hər yaşda hər yerə gedə bilər. Amma əslən Şəkidən olan Sumqayıt sakini Zemfira Mustafayevanın oraya yuxularını rəhbər tutaraq getməsi və yuxuda gördükləriylə oradakıların inanılmaz oxşarlığı, həmçinin Andra Pradeşdə bir övliya kimi qarşılanması, zənnimizcə, sıradan bir hadisə deyil.
Zemfira Mustafayevanın dediyinə görə, o, Hindistana getməzdən əvvəl yuxuda bir məbədi tez-tez görürmüş: “Məbəd kimsəsiz idi. Əziz Tanrım bu məbədi mənə göstərir və deyirdi: “Buranı yalnız sən canlandıra bilərsən. Mənim sevimli məbədimin boş qalmasına necə razı olursan? Get və o məbəddə yaşa”. Bu yuxunu bir neçə dəfə təkrar görəndən sonra özümə yer tapa bilmirdim. Nəhayət, tərəddüdlərə son verib, getməyi qərara aldım. Mən yuxunun qeyri-adiliyinə, orada gördüklərimin reallığına şübhə etməsəm də, yaxınlarım mənə inanmır, ağlımı itirdiyimi zənn edirdilər. Odur ki, min bir üsulla məni fikrimdən döndərməyə cəhd edirdilər. Mən isə səfər hazırlığı görürdüm. Nəhayət, bir çox əzizlərimin, yaxınlarımın gözünü yaşlı qoyub, onlardan üzr istəyə-istəyə yola çıxdım”.
Zemfira xanım yuxuda gördüyü yeri tapmaqda çətinlik çəkməyib. O, hətta məbədin adını da yuxuda aldığı informasiyalardan dəqiq bilirmiş. Həmin yer Hindistanın cənub ştatlarından olan Andra-Pradeşdə, ucqar Vedadri kəndi yaxınlığında yerləşir. Məbədin adı Qadadridi. O, kənddən 2-2,5 km aralıda, eyniadlı dağın zirvəsində yerləşir. Böyük lütfkarlıqla bizə bu məlumatları təqdim edən, Hindistanda yaşayıb-işləyən azərbaycanlı iş adamı Həbib Bağırovun dediyinə görə, məbəd çox mənzərəli bir yerdə qərar tutub: “Məbədin yerləşdiyi dağ həmişə yamyaşıldır. Oradan baxanda hər tərəf görünür. Məbədin 3-4 kilometrliyindən axan Krişna adlı çay bu yerlərə xüsusi yaraşıq verir”.
Amma bütün bu gözəllikləriylə bərabər Qadadri məbədi elə Zemfira xanımın (onu indi Hindistanda Pada Sevana kimi tanıyırlar) yuxuda gördüyü kimi, kimsəsiz imiş. Oraya yalnız həftədə bir dəfə bir pucar (kahin) gəlib Tanrıya ehtiram ifadə edən puca mərasimi keçirib gedirmiş. Ətraf isə meymunlar, ilanlar və müxtəlif yırtıcılarla dolu imiş. Odur ki, məbədə nəzarət edən kahinlərin rəhbəri və yerli rəsmilər ona məbəddə məskunlaşmağa icazə vermək istəməyiblər. Onu oraya ilk aparan Həbib müəllim özü də yaşlı qadını dilə tutmağa cəhd edib: “Mən ona az qala yalvarırdım ki, burada heç yerli sakinlər yaşamağa cürət etmir, gəl geri qayıdaq. O, üzünü nə mənə, nə də yerli hakimiyyət nümayəndələrinə yox, baş pucara tutub dedi: “Tanrının öldürmək istədiyini kim xilas edə bilər? Tanrının qoruduğunu kim öldürə bilər? Tanrım mənə bu kənddə yox, məhz məbəddə yaşamağı tövsiyə edib”. Bu sözlərdən sonra baş pucar gözlərinin yaşını saxlaya bilmədi və hamının qarşısında onun bütün təhlükəsizliyini öz boynuna götürdüyünü elan etdi. Və ən əsası ona məbəddə yaşamağa rəsmi icazə verdilər”.
Zemfira xanım öncə Bakıdan götürdüyü turist çadırını məbəd yaxınlığında quraraq orada yaşamağa başlayıb və məbəddə səliqə-sahman yaratmaqla məşğul olub. Bu barədə eşidən Vedadri və yaxınlı-uzaqlı digər yaşayış məntəqələrinin sakinləri dəstə-dəstə onun görüşünə gəliblər. Hamısı da əlidolu. Onlar Pada Sevana mataci üçün bir otaqlı ev də tikiblər. Tezliklə məbəd bütün ştatda məşhurlaşıb. İndi ora ştatın ən gur məbədi sayılır. Pada Sevana mataci isə əsl övliya statusu ilə hörmət-izzət sahibinə çevrilib və məbədə rəhbərlik edir. Hətta ştatın qubernatoru da onun yanına bir neçə dəfə gəlib və bu məbədin daha da abadlaşdırılması, Pada Sevana matacinin mənzilinin yenidən tikilməsi üçün vəsait ayırıb. İndiyədək yolu, elektrik xətti, suyu olmayan məbəd indi hər cəhətdən abadlaşmaqdadır.
Qadadri məbədinin tarixi barədə yerli kahinlər çoxlu hadisələr danışırlar. Deyilənə görə, burada qədim zamanlarda yaşayan bir dinsiz, amma qüdrətli şah Həzrət Brahmaya (mələk Mikailə - C.B.) dualar edərək, ondan Vedaları öyrənməyə cəhd edib. Həzrət Brahma çox mərhəmətli, həm də sözünə bütöv olduğuna görə ona Vedaları öyrətməyə razılıq verib. Amma dinsiz şahın Vedik biliklərdən pis məqsədlə istifadə edəcəyini bilən Uca Tanrı yarışir-yarıadam görkəmdə - Nrisimha formasında peyda olaraq dinsiz şahı öldürüb və onun Vedaları öyrənməsinə mane olub. Qeyd edək ki, Vedik istiqamətli dini cərəyanların ən qədimi olan Vaişnavizmdə hələ də Nrisimha obrazına sitayiş edirlər. “Srimad-Bhaqavatam” adlı 32 cildlik qədim dini-fəlsəfi traktatda Nrisimha obrazının kainatı hərbi güclə zəbt etmiş Hiranyakaşipu adlı ateisti öldürmək, onun övliya oğlu Prahladı xilas etmək üçün təzahür etdiyi deyilir. Zemfira Mustafayevanın indi yaşadığı məbəddə də Nrisimhanın rəsmləri və heykəli var.
Zemfira xanımın inancına gəlincə, Həbib müəllim onun 19-20 il öncə Vaişnavizmlə tanış olduğunu, indi həmin cərəyana qoşulduğunu deyir. Məlumat üçün qeyd edək ki, bizim “krişnaidlər” kimi tanıdığımız Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin üzvləri də vaişnavdırlar.
Cəmşid Bəxtiyar

1917