İran Azərbaycanı beynəlxalq quruma şikayət edib
18 fevral 2009 15:00 (UTC +04:00)

İran Azərbaycanı beynəlxalq quruma şikayət edib

“İranda olan ötürücülər həmin ölkənin ərazisinin ən yüksək nöqtələrində qurulub.

Ona görə də İran kanalları hələ sovet dövründə Azərbaycan efirinə müdaxilə edirdi. Bu səbəbdən həmin problemə yeni problem kimi baxmaq lazım deyil. Bu problem ən azı, 50 ildir, mövcuddur”.

Bu sözləri APA-ya Azərbaycan Rabitə və İnformasiya Texnologiya Nazirliyinin (RİTN) “Teleradio” İstehsalat Birliyinin direktoru Əflatun Şərifov son vaxtlar İranın “Səhər” telekanalının Azərbaycanda yayım məsafəsinin genişlənməsi barədə məlumatlara münasibət bildirirkən deyib. Onun sözlərinə görə, hazırda İran-Azərbaycan hökumətlərarası komissiyasının iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran nümayəndə heyəti ilə bu ölkənin kanallarının Azərbaycan ərazisində qanunsuz yayımının qarşısının alınması ilə bağlı müzakirələr aparılır.

Son vaxtlar “Səhər” kanalının qanunsuz yayım dairəsinin Bakıya yaxınlaşmasına, Şirvan şəhərinə qədər genişlənməsinə münasibət bildirən Ə. Şərifov qeyd edib ki, adıçəkilən şəhər açıq ərazidə yerləşdiyi və dağlarla əhatə olunmadığı üçün İran kanallarının həmin bölgədə nümayişi mümkündür. O, İran kanallarının Azərbaycan ərazisində yayımlanmasının həmin ölkənin vericilərinin güclü olması ilə əlaqələndirilməsinin əleyhinə çıxıb: “Azərbaycanın vericiləri də ən yeni texnologiya əsasında hazırlanıb və bütün parametrlərinə görə İrandan geri qalmır. Eyni problem İran, Türkmənistan və s. ölkələrdə də var. Azərbaycanın kanalları da Xəzər dənizinin üzərindən ötürülən siqnallar vasitəsilə Türkmənistanda yayımlana bilir. İran isə Azərbaycan kanalları bu ölkənin efir məkanına müdaxilə etdiyi üçün hətta Beynəlxalq Kommunikasiya İttifaqına şikayət edib”.

RİTN-in Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi İlham Əfəndiyev də APA-ya bildirib ki, İran kanallarının Şirvan ərazisinə qədər yayımlanması yeni hal deyil, qonşu ölkənin kanallarının Azərbaycanda qanunsuz yayım dairəsi genişlənməyib. Baş mühəndisin sözlərinə görə, İranın “Səhər” televiziya proqramının Azərbaycan ərazisində qanunsuz yayımlanması ilə bağlı konkret məsələ gündəliyə salınmasa da, hazırda İran-Azərbaycan hökumətlərarası komissiyasının iclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan İran nümayəndə heyəti ilə bununla bağlı müzakirələr aparılır. Ümumilikdə isə müzakirələr iki ölkə arasında rabitə sahəsində əməkdaşlığın inkişafına yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1615

Oxşar yazılar