Tanrının ziyarətçisiz dərgahı
18 fevral 2009 14:30 (UTC +04:00)

Tanrının ziyarətçisiz dərgahı

Günel Mövludun boş “erməni kilsəsi”ndən reportajı

Bakının ən mərkəzində, gurhaguru yay-qış səngimək bilməyən Fəvvarələr Meydanından bir azca aralı, bir tərəfdən ac mədələrin və ac gözlərin doyurulduğu Mak-Donalds restoranı, “Nərgiz” ticarət mərkəzi, bir tərəfdən üzü göyə qol-qanad gərən göydələnlər, bir tərəfdən əhli-kef cavanların yığışıb, elə bir ciddi səbəb-filan olmadan şadyanalıq elədiyi açıq yay kafesi ilə gözdən gizlədilmiş bir kilsə var. Bakının təkcə postsovet vaxtlarını görən qaçqın, gəlmə, müvəqqəti sakinlərinin bu tikilinin mahiyyətindən xəbərləri yoxdur. Amma paytaxtın yerlilərim demiş, “babat vaxtlarını” görən dədə-baba, “korennoy”, yekəxana sakinləri – əsl şəhərlilər indi həm yerli-yersiz tikililər, həm də dörd tərəfdən adamboyu çəkilmiş məhəccərlərlə sipərlənmiş bu tarixi binanın “keçmiş adı”nı bir az ehtiyat, bir az nifrət, bir az nostalji ilə pıçıldayar: “Erməni kilsəsi”.

İmansız ziyarətim bu dəfə el arasında “Erməni kilsəsi” kimi tanınan, sənədlərdə isə adı “Maarifçi Müqəddəs Qriqoriy kilsəsi” kimi yazılan Tanrı dərgahınadır. Təbii ki, ermənilərlə məlum düşmənçiliyi yaşadığımız bu vaxtlarda, nəinki bütün günü ziyarətçilərlə dolub-boşalan, hətta aradabir kədərli qapılarından təkəm-seyrək iman sahiblərinin girib-çıxdığı kilsədən belə söhbət gedə bilməz. “Erməni kilsəsi” hazırda ölü, qapalı və sözün hansısa mənasında (vallah, dəqiq hansı mənasında olduğunu müəyyən etməkdə çətinlik çəkirəm) yiyəsiz qalan bir tikilidir.

Və yəqin, siz də mənimlə razılaşarsınız ki, ziyarətçisiz, istifadəsiz, qapalı bir iman qapısından reportaj hazırlamağa qalxmaq, jurnalistdən bir az cəsarətlə yanaşı, bir az da “mən hər şeyi bacararam” janrında yekəxanalıq tələb eləyir. Üstəlik, darqursaq vətəndaşlarımızın “erməni” kəlməsini eşidən kimi, sözün ardını dinləməyib, üstümə əliyabalı gələcəklərindən ehtiyatlanmaq məsələsi də bir yandan...

İman və söyüş qapısı

Bu da “Erməni kilsəsi”… Bir azdan hava qaralacaq deyə, hələ heç nəyə zəndlə baxmadan, tələm-tələsik şəkil çəkməyin hayındayam. Eyni zamanda kilsənin giriş qapısını axtara-axtara o tərəf, bu tərəfə keçib, şəkil çəkirəm. Əlində köhnə əsa (nədənsə, mən heç vaxt qocaların, qarıların əlində təzə əsa görməmişəm), əyni-başı qalın, arxayın-arxayın yeriyən sarışın bir qoca dayanıb, mənə baxır, sonra yenə arxayın yolçuluğunu davam eləyir. Şəkil planını doldurduğumu yəqin edəndən sonra, kilsənin divarlarına tərəf yaxınlaşıram. Əvvəllər qapı olmuş yerlər sonradan ağ kərpiclə, ehtiyatla hörülüb. Kilsənin ətrafında qırmızı kərpic, göy ot və sarı xəzəllə döşənmiş balaca həyət qara, ucları iti məhəccərlə hasarlanıb. Kilsənin məhəccər olmayan yeganə divarı isə anarxistlərin işarələri, rok qruplarının adları, ürək sözləri və nəhayət, ingilis dilində məşhur söyüşlərlə “bəzədilib”. Amma bu söyüşləri oxuyanda hiss olunur ki, bunlar ermənilərə və onların şəhərin mərkəzində qoyub getdikləri xatirəyə nifrətdən-filan yaranmayıb. Yelbeyin paytaxt cavanlarının əlinə boş divar düşüb, vəssalam. Dostum Aqşin belə yerdə fəlsəfəyə baş vurmamış keçinməzdi: bütün divarlar söyüş yazmaq üçündür!

Kilsənin həyətinə keçə bilmək üçün yer axtarıram. Amma axtarışlarım bir fayda vermir. Əksinə, yaxınlıqdakı balaca dükanların satıcıları, kilsəyə az qala bitişik bankomatın qarşısında dayanıb, pul çəkmək üçün növbə gözləyənlər inadla kilsə həyətinə keçmək istəyən qıza tərəf acıqlı-acıqlı baxırlar. Yaxınlıqdan keçən, başı çəpəki beretli rus qarısı isə bir xeyli axtarışlarımı müşahidə eləyəndən sonra nəsə demək istəyir… Amma mövzu təhlükəlidir, odur ki, onun üzünə gülümsəməyim belə qarının dilini açmır. O da yoluna düzəlir və yavaş-yavaş çökən qaranlıqda uzaqlaşır…

Qaranlıqda gözdən itən rus qarısı, qapıları hörülü Tanrı dərgahı, kilsənin üzüsöyüşlü divarlarına çökmüş qış soyuğu və kimsəsizliyin gətirdiyi sıxıntı bir-birinə qarışıb, şair ruhunu sakit, faciəsiz bir kədərə bürüyür. Beynimdə isə bu kilsəyə, bu reportaja, bu qaranlığa dəxli olmayan bir sətir fırlanır: Məni dar canlarda deyil, bir buludun seyrində düşün!

Qəfildən dörd xırda göz parıldayır kədərli alaqaranlıqan. İki qotur pişikdi. Pişiklərin qoturluğu və sısqalığına təəccüblənirəm. Çünki son beş ildə mən şəhərdəki bütün pişiklərin kök və gümrah olduğuna sevinməklə məşğulam. Bunlarsa, şəhər pişklərinin istisna halıdı. Biri məhəccərin o tayında, kilsə həyətində dayanıb ac və çirkin gözlərini parıldadaraq miyoldayır, biri də bəri taydakı alçaq sürahının üstündə oturub, əllərini gəlib-gedənlərə tərəf açmış, sarı paltolu dilənçi qarının ayaqları altında uzanıb, öz pişik xoşbəxtliyini yaşayır. Qarının artıq ilkin rəngini itirmiş, bir vaxtlar isə yəqin ki ala və ya mavi olan gözlərindən, itin yiyəsini tanımadığı içki məclislərinin üzündə xatirə buraxdığı sallaq qırışlardan, başındakı çalma ləçəkdən rus olduğunu anlamaq çətin deyil. Ona 20 qəpik verirəm. Amma əsl azərbaycanlı sayaq: pulu ianə kimi deyil, almaq istədiyim məlumat qarşılığı “rüşvət” kimi uzadıram qarıya. O isə yanındakı cırıq, əzik, çirkli sellofan torbadan çörək qırıntıları çıxarıb, aradabir öz qotur pişiklərinə ata-ata suallarıma ürəklə, yarınıb-eləmədən, rahat-rahat cavab verir. Ona müraciət eləyəndə “babuşka” deməyim isə qarının lap ürəyini açdığından, danışmağa həvəsli görünür. Üstəlik, əlimdə fotoaparat, aradabir şəkil-filan çəkdiyimi görən qarı məni yerli adam yox, Bakıdakı turistlərdən biri zənn eləyir.

- Bilmirsiniz, bu nə binadır belə?

- “Erməni kilsəsi”dir. Amma keçmişdə olub. İndi işləmir. Bağlayıblar. Bilirsiniz də, ermənilərlə azərbaycanlıların arasında dava düşdü. Ona görə də buranı bağladılar. Ermənilərin də hamısı buradan çıxıb, getdi.

- Bura təkcə ermənilər gəlirdi?

- Yooox. Ermənilər də gəlirdi, ruslar da…hamımız.

- Siz özünüz də gəlirdiniz?

- (Gözlərini uzaqlara zilləyir) Gəlirdim, gəlirdim. Burada, yaxınlıqda yaşayıram axı, elə dua eləməyə də həmişə bura gəlirdim.

- Kilsəni nə vaxt bağladılar?

- On il olar.

- Bağlanmağı yadınızdadı?

- Yadımdadı, yadımdan niyə çıxsın ki? (Səsini lap yavaşıdır və ora-bura baxa-baxa ehtiyatla danışmağa başlayır). Oy, doçenka! (bu ifadənin enerjisini dilimizə tərcümə etməyə istedadım çatmadığı üçün, elə rus dilində yazıram), bağlamaq nədi, o qarışıqlıq vaxtı buralarda bir hadisələr oldu ki... Bilirsiniz, burada necə gözəl altarlar, ikonalar, şəkillər var idi!? Elə qiymətli şeylər vardı ki! Necə oldu, heç bilmədik. O vaxt çox qorxurduq. Sonra, ara bir az sakitləşəndən sonra biz ruslar dedik ki, buranı bizə versinlər. Görürsünüz də, necə gözəl binadı, necə yaxşı, rahat yerdədi. Dedik, bizə versinlər, dua üçün bura gələk. Amma razı olmadılar. Sonra bu dəmir hasarı da çəkdilər. Heç həyətinə də keçmək olmur.

- Siz həmişə elə burada oturursunuz?

- (çörək qırığını pişiyə atmaq üçün əlini məhəccərin arasından o tərəfə soxur) Demək olar ki, həmişə. Bəlkə yay olanda, aradabir durub, gəzişəm. Amma çox vaxt elə burada otururam.

- Bəs, niyə həmişə burada oturursunuz?

- (çiyninin çəkir) Bilmirəm.

- İcazə verirsiniz, xatirə üçün bir şəklinizi çəkim?

- (əlini təəssüflə yelləyir) Oy, doçenka, ne nado…

- Bəs, indi dua eləməyə hara gedirsiniz?

- Mən daha dua eləmirəm...(sonra da gülümsəyir, amma mən bu gülümsəmənin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm)

Biz erməni deyilik ki, kilsəni yandıraq!

Bu darıxdırıcı və bir az hüznlü reportajdan sonra, “erməni kilsəsi”nin gələcək perspektivini öyrənmək istəyən olar deyə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də bir balaca əlaqə yaratdım. Komitənin mətbuat xidmətindən dedilər ki, biz bu kilsəni qədim və gözəl bir memarlıq əsəri kimi qoruyub, saxlayırıq. Oranın keçmişdə Ermənilərin iman qapısı olduğuna baxmayaraq, bizim kilsə ilə bağlı heç bir radikal məramımız yoxdur. Biz erməni deyilik ki, onlar bizim tarixi abidələrimizi yandırdığı sayaq, biz də onların kilsələrini yandıraq. Bu bina, şəhərin mərkəzində dayanıb, göz oxşayan, gözəl bir sənət nümunəsidir.

O ki qaldı bu binadan gələcəkdə necə istifadə olunacağına, DQİDK-in mətbuat xidmətindən bildirdilər ki, bu binanın istifadəsi ilə bağlı hələ heç bir konkret məqsəd yoxdur. Ola bilər ki, binanı gələcəkdə hansısa bir mədəniyyət ocağı kimi istifadəyə versinlər. Amma hələ ki, heç bir teatr, kitabxana və ya bu kimi mədəni-maarif ocaqları bunun üçün Komitəyə müraciət etməyib. (Məncə, bu yazı və DQİDK-in mətbuat xidmətinin bu eyhamı hazırda binasız qalan bir neçə teatrın rəhbərliyi, aktyorları, işçiləri üçün göydəndüşmə olacaq).

Elə Hacı İlqar İbrahimoğlu da bunu deyir...

İlahiyyatçı alim, Cümə məscidinin imam-camaatı, “Yeni Müsavat” qəzetinin yazarı və nəhayət, Lent.az-ın daimi oxucusu Hacı İlqar İbrahimoğlu da hazırda qarabağlılar demişkən, ağzıgöyə qalmış bina ilə bağlı fikirlərini qısa və konkret şəkildə bildirdi: “Məncə, o binanı elə istifadə etmək lazımdır ki, qıcıqlandırıcı olmasın. İstifadəni binanın təyinatı ilə bir qədər uyğunlaşdırmaq lazımdır. Məsələn, kitabxana və ya tolerantlıq mərkəzi kimi istifadə etmək olar. Çünki binanın boş qalmağı bəzi qurumlara bu məsələ ilə bağlı spekulyasiya etmək üçün daha çox əsas verir. Amma oranı mən deyən kimi, kitabxanaya və yaxud buna uyğun hansısa bir müəssisəyə çevirsələr, bu qıcıqlandırıcı məsələ daha rahat həll olunmuş olar”.

***

Bu da növbəti imansız ziyarət. Məncə, boş kilsədən, daha doğrusu, boş kilsənin həndəvərindən hazırlanan reportajı daha rəngarəng eləməyə heç ehtiyac da yoxdur. Nə var – var. Olan budur.

O ki qaldı reportaj zamanı bir vaxtlar iman gətirən ermənilərin ziyarət elədiyi bu kilsəyə, onun keçmiş ziyarətçilərinə qarşı keçirdiyim hisslərə, bircə bunu deyə bilərəm: mən bir ateistəm. Amma içimdə sadəlövh bir inam var - dünyanın hər yerində, Tanrının, Tanrıların, Allahın hər hansı qapısına – o məbəd olsun, məscid və ya kilsə, fərqi yoxdur – pənah gətirən ziyarətçilər lap dünyanın ən murdar adamları olsalar belə, həmişəkindən bir azca təmiz olurlar.

Ruhunuzun, vicdanınızın, imanınızın təmiz olmağı arzusuyla...

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782

Oxşar yazılar