Aysel Əlizadə yazır: “Dağılırmı dünya?” - ON YEDDİNCİ MƏKTUB
04 dekabr 2012 20:30 (UTC +04:00)

Aysel Əlizadə yazır: “Dağılırmı dünya?” - ON YEDDİNCİ MƏKTUB

Öncə bir arayış vermək istəyirəm.

Oxuduğum kitabda yazıçının özünü axtarıram, yazıçı kimi yox, bir insan, bir ağrı kimi.

Sətirlərin hansının arxasında O var, hansı qəhrəmanın maskası altından danışır indi, özünü, gözlərini, ürəyini hal-hazırda kimə verib, kimdən özünü düzəldib, ya əksinə… kimdə gizlənib, bəlkə heç gizlənməyib, etiraflardadı. Yazı adlı müqəddəs məbədin açıq pəncərəsinə qısılıb etiraflar edir. Pəncərənin o üzündədi. Bu üzdə isə…oxucu var. Oxucuyla Tanrı qədər səmimi olmaq mümkünmü? Deyil ki, özünü ruh kimi başqa bədənə dürtüb.

Yazıçı Qrimyordu. Özünü bəzəməyə məcburdu. Uğur ancaq yaxşı qrimçinin əlindən çıxır. Üzünün yağ-yaxmasını silib yazıçını taparsan əsərin hansısa qəhrəmanında, ya elə əsərin özündə taparsan, havasında. Əsər yazıçının özüdü. Və əslində və bəlkə də və deyəsən və sadəcə və kim bilir …və və və…Və! Yəni ki, bitmir.

Bəs həyat? Bitirmi?

Yer öz orbitindən çıxırmı? Dağılırmı dünya?

Hərə bir versiya irəli sürür. NASA deyir, mümkünsüzdü, hələ bu günə kimi yer kürəsinin öz oxundan kənara çıxdığını görən, duyan, eşidən olmayıb.

Biz nədən narahatıq , bax bu maraqlandırır məni.

Həyata olduğundan qat-qat artıq və lazımsız dərəcədə ciddi yanaşırıq onsuz da. Hər anı ölüm hökmünə məhkum bir sürəc üçün nə hoqqalardan çıxmırıq. Çox yəqin ki, biz buna görə bu sürəcdən bərk-bərk yapışmışıq. Hər an itirmək qorxusuyla davam edir və (yenə və) buna görə qiymətlidi. Gör ha “bitəcək” damğası olmasaydı həyat da bu qədər qiymətli sayılmazdı. Həmişə bizim olan nəsnələrin qiyməti necə olsun bəs? Haqsızlıq deyilmi bu? Dostum deyir ki, mənim olan nə varsa həmişə dəyərlidi, sevimlidi. Deyirəm, bizimdi deyə dəyərlidi, hamıda belədi. Deyir, yox, adam var, həyatı belə onun üçün qiymətli deyil. Adam var, sevdiyini dəyərləndirmir. Adam var, geyiminə sayğısız yanaşır. Adam var, bədəninə. Mən bədənimə hörmət edirəm. Onu əzizləyirəm, qoruyuram, artıq kilolardan, zərərli şeylərdən. Yaxşı deyir, xoşuma gəlir. Gözəl dostdu, sosial şəbəkə dostu deyil həm də. Həyatımın dostudu. Yanımdadı, harda olsa yanımdadı. Hər mesajı, hər zəngi, hətta bir ahlıq nəfəsi də doğmadı, dostdu. Utanmadan, qısılmadan, şübhəsiz danışmaq olur onunla. Arxa fikirsiz, açıq, qəlbi və düşüncəsi ilə ortada.

Bilirsən, oxucum, məni həzm etmək, sevmək asan deyil. Yanımda, həyatımda olub mənə dözmək, şəxsimi, xarakterimi, imicimi qurub yaradan xüsusiyyətlərə hər adamın diapazonu çatmır. Çatmır da, nə yalandan deyim ki, hamıyla yola gedirəm, əladı hər şey. Deyil. Çınqıl içindən maqqaşla çəltik seçməkdir mənimki. Bitdə-bitdə seçirəm həyatın içindən dostlarımı. Yarıda dözməyib gedənlər də olur. Olur, bu da onların seçimidi deyək.

Gör necə bir dost düşdü ki yadıma yaza-yaza mövzudan çıxdım. Nə deyirdim, nə yazırdım hətta 3 dəqiqə əvvəl nə düşünürdüm onu unutdum.

Şəxsən mənim həyatım beynimdə baş verir. Həyat baş vermir, yaşanır deyərsən. Haqsız da sayılmazsan. Ancaq həyatın özündə hər şey baş verir deyə, bunu həyat baş verir kimi ifadə etmək can qurtaran şeydi.

İkincisi də elə həyat baş verir doğrudan-doğruya. Hər dəqiqə, hər an, dayanmadan baş verir.

Svetayevanın bütün şeirləri beynində baş verən həyatın ifadəsi olduğu üçün seçdim onu. Svetayeva deyiləm, ancaq onun davamı olmaq istəyirəm, çox istəyirəm. Baş vermək istəyirəm. Sevgiləri, məşuqları, harayı, səssizliyi ilə yalnız beynində yaşayan o qadın, ah o qadın…

“Xoşum gəlir ki, siz mənə yoluxmadız, xoşum gəlir ki, mən sizə yoluxmadım. Xoşum gəlir ki, bu Yer kürəsi, heç vaxt çəkilmir ayaq altından...” Nə yazmaq nə yazmamaq mümkünsə hamısını yazıb.

Tanrıdan gizli deyil, səndən nə gizli… Daha möhtəşəm bir cümlə tapa bilmirəm insanı aça biləcək.

Həm inanırıq Tanrıya, inanırıq ki, o hər şeyi görür, həm də dəvəquşu başını kola soxub gizləndiyini düşündüyü tək, başımızı yalanların, saxtalığın içinə soxub gizləndiyimizi düşünürük. Biz Tanrı üçün hamımız dəvəquşuyuq. Bunu hər addımda unuduruq.

Biz həm də çox balacayıq, xırdayıq. Bizim uçaqların, avtomobillərin, mobitellərin heç biri kainatın vecinə deyil.

Bəlkə heç kainat üçün o ağırlıq qüvvəsi yox, nəsə başqa bir şeydi.

Və bəlkə bizim fizika dediyimiz elmin adı heç fizika deyil.

Bəlkə heç bütün bunlar gərəksiz idi. Yeri yüklədik sadəcə zir-zibillə. Orbitindən çıxa da bilər tab gətirməyib. Bu qədər tikinti, texnika, bu qədər uçaq, tank, adam yox idi Yerin keçmişində.

Bəlkə kənardan bir nəhəngin gözü zillənib üstümüzə. Biz onun üçün “qarışqalar diyarıyıq”...

Bəlkə o bir ayağı ilə bizim ucsuz bucaqsız saydığımız yer kürəsini top kimi əzib xəşil edə bilər.

Bunu da içək bütün dəvəquşularının sağlığına. Düşünək ki, dünya dağılır və son günlərimizi yaşayırıq. Heç olmasa, bu günlərini səmimi yaşasın insanlıq. Bəlkə bu, rahat olmaq üçün bizim son şansımızdı.

Bu yerdə məktubumu saxlayıram. Adına nə deyirsən de. Get, gecən sükuta…Və (yenə və) gözlərini qoru, mənim oxucum…
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1732

Oxşar yazılar