Kim 100 il yaşamasa... – ARAŞDIRMA
26 oktyabr 2012 10:57 (UTC +04:00)

Kim 100 il yaşamasa... – ARAŞDIRMA

İlləri yola salmışam,
Mahnı qoşub, saz çalmışam.
Ömür deyir, qocalmışam,
Ürək deyir, yaşa hələ...

Kim istəməz 100 yaşasın?! Yəqin ki, bu suala “yox” cavabı verəcək insanı tapmaq müşkül olar. Bəs uzun ömür yaşamağın sirri nədədir? Yoxsa, kim 100 yaş yaşamasa, günah onun özündədir?!

Lent.az Azərbaycanda uzunömürlülük məsələsini araşdıraraq, bu suallara cavab tapmağa çalışıb.


“Saxta yaş” məsələsi


Öncə Dövlət Statistika Komitəsinin rəsmi məlumatına nəzər salaq. Lent.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycanda 13 aprel 2009-cu ildə aparılmış əhali siyahıyaalınmasının yekunlarına əsasən, ölkədə 100 və yuxarı yaşda insanların sayı 1143 nəfər olub. Dövlət Statistika Komitəsində uzunömürlülərlə bağlı 2012-ci il üçün rəsmi məlumat yoxdur. Həmçinin Azərbaycanda yaşayan ən yaşlı insan barədə də bu dövlət qurumunda məlumat yoxdur.

Ancaq Dövlət Statistika Komitəsinin 2009-cu il üçün təqdim etdiyi statistika belə etibarlı sayılmır. Lent.az-ın suallarını cavablandıran Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fiziologiya İnstitutunun elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Zemfira Qədimova deyir ki, Azərbaycanda uzunömürlülüyün tədqiqi ilə məşğul olan yeganə tədqiqat qurumu AMEA-nın Fiziologiya İnstitutunda Uzunömürlülüyün Fizioloji Laboratoriyasıdır. Uzunömürlülərlə bağlı Azərbaycanın Şimal-Qərb regionunda tədqiqat apardığını və bununla bağlı artıq müdafiə də etdiyini söyləyən Zemfira Qədimova hazırda Bakı və Sumqayıt şəhərlərində tədqiqatını davam etdirir.


Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin uzunömürlülərlə bağlı təqdim etdiyi məlumatlar tamamilə səhv məlumatlardır. Bu da ondan qaynaqlanır ki, 1930-cu ilə qədər anadan olan insanlarla bağlı sənədləşmə işləri aparılmayıb, pasportlaşdırma, sənədləşdirmə işləri 1930-cu illərdə başlanıb, ona qədər sənədləşdirmə işləri aparılmayıb. O dövrə qədər olan insanların təvəllüdləri də təxmini yazılıb. Yerlərdəki statistika idarələri sənəd yaşını əsas götürür, hesablamalar aparır, yəni dəqiq məlumat əldə edə bilmirlər. Məsələn, insan var ki, sənəddə 100 yaşı keçmiş göstərilir, əslində yaşı 90-ı ötməyib.

Hazırda yaşı 90-ı keçənlərin uzunömürlü sayıldığını nəzərə çatdıran Zemfira Qədimova bildirir ki, Uzunömürlülüyün Fizioloji Laboratoriyası insanların yaşının müəyyənləşdirilməsi üçün infikasiya metodundan istifadə edir. Bu metoda əsasən, dəqiqləşmə aparılır, sonra o insanlar qeydiyyata alınır.


“Daha uzunömürlü deyilik”

Fiziologiya İnstitutunun elmi işçisi Azərbaycanın sovet dövründə uzunömürlülər ölkəsi olduğunu, ancaq indi bu barədə danışmağın çox çətin olduğunu söyləyir. Hazırda Azərbaycanda uzunömürlülük məsələsi çox zəifləyib. Bunun səbəbləri sırasında isə ekoloji, sosial-iqtisadi və digər amillər var. İndiyə qədər belə güman olunub ki, Azərbaycanda uzunömürlülük səviyyəsinə görə, Cənub bölgəsi birinci yeri tutur. Amma son 3 ildə Uzunömürlülüyün Fizioloji Laboratoriyasının ora ezam olunmuş əməkdaşlarının apardığı tədqiqatlara və onların qənaətlərinə əsaslansaq, artıq Cənub bölgəsində də uzunömürlülük aşağı səviyyədədir. Laboratoriyanın nümayəndələri Astara, Lənkəran və Masallı rayonlarında olublar. Apardıqları tədqiqatlar göstərir ki, artıq həmin regionda yaşı 90-ı ötmüş insanlara rast gəlinib, amma 100-ü ötmüş insanlara rast gəlinməyib. Uzunömürlülüyün Fizioloji Laboratoriyasının nümayəndələri gələn ilin yayında Lerik və Yardımlı rayonlarına ezam olunacaq, bu rayonlarda da araşdırma aparacaqlar: “Amma hələ ki, Laboratoriya tərəfindən bütün bölgələrimiz tədqiq olunmayıb. Ona görə də yekun bir fikir deyə bilmərəm. Lakin Şimal-Qərb regionunda apardığım tədqiqat zamanı yaşı 100-ü ötmüş insanlara rast gəlmişdim. İki rayonda, Zaqatala və Qaxda 8 nəfər yaşı 100-ü ötmüş insanlar var idi”.


Bir məqam da diqqət çəkir. Zemfira Qədimovanın Qax və Zaqatalada apardığı araşdırmalar zamanı yaşı 90-ı keçən, yəni uzunömürlü sayılan insanların sayı 80 nəfər olub. Həm də bunların çoxu qadın olub. Məsələn, Zaqatalada 49 uzunömürlüdən 45-i qadın, 4-ü kişi, Qaxda 31 uzunömürlüdən 28-i qadın, 3-ü kişidir.


Zemfira Qədimova onu da qeyd edir ki, uzunömürlülük ilk növbədə genetik proqramlaşdırılmış bir ön göstəricidir. Lakin son ekoloji amillər, elektromaqnit çirklənmə, elmi-texniki inkişaf orqanizmə mənfi təsir göstərir: “Bu amillər insanın genetik fonuna da mənfi təsir göstərir. Bu təsir uzunömürlülük göstəricisini də dəyişdirməyə qadirdir. Baxmayaraq ki, uzunömürlülük genlə gələn göstəricidir, bu cür fonda, iqlim şəraitində yaşayan insan əlbəttə ki, uzunömürlü olmaya bilər. Ümumiyyətlə, bu məsələ kompleks tədqiq olmalıdır”.


“Bizə hərəkətsizliklə mübarizə qalır”

Professor Adil Qeybulla da deyir ki, uzun ömür yaşamaq ilk növbədə genetik amillə bağlıdır. Tutaq ki, şəkərli diabet, xərçəng xəstəliyi kimi genetik amillər yoxdursa, sağlam insan 100 yaş yaşaya bilər. Lakin insan bioloji fərd kimi, həm də ətraf mühitin təsiri ilə formalaşır. Sosial amillərin də insan ömrünə təsiri unudulmamalıdır. Bu təsirlər barədə geniş danışmazdan öncə Adil Qeybulla bir məqama da diqqət yetirməyi zəruri sayır. Söhbət ondan gedir ki, son zamanlar ürək-damar xəstəliklərindən ölənlərin sayı çoxalıb, ürək-damar xəstəlikləri cavanlaşıb. Bu da orta ömrü azaldır. İnsan ömrünün qənimi kimi ikinci yerdə xərçəng xəstəliyi gəlir. Kişilər arasında ağciyər xərçəngi, qadınlar arasında süd vəzi xərçəngi, ginekoloji xəstəliklər əsas yeri tutur. Kişilər arasında ağciyər xəstəliklərinin artması siqaret kimi zərərli vərdişlərlə bağlıdır. Ümumiyyətlə, siqaret, alkoqol kimi zərərli vərdişlər insan ömrünü qısaldır. Qadınlar arasında xərçəng xəstəliyinin geniş yayılması isə qadınların az hamiləlik keçirməsi, abort hallarının çox olması ilə bağlıdır.


Professor vurğulayır ki, uşaq oyuncaqlarının, paltarların konserogen təsiri də ciddi məsələdir. Xüsusən Çindən gətirilən uşaq oyuncaqları, paltarlar konserogen xarakterlidir və insanların da bunlarla təmas imkanları çoxdur. Ən mühüm məsələlərdən biri də qidalanma ilə bağlıdır: “Bu gün Azərbaycana daxil olan ərzaqların böyük əksəriyyəti genetik modifikasiyaya məruz qalmış məhsullardır. Ölkəmizə ixrac olunan meyvələr, o cümlədən ət, toyuq məhsulları genetik dəyişikliyə məruz qalıb. Bu məhsullar hansı fəsadları törədəcək? Bu məsələ dünyada araşdırılır və artıq həyəcan siqnalı var. “Fast food”-larda da zərərli yağlar, müxtəlif maddələr var və uşaqlar xüsusən belə yeməklərdən uzaq saxlanılmalıdır. Qida əlavələri də insan ömrünü azaldır”.


İnsanların istifadə etdikləri dərman vasitələrinin keyfiyyətsizliyinin də sağlamlıq üçün ciddi problemlərə yol açdığını bildirən Adil Qeybulla qadınların istifadə etdiyi saç boyalarının əksəriyyətinin konserogen xarakterli olduğuna diqqət çəkir: “Bir məqamı da xüsusi qeyd etmək istəyirəm. İnsanların az hərəkət etməsi bədəndə maddələr mübadiləsini pozur, qan damarlarının tez tutulmasına və orqanizmin qocalmasına yol açır. Bəli, bu faktdır ki, orta ömür qısalıb. Bu məsələ üzərində ciddi düşünməli və işləməliyik. Ekoloji təmiz məhsullarının istehsalı, xaricdən daxil olan məhsullara ciddi nəzarətin həyata keçirilməsi lazımdır. Hərəkətsizlik, oturaq həyat tərzini dəyişməyimiz, kütləvi idman gərəkdir. Həyat tərzinin dəyişməsi insanın həyatında sağlamlaşma istiqamətində mühüm addımdır”.

Adil Qeybulla qadınların genetik baxımdan kişilərdən daha uzunömürlü olması, qadınlar arasında uzunömürlülərə daha çox rast gəlinməsinin də bunu sübut etdiyi yönündə fikirlərlə isə razılaşmır: “Bu, genetik məsələ deyil, həyat tərzi ilə bağlıdır. Qadınlar arasında uzunömürlülərə kişilərdən ona görə çox rast gəlinir ki, kişilər arasında pis vərdişlər, siqaret və alkoqoldan istifadə daha geniş yayılıb, kişilər arasında infarkta, onkoloji xəstəliklərə daha çox rast gəlinir”.


Dünya ilə müqayisədə...

Uzunömürlülərdən yazarkən orta ömür məsələsinə toxunmamağımız düzgün olmazdı. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının 2011-2012-ci il hesabatında qeyd olunur ki, 1960-cı ildə insanların orta ömrü 68,9 yaş olubsa, bu rəqəm hazırda 79.5 ilə qədər yüksəlib. Hesabata görə, ən uzun ömürlülər yaponlardır. Bu ölkədə bir insanın ortalama ömrü 83 ildir. Yaponları 81.4 il ilə İsveçrə, 81.8 rəqəmi ilə İspaniya təqib edir. Ortalama ömrü 80 yaşın üzərində olan digər ölkələrin siyahısına əsasən Avropa ölkələri daxil edilib. Orta yaş həddinə görə dünyada ən qısa ömürlülər isə Afrika ərazisində yaşayanlardır.


Azərbaycanın adı İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının siyahısına daxil edilməyib.
Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, 2012-ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil edir. Bu, bir az nikbinlik yaradır. Çünki 1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azalmışdı. Proqnoz göstəricilərə əsasən, 2050-ci il üçün Azərbaycanda orta ömür uzunluğunun 77,3 yaş olacağı gözlənilir.

İnsanların daha uzun ömür yaşadığı Yaponiya həm də yaşı 100-ü keçənlərin sayına görə diqqət çəkir. Yaponiyanın Səhiyyə Nazirliyi hazırda ölkədə hər 100 min nəfər arasında 37 vətəndaşın 100 yaşı adladığını açıqlayıb. Ümumilikdə, ölkədə yaşı 100-dən artıq olan insanların sayı 47 min 700 nəfəri ötüb. Onların 87%-i qadındır...


Ramiz MİKAYILOĞLU
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2478

Oxşar yazılar