Fransa yəhudiləri Quba kütləvi məzarlığını Holokost muzeylərinə bənzədib
26 oktyabr 2012 01:27 (UTC +04:00)

Fransa yəhudiləri Quba kütləvi məzarlığını Holokost muzeylərinə bənzədib

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 25-də Qubadakı kütləvi məzarlığı ziyarət edib.

Bu barədə APA Diasporla iş üzrə Dövlət Komitəsinə istinadən məlumat verir. Ziyarət zamanı nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, 1918-ci ildə ermənilərin Qubada yerli əhaliyə qarşı törətdiyi soyqırımı zamanı minlərlə günahsız insan qətlə yetirilib. Qeyd olunub ki, ərazidə aparılan qazıntı işləri nəticəsində 514 kvadratmetr sahədə Qubada kütləvi qətlləri təsdiq edən 600-ə yaxın insanın sümükləri tapılmışdır. Bildirilib ki, məzarlıqda 20 kvadratmetr ərazi beynəlxalq arxeoloqların tədqiqatları üçün nəzərdə tutulub.

Qonaqların diqqətinə çatdırılıb ki, kəllə sümüklərində aşkar olunmuş küt alət izləri insanların zorakılıqla qətlə yetirildiyini təsdiq edir. Tədqiqatlar zamanı bu sümüklərin 1918-ci ildə ermənilərin Qubaya basqını zamanı öldürülmüş yerli sakinlərə məxsus olduğu aşkarlanıb. Məlumat verilib ki, məzarlıqda tapılan insan sümüklərinin 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə yaşlı kişilərə aiddir. Bildirilib ki məzarlıqda aparılan tədqiqatlar, azərbaycanlılarla bərabər, Qubada sıx yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələrinin də amansızcasına qətlə yetirildiyini təsdiqləyir.

Qonaqlara məlumat verilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə kütləvi soyqırımı məzarlığında abidə kompleksi inşa olunur. Azərbaycan Prezidentinin “Soyqırımı memorial kompleksi”nin yaradılması barədə Sərəncamına uyğun olaraq 2010-cu ildə kompleksin inşasına başlanıb.

Fransa nümayəndə heyətinin üzvləri, məzarlığı ziyarət edərkən bu mənzərədən təsirləndiklərini vurğulayıblar. Qeyd edilib ki, kütləvi məzarlıqda gördükləri onlarda Holokost muzeylərini xatırladır. Qonaqlar, gördüklərindən çox sarsıldıqlarını və dəhşətə gəldiklərini bildiriblər.

Xatırladaq ki, Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurasının nümayəndə heyəti oktyabrın 23-dən Bakıda səfərdədir. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin təşəbbüsü ilə təşkil olunan səfər oktyabrın 26-da yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar