Son vaxtlar narkotik vasitələrlə bağlı xeyli adam həbs edilir, cinayət hadisələrinin üstü açılır. Ölkənin gündəlik xəbər məkanında hər gün 10-a yaxın belə məlumatla rastlaşmaq mümkündür. Təkcə Lent.az-ın son günlərdə hələ rəsmi mənbələrə istinadən yaydığı məlumatları izləmək kifayətdir. Bu cür hadisələrdə son vaxtlar vəzifəli şəxslərin qohumlarının, polislərin də adları hallanır.
Narkotik vasitələrlə bağlı cinayətlərin açılmasının, həbslərin əsas qismi polisin payına düşür. Daxili İşlər Nazirliyini Mətbuat Xidmətindən Ehsan Zahidov deyir ki, polis narkocinayətlərə qarşı sistemli mübarizə aparır, cinayətlərin açılması barədə xəbərlərin bu qədər çox olması da onunla bağlıdır. Amma “Yeni Müsavat” qəzeti iki gün əvvəlki manşet xəbərində yazmışdı ki, Milli Təhlükəsizlik Nazirliyi Dövlət Yol Polisinin əməkdaşı Vüqar Əliyevi narkotika cinayətilə əlaqəli həbs edib. MTN-in ölkədə fəaliyyət göstərən bir neçə narkobandanı ifşa etməsi barədə məlumatlar da tez-tez eşidilir. Bu işdə bir sıra nüfuzlu şəxslərin, o cümlədən sabiq Bakı Şəhər Prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı, Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları həbs ediliblər.
Hüquq-mühafizə orqanları əməkdaşlarının bu cinayətlərdə adının hallanması isə mənzərəni daha da mürəkkəbləşdirir. Məsələnin maraqlı tərəflərindən biri də odur ki, polisdəki şübhəli şəxsləri polisin özü yox, MTN yaxalayır. Onu da qeyd edək ki, Vüqar Əliyevin həbs edilməsi ilə bağlı DİN Mətbuat Xidmətində məlumat olmadığını dedilər. Amma bu, vəziyyəti dəyişmir.
Nə qədər ki, narkoticarətdə hüquq-mühafizə orqanları əməkdaşlarının adı hallanır, demək, ölkədə bu qlobal bəla ilə mübarizə aparmaq elə də asan olmayacaq. Sabiq polis rəisi, polis polkovnik-leytenantı Əlövsət Əliyev də bu fikirdədir. O deyir ki, polisin narkotika cinayəti ilə bağlı yaxalanması, istər-istəməz, bütün sistemin üzərinə kölgə salır. Buna görə də polis rəhbərləri özü adının qorunmasında daha maraqlı olmalıdır. Amma ekspert təəssüflə qeyd edir ki, son vaxtlar polisin adının bu kimi işlərdə hallanması xeyli artıb və əsasən də onları MTN ifşa edir. Son vaxtlar hüquq-mühafizə orqanlarının keçmiş və ya hazırkı nümayəndələrinin ifşa edilməsi hadisəsi məni sevindirir. Çünki bunlar yeni yox, uzun müddətdən bəri davam edən proseslərdir. Amma bu cinayətləri kökləri daha yüksək yerlərdədir. Sona qədər mübarizə aparılmalıdır”.
Azərbaycana narkotik vasitələrin əsas hissəsinin İran İslam Respublikası istiqamətindən gətirilməsi sirr deyil. Təcrübəsinə əsaslanan həmsöhbətim deyir ki, əslində Azərbaycana narkotik vasitələrin gətirilməsi məqsədli şəkildə İran tərəfindən idarə olunur: “İran küllü miqdarda narkotikanın Azərbaycana gətirilməsinin və məhz Azərbaycan vasitəsilə Avropaya çıxarılmasının, dünyaya daşınmasının marağındadır. Özü də bu, təkcə biznes məqsədi ilə edilmir. Əsasən Azərbaycanın imicinə kölgə salmaq istəyirlər. Öz təcrübəmdən deyə bilərəm ki, İrandan Azərbaycana narkotik vasitələrin gətirilməsini əsasən İranda hakimiyyətdə təmsil olunanlar təşkil edirlər. Elə adamlar ki, onların nəqliyyat vasitələri İranda yoxlanılmır. Bununla bağlı kifayət qədər məlumatlar var. Bizim rəsmilər də bilməlidir ki, İrandan narkotika qəsdən, planlı şəkildə göndərilir”.
Həmsöhbətim hesab edir ki, narkotik vasitələrin həm ölkəmizdə biznesinə, həm də ölkəmizdən tranzit kimi istifadə edilməsinə qarşı mübarizə hələ də qənaətbəxş deyil. Onun məlumatına görə, ölkədə İrandakı cinayətkar şəbəkə ilə sıx əməkdaşlıq edən xeyli aşkarlanmamış qruplar mövcuddur: “Hüquq-mühafizə orqanları tərəfindən kimlərdənsə 0,5 qram narkotik vasitə götürülməsi barədə məlumatlar yayılır. Bu cür xəbərlərlə rastlaşanda utanıram. Bu, sadəcə statistikanı artıra bilər. Mübarizə transmilli formada olmalıdır. Mən Astarada işləyən zaman 200 kiloqram narkotik maddə aşkarlayıb, cinayət işi başladıq və sərhəddə işləyən bir çox vəzifəli şəxsləri məsuliyyətə cəlb etdik. 17 nəfər mühakimə edildi. Tədbirlər bu formada olmalı, heç bir vəzifəli şəxsə güzəştə gedilməməlidir. Yalnız bu halda mübarizənin effektindən söhbət gedə bilər. Bunun həm də xəbərdaredici əhəmiyyəti var”.
Həmsöhbətim deyir ki, narkomafiyaya qarşı mübarizə üçün hüquq-mühafizə orqanlarına son model texniki avadanlıqlar da vacibdir. Onun sözlərinə görə, MTN-in bu sahədəki uğurları da elə bu texniki avadanlıqlarla bağlıdır. Ə.Əliyevin sözlərinə görə, hüquq-mühafizə orqanları ildə bir neçə dəfə bir araya gəlib mübarizə üsullarını müzakirə edirlərsə, narkobaronlar demək olar ki, hər gün axtarışdadırlar və öz cinayətkar niyyətlərini həyata keçirmək üçün yeni üsullar tapırlar. Buna görə də polisə mübarizə üçün ən son texniki avadanlıqlar alınmalıdır: “İndiki şəraitdə isə bizim polislər canı-dildən istəsələr belə, əsas cinayətkar şəbəkəni aşkarlayıb, bu cinayətin kökünü birdəfəlik ölkədən silə bilməzlər”.
Səbinə Əvəzqızı
Narkocinayətlər niyə artıb?
1667