Lent.az-ın və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə layihəsi olan “Şəhid əmanəti” layihəsi çərçivəsində Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olmuş həmvətənlərimizin vərəsələri - ailə üzvləri, övladları və doğmaları ilə söhbət edirik. Layihəmizin növbəti yazısı Allahverdiyev Vüsal Tahir oğlu haqqındadır.
Vüsal Tahir oğlu Allahverdiyev 16 avqust 1988-ci ildə Qubadlı rayonunda anadan olub. Qubadlı rayonunun işğalından sonra Vüsal ailəsi ilə birgə Sumqayıt şəhərinə məcburi köçkün olaraq köçür. 1995-ci ildə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur. 2004-cü ildə həmin məktəbin 9-cu sinfini bitirən Vüsal Allahverdiyev Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilinə davam edir. 2006-cı ildə məktəbdən məzun olmuş və 2006–2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil alıb.
Vüsal Allahverdiyev 2010–2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.
Vüsal Allahverdiyev 12 iyul 2020-ci il tarixində başlayan Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edərək könüllü olaraq yenidən hərbi xidmətə yazılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Tarix
44 günlük Vətən müharibəsi zamanı onun görüntülərini çox izləmişdik. Hərbi xidmətə yola düşdüyü avtobusun pəncərəsindən baxır, kiməsə yarı zarafat, yarı ciddi deyir, ağlayıb eləmə ha. Bax, ağlasan, məndən incimə. Bu video uzun müddət sosial şəbəkələrdə paylaşılır. Hər kəs şəhid Vüsal Allahverdiyevin bu videosunun altından xoş sözlər yazır, onun qorxmazlığını ifadə edir. Ailəni tapmaq, Vüsalın anası, əmisi ilə söhbətləşmək o qədər də çətin olmadı. Vüsalın adına yaradılan İnstaqram profili vasitəsi ilə onun əmisi Mahir bəylə əlaqə saxlayıb vədələşdiyimiz vaxtda görüşürük. Vüsalın atası az danışan insan olduğundan, həm də oğlu haqqında danışmağa çətinlik çəkdiyindən reportaj əsnasında Vüsalın anası Hicran xanımla və əmisi Mahir bəylə söhbətləşirik.
Hicran xanım oğlu ilə bağlı yadına düşənləri asta, həzin şəkildə xatırlamağa, yada salmağa başlayır:
- Vüsal evimizin ilk övladı idi. O, Qubadlıda anadan olub. Biz Qubadlıdan qaçqın gələndə, Vüsalın beş yaşı vardı. Sumqayıtda məskunlaşdıq, vüsal da 23 saylı məktəbə getdi. İddialı, əlaçı uşaq idi. Tarix fakültəsinə, tarixi şəxsiyyətlərə marağı çox idi. Hüseyn Nihal Adsızın bütün kitablarını Türkiyədən sifariş edib oxuyardı. Mən onun iqtisadçı olmasını istəyirdim, ona görə də o sahəyə getdi. Amma həmişə deyirdi ki, mənim marağım tarixə idi, siz qoymadınız.
- Tarixi şəxsiyyətlərdən kimlərlə maraqlanırdı?
Atatürklə maraqlanırdı, Heydər Əliyevi, Elçibəyi, Məmmədəmin Rəsulzadəni bəyənirdi. Üzdə olan adamlarla, türklərin tarixi şəxsiyyətləri ilə çox maraqlanırdı. Bir az da Vüsal qapalı uşaq idi. Hər sözü danışsın, desin, belə şeyləri sevmirdi. Vüsal bir çox tanınmış banklarda maliyə mütəxəssisi kimi işləyib. Sonuncu dəfə aparıcı bankların birinə imtahan verdi, gözləmədiyi halda onu filial müdiri kimi işə dəvət etdilər.
Əmi, dost...
Söhbətimizə qoşulan Vüsalın əmisi Mahir bəy də qardaşı oğlunu yada salır. Onun xoş xüsusiyyətlərini sadalamağa başlayır. Vüsalın timsalında həm qardaşı oğlunu, həm də ən yaxın dostunu itirdiyini deyir:
- Vüsal uşaqlığından həmişə çox mehriban, səmimi, özünü çox istədən olub. Onun uşaqlığı demək olar ki, elə mənim yanımda keçib. Çox sirr saxlayan, özünə qapanan idi. Heç vaxt istəməzdi ki, onun yaxınları ona görə həyəcan keçirtsin. Hətta bir dəfə o, yıxılıb qolunu yaralamışdı, onu xeyli vaxt anasından gizlətdi ki, görməsinlər. O, məndən on üç yaş balaca olub. Onunla əmi bala yox, həm də dost olmuşuq. Həmişə mənə deyirdi ki, sən mənim böyük qardaşımsan. Vüsalın atası ilə mən iki qardaş olmuşuq. Bizim başqa bacımız, qardaşımız olmayıb. Mənim də üç qızım var. Yəni Vüsal bizim nəslin davamçısı idi. Amma qismət olmadı. Əvəzində bizim soyadımızı tarixə yazıb getdi. O, həmişə zəiflərin yanında olardı, güclülərin yanında olmağı sevməzdi. Anası haqlıdır. Vüsalın ən türk tarixinə böyük marağı vardı. Azərinin “Çırpınırdı qara dəniz” mahnısını çox sevir, ana laylası kimi hər gün dinləyirdi. Onun ən böyük arzusu böyük türk dünyasının yaranması və Qarabağın işğaldan azad olunması idi. Ona görə də müharibə başlanan kimi o hərbi komissarlığın qarşısından çəkilmədi. Məcburi olaraq adını yazdırıb getdi. Onun vətənə sevgisi uşaqlıqdan vardı, çünki müharibənin içində doğulmuşdu.
Hicran xanımdan oğlunun evdə ən çox kiminlə dərdləşməsini, kimə ürək qızdırmasını xəbər alıram. Deyir Vüqar bir az qapalı uşaq idi. İnsanları öz problemləri ilə yükləməyi sevmirdi:
- Atası ilə o qədər də dərdləşməzdi. Bayaq dediyim kimi qapalı uşaq idi. Nə isə sözü olardısa da mənə deyərdi. O da həmişə olmazdı. Çox “kaprizni” uşaq idi. Nə isə onu qane etmirdisə, onu heç vaxt etməzdi. Bəlkə də elə ona görə də 31 yaşı olsa da, ailə qurmurdu. Doğrusu əvvəllər, Vüsalın 25, 26 yaşı olanda, deyirdim hələ tezdir, uşaqdır. İstəyirdim özünün evi olsun ki, gələcəkdə ailəsi ilə sərbəst yaşaya bilsin. Həm də mən sanki özümə sığışdırmırdım, xəyalıma da gətirə bilmirdim ki, ona deyim, filankəslə evlən. Arada bu haqda evdə söz düşəndə, Vüsal əsəbiləşirdi, deyirdi, sizin başqa sözünüz yoxdur? Amma bir dəfə yadıma gəlir, əlini kişiyana çiynimə vurub zarafatla dedi, ana, narahat olma, sənin oğlunun dərdindən ölən qızlar çoxdur. Narahat olma, hər şey yaxşı olacaq.
Boş ev...
Ona öz yaşadığımız binadan ev də aldıq. Biz dördüncü mərtəbədə, onun evi isə ikinci mərtəbədə idi. Evini təmir etdirdik. O evi alanda, Vüsal gülümsündü, dedi ki, hə, elə mən də sizdən uzaqlaşmaq istəmirdim. Vüsal şəhid olandan sonra onun evinin qapısı bağlı qaldı, maşını da həyətdə qaldı. Bir il birtəhər dözdüm. Sonra onun maşınını da satdıq, evini də. Dedim, Vüsal o evdə yaşaya bilmədisə, o ev mənə lazım deyil. Vüsal beş yaşından indi biz yaşadığımız evdə yaşayıb. Ona aldığımız evi təmir edəndə, zarafatla deyirdim ki, Vüsal sənin otağını uşaqlarına kirayə verəcəm.
Vüsal beş yaşına qədər yaşadığı Qubadlının xiffətini çox çəkir. Yaxınları, dostları hansısa bölgələrə, rayonlara səfər edəndə, o, için-için kədərlənir, gedə bilmədiyi Qubadlını görəcəyi günlərin arzu ilə yaşayır. General Polad Həşimov şəhid olanda, könüllü olaraq cəbhəyə yazılır. Vətən müharibəsi başlananda isə Vüsalın atası Hicran xanıma deyir ki, mən Vüsaldan çox narahatam:
- Yoldaşım mənə elə deyəndə, mən inanmadım, ağlıma da gəlməzdi ki, o, cəbhəyə gedər. Ancaq o, hər gün hərbi komissarlığa gedib, cəbhəyə aparılmasını tələb edibmiş. Gedəndə də evə gəldi, mənim çiyinlərimdən tutdu, alnımdan öpdü. Dedi, qürurlu ol, ağlama. Mən onda ona dedim ki, Vüsal, bu yol sənin öz seçimindir, özünü qoru. Onu yol salmaq üçün eyvana çıxdım. Eyvanımızdan Vüsal bayraq asmışdı. O, həyətdən mənə baxıb dedi, bax, başının üstündə bayraq var, qürurlu ol. Bayraq qürur deməkdir. Hansı ana istəyər ki, balası müharibəyə getsin, şəhid olsun. Yəni nə mən, nə atası biz ona mane olmadıq. Yalan nə deyim. O gedəndən sonra bacısı zəng vurdu, dedi, gedək, onu hərbi komissarlıqdan yola salaq. Biz ora çatanda o, kənardan bizi gördü. Dostlarından aralanıb bizim yanımıza gəldi, dedi, bura nəyə gəlmisiniz? Nə işiniz var burda? Orda xəbər çıxdı ki, könüllülərin gedişini dayandıracaqlar. Onda vüsal çox əsəbiləşdi, dedi, nə olur, olsun biz gedəcəyik. Sonra onları avtobuslara mindirdilər. Mən onda maskadaydım, özümü nə qədər sıxdım ki, ağlamayım, amma bacarmadım. Gördüm ki, Vüsalın gözü elə məni axtarır. Sonra məni görüb dedi, ağlama, ağlasan, məndən incimə!
Mahir Allahverdiyev deyir ki, Vüsalla hər dəfə danışan zaman ona “bəlkə geri qayıdasan, mən döyüşürəm, təcrübəm var, sən axı müharibə görməmisən” deyəndə Vüsalın əmisinə etirazı daha kəskin olur. “Sən döyüşüb Vətən qarşısında borcunu yerinə yetirmisən, əmi, sənin uşaqların var, sən qayıt ailənin yanına. Mən şəhid olsam, anamdan, atamdan muğayat ol”:
- Həmişə mən ondan narahat olurdum, deyirdim özünü qoru. Onun ən böyük arzusu Qubadlıya getmək idi. Mən Qubadlıya əsgərlərə yardıma, getdim, onunla görüşdüm. Mənə dedi, kaş mən də gedərdim. Dedim, inşallah qələbə qazanandan sonra birgə gedərik. Amma sözlərim ona az təsir etdi. Tutulmuşdu. Dedi, yox, əmi, mənim arzum idi Qubadlını görmək. Oktyabrın 28-də sonuncu dəfə onunla görüşümüz oldu. Dedi, özündən muğayat ol, mən qəhrəman olacam, mənimlə fəxr edəcəksiniz. Ayın 30-da onunla bir də danışdım, dedi, Xocavəndi almışıq. Amma dünənki döyüş çox ağır döyüş oldu, o gün getsin, gəlməsin. Elə həmin günün axşamı döyüş bölgəsindən yaralı çıxanda, qardaşım mənə zəng vurdu, dedi ki, Vüsal şəhid olub. İnana bilmədim. Onun nəşi Füzulidə xəstəxanadaydı. Vüsalın nəşini özüm götürüb apardım məscidə, orda onu yudular, bayrağa bükdülər.
Arzu...
Oktyabrın 1-də cəbhəyə yollanan Vüsal elə soyuq və yağışlı payız günündə Xocavəndə şəhid olur. Xəbəri birinci bilən Vüsalın atası olur. Bəlkə də xəbərin ağırlığından, dəhşətindən Allahverdi bəy qara xəbəri birbaşa həyat yoldaşına verir. Hicran xanım çətinliklə də olsa, o günü yadına salır:
- Həmin gün üzü axşama atası evə gəldi. Əslində təzə gəlib nahar edib getmişdi. Onun qəfil gəlişi bir az məni şübhələndirdi. Otağa girəndə də gördüm nə isə rəngi üstündə deyil. İndi həmin an yadıma düşəndə, öz-özümə düşünürəm ki, yoldaşım insafsızcasına, o xəbəri birbaşa mən necə verdi? O, heç yalandan da olsa demədi də ki, Vüsal yaralanıb. Gözümün içinə baxıb dedi: Vüsal şəhid olub. Dondum qaldım, bilmədim nə cavab verim, nə deyim.
İndi Vüsal mənim gözümün önündən bir dəqiqə də olsun getmir. Rəhmətlik sözünü mən ona yaxın qoya bilmirəm. Mənə ağır gəlir, toxunur kimsə ona rəhmətlik deyəndə. Hərdən güzgüyə baxanda, özümdən utanıram. Düşünürəm ki, Vüsal heç vaxt istəməzdi ki, mən bu günə düşüm. Şəhid olan gündən bir dəfə də olsun mənim yuxuma girmir. Hər gün məzarına gedirəm, ağlayıram, yalvarıram, xahiş edirəm ki, bala, bir dəfə mənim yuxuma girmir. Amma bir dəfə də olsun yuxuma girmir. Bu mənim dəhşətli dərəcədə ürəyimi parçalayır. Məzarlıqda onu tanıyanlarla rastlaşıram. Hamı deyir, mərd, qeyrətli oğul idi.